a74c6d81-de60-45fc-a484-a0162a00d791..jpg

Əliyevin Bolqarıstan səfəri: Təhlükəsizlik sxeminin cızılması – TƏHLİL

Baxış sayı: 908 dəfə baxılıb.

Əliyevin Bolqarıstan səfəri: Təhlükəsizlik sxeminin cızılması – TƏHLİL

Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri Bakı-Sofiya
strateji tərəfdaşlığının təntənəsi elan edilə bilər.

Səfər zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya),
FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma
Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd
ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini
müəyyən edir.

Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya,
Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri
vasitəsilə həyata keçiriləcək.

Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər 2022-ci ilin oktyabrında
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ilə yeni
mərhələyə keçdi.

Bu interkonnektor Avropa İttifaqının Rusiya qazından asılılığını aradan
qaldırmaq narrativləri ilə düz mütənasiblik təşkil edir.

Nəzərə alaq ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır.

Bu xüsusda Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi ilə
Azərbaycan qaz ixracı bazarı Balkan regionunda daha da genişlənir.

Qaz interkonnektoru təkcə enerji layihəsi deyil, bu, regiondakı geosiyasi
oyunları dəyişdirir və təhlükəsizlik üçün bir sıra çağırışlar ortaya qoyur.

Azərbaycan da həmin təhlükəsizlik arxitekturasında yer alır, deməli, rəsmi
Bakının yürütdüyü siyasət onu Avropa məkanında oyunçuya çevirir.

Avropanın bir hissəsi olan, Bolqarıstanın da yerləşdiyi Balkan regionu bu
mənada Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Deməli, Azərbaycanın xarici
siyasətinin vektorlarında Balkan regionu mühüm prioritet istiqamətlərdən birini
təşkil edir.

Məsələnin enerji təhlükəsizliyi ilə yanaşı, böyük strateji məna yükü də
mövcuddur. Balkan regionu Şərqlə Qərb arasındakı bufer zonadır və Azərbaycan
üçün strateji pəncərələr Türkiyənin Balkan regionunda iddialı gündəlik
formalaşdırmaq tezisləri ilə uyğunluğa malikdir.

Çünki Türkiyə son 20 ildə Balkan regionunda diqqətəlayiq aktora çevrilib, indi
Ankaranın regionda sülh, sabitlik, mehriban qonşuluq, həmrəylik üçün atdığı
addımları Azərbaycanın siyasəti dəstəkləyir.

Hərçənd ki, Balkan regionu tarixin qaynar qazanlarından biri olaraq
qalmaqdadır, buranın hansısa bir qığılcımla odlanması Azərbaycan və Türkiyənin
maraqları ilə ziddiyyət təşkil edər.

Lakin iki ölkə regiondakı fəaliyyətini başqa dövlətlərə meydan oxumaq tərzində
istiqamətləndirmir, onlar yalnız Avropanın təhlükəsizlik atmosferindəki
zəhərlərin təmizlənməsinə töhfə verməyi hədəfləyirlər.

Azərbaycanla Bolqarıstan arasındakı münasibətlərə əlavə dəyərlərin
yüklənməsini:

1. Azərbaycanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropa bazarlarında
artan rolu;

2. Türkiyənin regionda güclənən fəaliyyəti;

3. Enerjinin paylanılmasında monopoliya yaratmaq istəyən Rusiyanın Qərblə
kəskinləşən münasibətləri və bunun Cənubi Qafqaza təsirləri fonunda izah etmək
olar.

İlham Əliyevin Bolqarıstana səfəri Cənubi Qafqazdan Balkan regionuna uzanan
təhlükəsizlik zolağında status-kvonu dəyişdirmək cəhdlərinə qarşı sülh
prioritetlərinin yenidən gündəmə gətirilməsidir.

Qərb böyük ölçüdə Azərbaycanın Avropa enerji bazarlarındakı oynadığı rol
səbəbi ilə ona dəstək verir, ancaq regionda geostrateji maraqları təmin etmək
istəyən Çin, Rusiya kimi fərqli oyunçular da mövcuddur.

Bu baxımdan, təhlükəsizlik arxitekturası kövrəkdir, lakin
Azərbaycan-Türkiyə-Qərb üçbucağı probemlərin ərsəyə gəlməməsi üçün xeyli əmək
sərf edəcək.

Aqşin Kərimov

Source link