16b62352-4edb-4d6e-afa3-14d0efb372fb..jpg

Əliyevin Tacikistan səfəri, Nizami Gəncəvi barədə mesaj, “qara qutu”dan çıxan nəticələr – TƏHLİL

Baxış sayı: 801 dəfə baxılıb.

Əliyevin Tacikistan səfəri, Nizami Gəncəvi barədə mesaj, “qara qutu”dan çıxan
nəticələr – TƏHLİL

Prezident İlham Əliyevin Tacikistana səfərinin strateji əhəmiyyətini izah
edərkən iki xüsusa diqqət yetirmək lazımdır.

Birinci növbədə bu, İranın regionda təxribatlar üçün artan fəallığına qarşı
diplomatik-siyasi gedişdir. İran həmişə Tacikistanı özünün böyük ideoloji
arxa-dayağı hesab edib. Çünki Tacikistan İranla eyni dili və etnik mənsubiyyəti
bölüşür və İran bu ölkəni özünün çətiri altında tutmaq istəyir.

Tehran linqvistik cəhətdən yaxın olan Düşənbəni potensial olaraq postsovet
dünyasının bu hissəsində əsas tərəfdaşa çevirəcəyinə inanıb.

İran həm Tacikistanın, həm də Azərbaycanın mədəni irsini mənimsəmək
iddialarını da göstərib.

Prezident Əliyev Tacikistanda həmkarı Emoməli Rəhmonla birgə mətbuat
konfransında bu mövzunu qabartdı.

Əliyevin SİTATI:

“Məhz mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd
etmək istərdim. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb,
dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini,
Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək
istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı
heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu
abidə 1960-cı illərdə Düşənbədə qoyulub.

Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn
Sinanın abidələrini yaradıb. Yəni bunlar çox şeyə dəlalət edir. Tacik xalqının
görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan
nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz
onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş,
yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram
bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı
əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa
sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik”.

Ümumilikdə İran Tacikistanla bağlı yekun hədəfini mütləqləşdirə bilməyib.
Çünki iki ölkənin keçmişdəki mübahisələr konteksti münasibətləri qəlizləşdirib
və köhnə izlər unudulmayıb.

Yeri gəlmişkən, İranla Tacikistan arasındakı münasibətlər sabit olmayıb, hətta
çox zaman düşmən motivlər üst mövqelərə çıxıb.

İran 1990-cı illərdə Tacikistanı cənginə alan vətəndaş müharibəsini
qızışdırıb. Tehran Tacikistandakı İslam İntibah Partiyasına dəstəklər verib və
islam inqilabı ideyalarını bu ölkəyə ixrac etməyə cəhd göstərib.

Tehranın Tacikistandakı iddialı addımları iki ölkənin münasibətlərini hərəkətə
gətirən mühərriki soyutdu, ancaq sonrakı illərdə münasibətlər müsbətə doğru
irəlilədi.

Keçmişi nə Tacikistan, nə də İran unudub, hərçənd ki, bu iddialar heç
birtərəfli də deyil. Yəni İranın da öz növbəsində Tacikistanı ittiham etdiyi
vaxtları olub.

Düşənbə iranlı oliqarx Babək Zəncaninin çirkli yollarla qazandığı pulları
mənimsəməkdə ittiham edilib.

Yəni 1990-cı illərdən davam edən nahamar münasibətlər son bir neçə ildir ki,
səngiyib.

İndi isə İranla Tacikistan arasında münasibətlər yaxşılaşıb, iki ölkə
bir-birinə yaxınlaşıb, ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb,
iqtisadi-siyasi əlaqələri İranın bu ölkədə müdafiə sənayesinin inkişafı üçün
sərmayə yatırması müşayiət edir.

Beynəlxalq tablonun cari xanaları və onların yerdəyişməsinə cəhdlər
Tacikistanın geostrateji əhəmiyyətini artırır və İranın indi burada
möhkəmlənmək cəhdi həm də Mərkəzi Asiya siyasəti ilə bağlıdır.

İlham Əliyevin səfəri və həmkarı Emoməli Rəhmonla görüşü, üstəgəl nəticə kimi
bir çox sənədlərin imzalanması İranın maraqlarının daraldılması istiqamətində
siyasi-diplomatik gediş kimi başa düşülə bilər.

Çünki Mərkəzi Asiya məsələsi Azərbaycanla Türkiyənin qızışan beynəlxalq
rəqabətdə müştərək maraqlarla baxdıqları məkandır. İranın burada “at oynatmaq”
cəhdi həm Bakı-Ankara strateji maraqlarına, həm də Türk Dövlətləri Təşkilatının
dəyərlər sistemi üçün problem yarada bilər.

Azərbaycan buna görə də fəallığını artırır, hətta Prezident İlham Əliyevin
aprelin 10-da Qazaxıstana səfəri gözlənilir.

Əliyevin Tacikistandan sonra Qazaxıstana səfəri Bakının Mərkəzi Asiya üzrə
vizyonunu ortaya qoyduğunun göstəricisidir.

Əliyevin Tacikistan-Qazaxıstan marşrutunu ard-arda səfər kimi seçməsinin başqa
bir önəmi Ermənistanla münasibətlərin ruhuna vurğu etmək üçün fikir verir.

Azərbaycanın Qazaxıstanla münasibətləri Ermənistanı Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı çərçivəsində sarsıdan xarakterə malikdir, Astana bu hərbi
təşkilatda Bakı əleyhinə İrəvanın xeyrinə qərarlar çıxarılmasını əngəlləyib.

Aşağı-yuxarı eyni münasibətlər təşkilatda təmsil olunan Rusiya, Belarus,
Qırğızıstanla da eynilik təşkil edir, lakin Tacikistan məsələsində bir qədər
fərq var. Düzdür, Tacikistan Ermənistana dəstək vermir, lakin Bakı istəyir ki,
Düşənbə bu tutumunda, heç olmasa, sabit qalsın.

Deməli, Əliyev səfəri ilə göstərdi ki, KTMT daxilində Ermənistanın dostu
yoxdur və bu tendensiya Tacikistan tərəfindən də ardıcıl şəkildə göstərilə
bilər.

Gələ biləcəyimiz nəticələri həm İran, həm ikitərəfli münasibətlər, həm də KTMT
prizmasından qabarda bilərik.

YƏNİ:

– Azərbaycan Tacikistanla münasibətləri Mərkəzi Asiyadakı maraqların təmini
yönündə “açar” kimi görür;

– Azərbaycan Tacikistanın İranın caynağına keçməsində maraqlı deyil. Bunun
düsturlarından biri Bakı ilə Düşənbənin ikitərəfli münasibətlərdə yeni
istiqamətlər yaratmasıdır;

– Azərbaycan KTMT daxilində Ermənistanın təklənməsini davamlı və sabit
saxlamaq üçün Tacikistanı öz tərəfinə çəkməkdə davam edəcək.

Aqşin Kərimov

Source link