68c860e0-cc0c-42cc-a6f8-d3091d66383c..jpg

10 Noyabr Bəyanatının müddəaları ilə manipulyasiya etməyə çalışan xarici qüvvələr – ŞƏRH

Baxış sayı: 630 dəfə baxılıb.

10 Noyabr Bəyanatının müddəaları ilə manipulyasiya etməyə çalışan xarici
qüvvələr – ŞƏRH

SSRİ-nin mirası olan Qarabağ münaqişəsini bir sənəd sonlandırdı – söhbət 10
Noyabr Üçtərəfli Bəyanatından gedir. Qarabağ cəbhəsində müharibədə atılan
silahları susduran bu sənəd sonrakı mərhələlərdə mübahisəli məsələlərin
tənzimləyicisi funksiyası kimi baza rolunu oynayır. Ancaq yenə də silahlar işə
düşür və Qarabağı köhnə tablosuna qaytarmaq cəhdləri müşahidə edilir,
Azərbaycan isə hesablamalarla riskləri götür-qoy edərək strateji aktivlərinin
üzərinə yenilərini qoyur. Son məqsəd Qarabağ coğrafiyasının yenidən qanlı
hadisələrə şahidlik etməməsidir.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bunun paralelində Ermənistanla dövlət sərhədinin Şərqi Zəngəzurdan tutmuş,
Qazax, Tovuz, Gədəbəy, Naxçıvan istiqamətlərinə qədər olan böyük zolaqda
davamlı təhlükəsizliyin təmin edilməsi ali məqsəd kimi qarşıda dayanır.

Lakin hər şey fərz edildiyi və göründüyü qədər sadə deyil. Çünki 10 Noyabr
Bəyanatının müddəalarını manipulyasiya etməyə çalışan qüvvələr var. Bu
qüvvələrin bir ucunda Rusiya, digərində Qərb, digər bucağında isə İran dayanır.
Hərçənd ki, Bakı bir çox məsələdə Rusiya və Qərblə (Fransa istisna olmaqla)
saat əqrəblərini tutuşdurur, lakin erməni kartının əldən çıxmaması üçün
əks-hücumlarla da qarşılaşır.

İrandan isə danışmağa dəyməz. Çünki Tehran ümumiyyətlə Qarabağ məsələsinə və
sərhədlərin təhlükəsizliyi məsələsinə real siyasət prinsiplərindən deyil,
fantaziyalarla yanaşır.

Ortaya çıxan regional mənzərə 10 Noyabr Bəyanatının detallarının bir-birinə
ideal şəkildə uyğunlaşdırılmasında çətinliklər yaradır. Əsasən, 4-cü və 9-cu
maddələr üzrə manipulyasiyaların şahə qalxmasını vəziyyətə qatı açılması mümkün
olmayan düyünlər vurmaq ehtirası müşayiət edir.

Azərbaycan ambisiyaların yaratdığı qızışan emosiyaları neytral mövqeyə
qaytarmaq üçün bəyanatın müddəalarını təkbaşına icra etmək çağırışı ilə üz-üzə
qalır.

Azərbaycan məqsədlərində və legitimliyində inamlı, qətiyyətlidir, bu məsələdə
ictimai rəydən gələn sifarişlər də dövlətə dəstək olur. Azərbaycan ictimaiyyəti
dövlətdən 10 Noyabr Bəyanatının icrasını, belə demək mümkündürsə, soruşur və
bunun cavabını Prezidentİlham Əliyev, Ordu verir. İlham Əliyevin 4-cü maddə
üzrə xəbərdarlıqları, bir az açsaq, qanunsuz erməni silahlı dəstələrinin
Qarabağdan çıxarılması üçün bəyanatları bir neçə istiqamətə ötürülən mesajdır.
Yəni hansısa qüvvə 4-cü maddədə təsbit edilən funksiyanı təhrif etməyə
çalışmasın, yoxsa Azərbaycan güc tətbiq etməklə məsələyə son qoyacaq.

İlham Əliyevin bəyanatlarında 9-cu maddə ilə bağlı istiqamətlər, yəni Zəngəzur
dəhlizinin açılmasını özündə ehtiva edən çərçivələrin çəkilməsi də özünəməxsus
yer tutur. Hansısa dairə bu xəbərdarlıqlara texniki məsələ kimi baxanda isə
ordu dövriyyəyə girir və maddələrin icrasını yerinə yetirir.

Bu səbəbdəndir ki, Azərbaycan Ordusu martın 25-dən bu yana Qarabağ İqtisadi
Rayonunda və Şərqi Zəngəzur bölgəsində geniş sahəni əhatə edən yüksəklikləri,
Ermənistanın Rusiya sülhməramlılarının köməyi ilə silah-sursat daşıdığı
dağ-dərə yollarını da nəzarətə götürdü. Beləliklə, 10 noyabrda imzalanan
sənədin mötəbərliyini şübhə altına alan Ermənistanın özü burulğanın mərkəzinə
doğru itələnərək Azərbaycanın hərb maşının təkərləri altında inildəyir.

Azərbaycan-Rusiya, Bakı-Qərb təmasları isə diplomatik-siyasi hesablamaları
tutuşdura bilir – hər nə qədər mübahisəli mövzular olsa da! Burada yeganə qara
nöqtə Fransa və onun məxfi şəkildə əməkdaşlıqda olduğu İrandır. İran və Fransa
Azərbaycanın regional siyasətini, qlobal platformalarla münasibətlərinin
hekayəsini müəyyən etməsinə əngəllər yaratmaq istəyir. Buna görə də Azərbaycan
regional gərginlik üçün ocaq qalayan tərəfləri geri oturtmaq üçün qılıncını
gücləndirmək məcburiyyətindədir. Yaxşı olar ki, həm Qərb, həm Rusiya, həm İran
Azərbaycanın qırmızı xətləri ilə bağlı mövqeyini qulaqlarını dörd açaraq
dinləsin və regionda dağıdıcı əməllərə rəvac verənlərin kim olduğunu təsbit
etsin.

Ermənistandan yayılan təhdid və buna qucaq açan Fransanın, İranın ardıcıl
hədə-qorxuları bir nəticə verməyib, necə deyərlər, çax-çax baş ağrıdır,
dəyirman öz işindədir.

Lakin Azərbaycan xarici siyasət cəbhəsində ağır artilleriyasını işə saldıqca
və bunu 10 Noyabr Bəyanatının icrası üçün yeni dəstəkləyici mexanizm
axtarışlarına köklədikcə, təxribatlarla da üzləşəcək.

Bəyanatın 3-cü ilində bir sıra nəticələr Azərbaycanın addımları ilə əldə
olunub, bunun davam etməsi isə kimlər üçünsə qəbuledilməzdir. Buna görə də
Azərbaycan regionda yeni öhdəliklər və vəzifələr yaratmaq istəyən dairələrə
imkan verməməli və gurultulu bəyanatlara adekvat cavablar hazırlamalıdır.

Source link