6c4b47e7-8caf-4d98-8864-e9b056513d72..jpg

20 ilin sosial-iqtisadi inqilabı – dəyişən rəqəmlər inkişafın bariz sübutudur – FOTO

Baxış sayı: 722 dəfə baxılıb.

20 ilin sosial-iqtisadi inqilabı – dəyişən rəqəmlər inkişafın bariz sübutudur
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün
imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların
intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən
gələcəyin üfüqləri”

İlham Əliyev

Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin
təhlükəsizliyidir. Elə ən yaxın tarixdə baş verən ikinci Qarabağ müharibəsində
bunun bir daha şahidi olduq. Bu qələbənin təminatı olan güclü iqtisadiyyatın
əsası hələ illər əvvəl Heydər Əliyev tərəfindən qoyuldu. Daha sonra bu siyasəti
uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü
dövləti səviyyəsinə yüksəltdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli
maraqlara uyğun siyasət aparmasının təminatçısıdır. Ölkəmiz regionda bütün
qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və
iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına
atılan addımlarla inkişafı deməkdir. Bu siyasəti aparan isə Azərbaycan
Prezidenti İlham Əliyevdir.

“Report” Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın
keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salır.

20 ildə qazanılan iqtisadi uğurlar hesabına ölkəmiz bütün sahələrdə inkişaf
yolunu tutub

Ötən 20 il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi
dəyərləndirilməlidir. Qazanılan iqtisadi uğurlar, əldə edilən nailiyyətlər
hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub. Bu dövrdə həyata
keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq
görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard
manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. 2023-cü ilin
gözləntilərinə görə 2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı
proqnozlaşdırılır. Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM
nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü
ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Bu
ilin sonuna nisbətən isə 20 ildə artım 17,6 dəfə təşkil edəcəyi gözlənilir.
Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə,
2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı gözlənilir. 20 il əvvəl
regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına
başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına
sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da
təxminən 41 dəfə artım deməkdir. Həmçinin Azərbaycan Mərkəzi Bankının valyuta
ehtiyatları bu il 2003-cü ildəki 757 milyon ABŞ dollarından 9,2 milyard ABŞ
dollarına qədər artıb. Neft Fondunun aktivləri isə 820 milyon ABŞ dollarından
55 milyard ABŞ dollarına çatıb. Neft Fondunun vəsaitlərinin artımı ölkə
iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün şərait yaradıb.
Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard ABŞ dolları idisə, 2022-ci ildə
investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 29,135
milyard manata çatıb ki, bunun da 14,9 milyard manatını (8,8 milyard ABŞ
dolları) xarici investisiyalar təşkil edib. 20 il ərzində investisiyaların
ümumi həcmi 300 milyard ABŞ dolları təşkil edib. Ölkəmizin xarici ticarət
dövriyyəsi 2003-cü ildə 5,2 milyard ABŞ dolları, 2022-cü ildə isə 56 milyard
212 milyon ABŞ dolları olub. Azərbaycanın ixracı 2,6 milyard ABŞ dolları
səviyyəsindən 41,7 milyard ABŞ dollarına (2023-cü ildə) yüksəlib. 2022-ci ildə
qeyri neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək
artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard ABŞ dollarını ötüb.

Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq
azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 % olduğu halda,
2022-ci ildə 9,5 % təşkil edib. Bütün bunlar Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi
mənzərəsini əks etdirir. Ölkə başçısının strateji inkişaf kursunun uğuru
nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna
daxil olub.

Qarabağın azad olunmasında və bərpasında dayanıqlı iqtisadiyyat dayanır

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin təminatında
əldə olunan iqtisadi uğurlarımızın xüsusi rolunu qeyd etməmək mümkün deyil. Biz
Prezident İlham Əliyevin rəhbərliyə ilə döyüşə yalnız siyasət, informasiya,
ordu quruculuğundakı uğurlara əminliklə deyil, eyni zamanda ölkə
iqtisadiyyatına arxalanaraq başladıq. Sözsüz ki, ordu quruculuğunun da bu qədər
mükəmməl təşkilində iqtisadi əsaslar dayanır. Ən müasir silahların alışı,
peşəkar ordunun hazırlanması güclü iqtisadiyyatı olan ölkələrə xasdır. Müqayisə
apardıqda da görərik ki, Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150
milyon ABŞ dollarına bərabər idisə, 2023-cü il dövlət büdcəsində müdafiə
qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərcləri
5,3 milyard manat məbləğində nəzərdə tutulub və gələn il bir qədər (6 %) də
artacaq. 2020-ci ilin oktyabrın 26-da Prezident İlham Əliyevin xalqa
müraciətində səsləndirdiyi bu fikirlər də bu məqamda yerinə düşər: “İndi bir
daha sual verirəm. Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər
verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər,
politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var,
hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər
kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində
olan, müflisləşən ölkə haradan alıbdır?”

Bəli, Azərbaycan iqtisadiyyatı güclüdür və bu, bizə daim diktə edən tərəf
olmaq imkanını verir.

Qarabağın azad olunması ilə, hətta müharibənin gedişi zamanı başlayan
quruculuq, bərpa işləri də davamlı iqtisadiyyat sahəsində mümkün oldu. Təkcə bu
ilin birinci yarısında Qarabağa dövlət büdcəsindən 1,9 milyard manatdan çox
vəsait xərclənib. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə
Azərbaycan büdcəsindən indiyədək 7 milyard ABŞ dolları həcmində vəsait sərf
edilib. Növbəti il üçün planlaşdırılan minimum xərclər isə 2,4 milyard ABŞ
dolları olacaq. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma
işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün
ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması
nəzərdə tutulub. Hazırda Qarabağda sürətli bərpa və yenidənqurma işləri həyata
keçirilir. Yaşayış binaları, iaşə obyektləri, hava limanları tikilir, yollar
çəkilir, kommunikasiya xətləri quru qurulur, bir sözlə bu yerlərə həyat qayıdır.

Enerji layihələri iqtisadi inkişafımızı sürətləndirir, respublikamızın
beynəlxalq aləmdəki mövqeyini gücləndirir

Prezident İlham Əliyevin qətiyyəti və siyasi-diplomatik uzaqgörənliyi ilə
reallaşan enerji layihələri bu gün Azərbaycanın həm iqtisadi inkişafını
sürətləndirir, həm də respublikamızı qlobal mövqelərdə əhəmiyyətli dərəcədə
yüksəldir. Ulu Öndər Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən
Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün respublikamızın inkişafına,
xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət edir. Dövlətimizin
başçısının siyasi iradəsi ilə ərsəyə gələn “Cənub Qaz Dəhlizi” Azərbaycanın
qlobal enerji bazarlarındakı və beynəlxalq münasibətlər sistemindəki yerini
daha da möhkəmləndirib, ölkəmizi qlobal miqyasda söz sahibinə çevirib.
Rusiya-Ukrayna müharibəsi nəticəsində yeni çağırışlarla üzləşən Şərqi Avropa
ölkələri bu gün məhz Azərbaycan qazı ilə təmin olunurlar.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və ortaya qoyduğu siyasi iradə
nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni iqtisadiyyatımızın
təməli sayarsaq, 23 il sonra – 2017-ci il sentyabrın 14-də düzəliş edilmiş və
yenidən tərtib olunmuş Sazişin imzalanmasını iqtisadiyyatın yeni dayanıqlı
mərhələsi adlandırmaq olar.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə
keçirilən imzalanma mərasimi ölkəmizin həyatında çox əlamətdar və tarixi bir
gün kimi yadda qaldı, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının
işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük
əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci
ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq
ki, 1994-cü ildə imzalanmış Saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu
dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin “Yeni Əsrin
müqaviləsi” adlandırılması da təsadüfi deyil. Dövlətimizin başçısının “Biz
1994-cü ildə xarici şirkətlərlə “Əsrin müqaviləsi”ni imzaladıq və bu müqavilədə
bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq
lazımdır, onu səhv bir addımla itirmək olar” fikri ölkəmizin iqtisadi gücünü,
aparılan uğurlu siyasətin nəticəsini təcəssüm etdirir.

Həqiqətən Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının
genişləndirilməsində bu müqavilənin çox böyük əhəmiyyəti var.

Yerli məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın yüzlərlə ölkəsinə
ixrac edilir

Prezident İlham Əliyevin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri
regionların inkişafıdır ki, bu da təsadüfi deyil. Davamlılığın və mühüm
makroiqtisadi nəticələrin əldə olunması, eyni zamanda regionların inkişaf
etdirilməsindən ibarətdir. Dövlətimizin başçısı regionların inkişafı ilə bağlı
əsas istiqamətləri dəfələrlə qeyd edib və ötən 20 ilin yekunları göstərir ki,
bu istiqamətlər dövlət proqramlarının icrası ilə uğurla həyata keçirilib. Belə
ki, 2003-cü ildə əkin sahələri 1,22 milyon hektar təşkil edirdisə, bu rəqəm
2022-ci ildə 1,62 milyon hektar olub. Həmçinin 2003-cü ildə kənd təsərrüfatında
istehsalın dəyəri 1 milyard 450,5 milyon manat olubsa, 2022-də bu göstərici 10
milyard 984,2 milyon manata çatıb.

Aqrar sahəyə dövlət himayəsi Prezident İlham Əliyevin 20 illik hakimiyyəti
dövründə daha da genişlənib.

“Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu,
bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm
meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay,
sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii
imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd
təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa
etməklə daha da böyük potensial yaradacağıq. Bir daha deyirəm ki, biz bu sahəni
bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik”, – deyən
Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran
bir çox qanunlar qəbul etməsi, çoxsaylı fərmanlar imzalaması və dövlət
proqramlarını təsdiq etməsi nəticəsində bu gün Azərbaycan istehsalı olan
məhsullar “Made in Azerbaijan” brendi adı altında Çindən Amerikaya qədər
dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2003-cü ildə ixrac olunan kənd
təsərrüfatı və emal məhsullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü
ildə 912,4 milyon ABŞ dollarına yüksəlməsi, dövlət büdcəmizdə neft gəlirlərinin
artıq qeyri-neft gəlirləri ilə əvəzlənməsi bu istiqamətdə həyata keçirilən
siyasətin səmərəsidir.

Əhalimizin etibarlı ərzaq təminatı iqtisadi siyasətimizin əsas
istiqamətlərindən olmaqla xalqın sosial rifahının yaxşılaşdırılmasına
hesablanıb. Azərbaycanda taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə
artaraq 2022-ci ildə 3 milyon 112,1 min ton olub. Aqrar sahədə əldə olunan bu
və digər nailiyyətlər uğurla reallaşan iqtisadi islahatların, ölkədə azad
sahibkarlıq mühitinin yaradılmasının, dövlət proqramları ilə qarşıya qoyulmuş
vəzifələrin icrasının nəticəsidir.

İKT-nin inkişafı üçün görülən işlərin nəticəsi 20 illik dövrü yox, həmçinin
gələcək illəri də əhatə edir

20 illik fəaliyyətdə xüsusi yerə sahib olan uğurlardan biri də informasiya və
kommunikasiya texnologiyaları (İKT) sahəsində qazanılan nailiyyətlərdir.
Ölkəmizin beynəlxalq kosmik ailənin üzvü olmasını Azərbaycanın növbəti tarixi
uğurlarından hesab edə bilərik. Artıq fəzada müstəqil dövlətimizin peykləri
uçur və biz öz kosmik xidmətlərimizi dünyaya ixrac edirik. Azərbaycanın yarım
əsrdən sonra Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi, bu sahənin
daim dövlətimizin diqqətində olduğunu göstərir.

Prezident İlham Əliyevin ”Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye,
müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun
müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim
gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”
fikirləri bu sahədə qarşıya qoyulan məqsədləri daha aydın ifadə edir.

Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar artıq ölkə sərhədini keçib.
İndi bütün sahələrdə müasir rəqəmsal texnologiyalardan istifadə olunur, yeni
metodlar tətbiq edilir və bu da iqtisadiyyatın inkişafını sürətləndirir.
Ölkəmiz 2003-cü ildə rabitə və İKT-də 93,2 milyon manat gəlir əldə edibsə,
2022-ci ildə bu rəqəm 1 milyard 301,7 milyon manat olub. Avtomatik telefon
stansiyalarının sayı 1151-dən (2003-cü ildə) 2064-ə (2022-ci ildə) çatıb. Mobil
rabitədə abonentlərin sayı 2003-də 1 milyon, 2023-də 11 milyon təşkil edib.

Demək olar ki, artıq Azərbaycanın bütün nöqtələrində internet əlçatanlığı
təmin olunub, insanlar sürətli internet çıxışı əldə edib. Artıq Azərbaycan
əhalisinin 85 % internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 % idi.
İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa,
2022-ci ildə 8,3 milyon nəfərə çatıb. 2023-cü ilin mart ayında ölkəmiz
“Speedtest” Qlobal İndeksində mobil internetin sürətinə görə dünyanın 140
ölkəsi arasında 54-cü yerdə qərarlaşması da təsadüfi deyil. Eyni zamanda
2022-ci ilin sonuna Ümumdünya Şəbəkə üzrə qlobal göstərici təxminən 65 %-ə
çatıb.

Azərbaycanda İKT sahəsinin inkişafı üçün görülən işlər təkcə ötən 20 illik
dövrü yox, həmçinin gələcək illəri də əhatə edir. Gənclərin startaplara cəlb
olunması, bütün sahələrdə rəqəmsallaşmaya keçid, sosial-iqtisadi inkişafa dair
müəyyən edilən beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanının yaradılmasının yer alması bunun sübutudur.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm də kəsişdiyi
bir məkana çevrilib

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr sırasında
nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin son 20 ilin ən böyük iqtisadi, həm də siyasi
uğurlarından biri Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi,
həm kəsişdiyi bir məkana çevrilməsidir. Ötən 20 ildə Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması,
avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və
bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının salınması,
Ələt Azad İqtisadi Zonasının yaradılması buna bariz nümunədir. Azərbaycanın bu
sahədə də uğurları statistik göstəricilərdə öz əksini tapıb. Belə ki, 2003-cü
ildə ölkəmizdən 110 milyon ton həcmində yük daşınıbsa, 2022-ci ildə bu rəqəm
218,7 milyon ton olub. Müqayisə olunan dövrdə yükdaşımadan 360 milyon manatlıq,
2022-ci ildə isə 8 milyard 634 milyon manatlıq gəlir əldə edilib.
Sərnişindaşımaya gəldikdə, 2003-cü ildə 921 milyon nəfər, 2022-ci ildə 1,6
milyard nəfər daşınıb.

Ümumilikdə, bu sahədə görülən işləri, həyata keçirilən layihələri Çin dövləti
də diqqətlə izləyir və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində
Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə böyük diqqət ayırır.

Ölkəmizin nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində əsas
işlərdən biri infrastrukturun qurulmasıdır ki, son 20 ildə bu sahədə də
uğurlara imza atılıb. 2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə
yaxın avtomobil yolu tikilib və ya təmir edilib. Həmçinin qeyd etməyə dəyər
statistik göstəricilərdən biri də avtomobillərin sayıdır. 2003-cü ildə
Azərbaycanda 512 min ədəd avtomobil vardısa, 2022-cü ildə 1 milyon 420 minə
çatıb. 2004-cü ildə hər 100 ailədən 24-də, 2022-də isə 58 avtomobil olub.

Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad
edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir
yolu çəkir. Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas
hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının
açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış
olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Dövlətimizin başçısı Qarabağ
münaqişəsinin həllinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin
inkişafı üçün yeni imkanlar yaratdığını bildirib: “Zəngəzur dəhlizi açıldıqdan
sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut
boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.

Azərbaycan turistlərin sevimli məkanına çevrilir

Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı mühüm sahələrdən biri artıq
iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilən turizmdir.

“Turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların
ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki,
Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif
addımlar atırıq”, – deyən Prezident İlham Əliyevin bu istiqamətdə qarşıya
qoyduğu hədəfləri həyata keçirmək üçün ölkəmizin hər bir rayonlarında turizm
infrastrukturları yaradılır, dünyanın bir çox ölkələrindən turistlər cəlb
edilir. Son 20 ildə Azərbaycanın turizm sahəsində böyük uğurlar əldə edib.
Ölkəmizdə 2003-cü ildə hotel və digər turizm obyektlərinin sayı 96 idisə,
2022-ci ildə bu rəqəm 727-yə çatıb. Həmçinin 2003-cü ildə turizmin ÜDM-dəki
payı 1 % olduğu halda, pandemiyadan əvvəlki dövrdə – 2019-cu ildə bu göstərici
2,4 % təşkil edib. 20 il ərzində turizm sektorunda əlavə dəyər 19 dəfəyədək
artıb.

Azərbaycana turist axının təmini üçün görülən işlərə sadələşdirilmiş viza
prosedurunun həyata keçirilməsini də qeyd etmək olar. 20 il əvvəl Azərbaycana
gələn turistlərin sayı 12 min 205 nəfər olduğu halda, 2022-ci ildə bu rəqəm 1
milyon 602 min 300 nəfər təşkil edib.

Qarabağın işğaldan azad olunması ilə Azərbaycan turizmində yeni mərhələ
başlayıb. Bu istiqamətdə də layihələr hazırlanır, icrası məqsədilə tədbirlər
görülür. Turizmin inkişaf potensialının üzə çıxarılması və həyata keçirilməsi
dövlətin dəstəyi olmadan mümkün deyil. Dövlətimizin başçısı məhz bu potensialın
üzə çıxarılması, ölkəmizin mədəniyyətinin, gözəlliklərinin, xalqımızın
qonaqpərvərliyinin dünyaya çatdırılması üçün hədəflər müəyyənləşdirir, mühüm
tapşırıqlar verir.

Uğurlu sosial siyasət xalqın rifahını daha da yüksəldir

Ötən 20 ildə Prezident İlham Əliyevin siyasətində xalqın sosial rifahının
xüsusi yer tutduğu açıq şəkildə özünü göstərib. Bu dövrdə həyata keçirilən
sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması
dayanıb.

Prezident İlham Əliyevin “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər
bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar,
müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda
işləsinlər və insanlarımız da sağlam olsunlar” fikrində də xalqın rifahının hər
şeydən üstün tutulduğu aydın görünür.

Ötən 20 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü
tədbirlər əhalinin sosial rifahının dayanıqlı olmasını təmin edib. 2003-cü ildə
dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6
milyard manat yönəldilib. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi
olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildə 77,4 manat idisə, indi bu rəqəm 900
manatdan artıqdır. Qeyd edilən dövrdə minimum əməkhaqqı 9 manat idisə, 2023-cü
ildə bu, 345 manat təşkil edib. 20 ildə orta aylıq pensiya 25 manatdan 423
manata, minimum pensiya isə 20 manatdan 280 manata çatıb. Araşdırmalara əsasən,
minimum və orta aylıq pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti (AQP) üzrə MDB
ölkələri, Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan birinci və ikinci yeri
tutur. Görülən işlər nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 2003-cü ildə
44,7 % təşkil edirdisə, 2022-ci ildə 5,5 %-ə qədər azalıb. Əhalinin
sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli
məşğulluğunun təmin edilməsi və digər istiqamətlərdə sistemli tədbirlər bu gün
də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır.
Bu illər ərzində 2 milyondan artıq yeni iş yerinin yaradılması sosial siyasətin
ən böyük uğurlarındandır. Bunun nəticəsidir ki, əhalinin orta hesabla
adambaşına düşən gəlirləri 2003-cü ildəki 707,7 manatdan 6845 manata (2022-ci
il üzrə) qədər yüksəlib. Artan gəlirləri əhalinin bank sektoruna qoyduğu
əmanətlərin həcmində də görmək mümkündür. Bu əmanətlər son 20 ildə 252 milyon
manatdan 11,7 milyard manata çatıb. Ötən 20 ildə 3 200-dən çox məktəb
binasının, 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir
edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman
qurğularının inşası xalqa qayğının göstəricisidir.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsi, o cümlədən əlillər,
müharibə veteranları, aztəminatlı vətəndaşlar da bu illər ərzində daim diqqət
mərkəzində olub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə
14 mindən artıq mənzil və fərdi ev verilib. “Məşğulluğa Dəstək Layihəsi”
ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların
kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rol oynayıb. Azərbaycanda həyata
keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də müxtəlif dövlət
xidmətlərindən istifadənin təmin edilməsi, vətəndaş-məmur münasibətlərində
şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2019-cu ilin may ayından Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi (Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyi) fəaliyyətə başladı. İndiyədək 7 DOST mərkəzi
yaradılıb, 2025-ci ilədək mərkəzlərin sayının 17-yə çatdırılması, 55 DOST
filialının açılması və bununla da bütün ölkə üzrə xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi nəzərdə tutulur.

DOST mərkəzləri vasitəsilə tam şəffaflıq, vətəndaş məmnunluğu və “bir pəncərə”
prinsipi əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələri də daxil
olmaqla 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu mərkəzlər indiyədək 1,8
milyon nəfərə xidmət göstərib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi
isə 98,2 % təşkil edib. Bütövlükdə, Azərbaycanın iqtisadiyyatın bütün
sahələrindəki inkişaf perspektivləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
hədəflər sayəsində aydın və çoxşaxəlidir. Bu isə Azərbaycanın öz iqtisadi
potensialından, idarəetmə resurslarından səmərəli istifadə etməklə yaxın, orta
və uzunmüddətli perspektivdə dayanıqlı inkişafını qoruyacağını deməyə əsas
verir.

Report İnformasiya Agentliyi

Source link