3438aff8-8beb-4f16-aa1f-48f5c2e15294..jpg

Abdusamat Muminov: “Özbəkistan Zəngəzur dəhlizi layihəsinin uğur qazanacağına inanır” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 679 dəfə baxılıb.

Abdusamat Muminov: “Özbəkistan Zəngəzur dəhlizi layihəsinin uğur qazanacağına
inanır” – MÜSAHİBƏ + FOTO

Azərbaycan və Özbəkistan son illər ikitərəfli əməkdaşlığı genişləndirir və
çoxtərəfli platformalarda bir-birini fəal dəstəkləyir. Sıx əməkdaşlıq xüsusilə
nəqliyyat və logistika sahəsində özünü göstərir.

Özbəkistanlı ekspert (müsahibə alınan zaman nəqliyyat nazirinin müavini
vəzifəsini daşıyıb – red.) Abdusamat Muminov “Report”a müsahibəsində birgə
layihələrin həyata keçirilməsindən və gələcək planlardan danışıb.

– Özbəkistan Bakı limanında öz anbar infrastrukturunu yaratmaq niyyətindədir.
Bu layihə haqqında, onun həyata keçirilməsinin mümkün müddətləri, həmçinin
Özbəkistanın Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirməyi
planlaşdırdığı digər nəqliyyat-logistika layihələri haqqında bizə daha ətraflı
məlumat verərdiniz.

– Azərbaycanla Özbəkistan arasında bu gün həm siyasi, həm iqtisadi sahədə,
xüsusən də nəqliyyat-logistika sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Hər
iki ölkədə yaradılmış işçi qrupları fəal şəkildə fəaliyyət göstərirlər. Onlar
Orta Dəhliz üzrə ikitərəfli və tranzit yükdaşımaların artırılması imkanlarını
öyrənirlər.

Qeyd edək ki, 2022-ci ildə Bakı limanı vasitəsilə Özbəkistandan ixrac-idxal
yüklərinin daşınmasının həcmi 904 min ton təşkil edib və bu da 2021-ci illə
müqayisədə 65% çoxdur. Ərzaq yüklərinin, o cümlədən şəkərin, mineral gübrələrin
və konteynerlərin daşınma həcmləri nəzərəçarpacaq dərəcədə artıb.

Özbəkistanlı sahibkarlar Bakı limanının ərazisindəki anbar infrastrukturuna
çıxışda maraqlıdırlar. İdxalçılarımız Bakı limanı ilə əməkdaşlıqda maraqlıdır
və ya mineral gübrə terminalını uzunmüddətli icarəyə götürməyi, ya da onun
yaradılmasına sərmayə qoymağı hədəfləyirlər. İndi bu məsələ öyrənilir və
texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində iş aparılır.

Orta dəhliz üzrə daşımaların inkişafı üçün layihədə iştirak edən ölkələr
əlverişli şərait yaradır, o cümlədən yüklərin daşınması üçün sərfəli tariflər
təklif edirlər. Orta Dəhliz üzrə yüklərin daşınması şərtlərinin daha da
yaxşılaşdırılması və ənənəvi nəqliyyat dəhlizlərinə münasibətdə nəqliyyat
xərclərinin optimallaşdırılması istiqamətində birgə işlər aparılır.

– Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolunun multimodal nəqliyyat marşrutu
(CASCA+) üzrə yük axınının artırılması üçün hansı işlər görülür? İlin
əvvəlindən bu marşrut üzrə yükdaşımaların dinamikası necə dəyişib? Bu marşrutun
daha da inkişafı üçün hansı ölkələri cəlb etmək olar?

– CASCA+ layihəsində Özbəkistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Qırğızıstan
və Türkmənistan iştirak edirlər. Bu nəqliyyat marşrutu ilə həm iştirakçı
ölkələr arasında, həm də Çindən Avropaya və əksinə məhsulların daşınması həyata
keçirilir.

Layihədə iştirak edən ölkələr arasında güzəştli tariflərin verilməsinə dair
razılaşma mövcuddur. Bu isə Özbəkistana yüklərin Türkiyə və Avropa İttifaqı
ölkələrinə konteynerlərdə daşınmasını artırmağa imkan verir. Ümumiyyətlə,
ixracatçılar və idxalçılar Orta Dəhliz üzrə yüklərin daşınmasının təşkilində
maraqlıdırlar.

Yaxın vaxtlarda CASCA+ iştirakçı ölkələrinin, həmçinin Çinin dəmir yolu
qurumlarının rəhbərlərinin iştirakı ilə danışıqların aparılması gözlənilir.
Əgər biz Çindən yükdaşımalar üçün güzəştli tariflər əldə etməyə nail olsaq,
CASCA+ və Orta Dəhliz üzrə də yükdaşımalarda əhəmiyyətli artım gözləmək olar.

Qeyd edək ki, Özbəkistan alternativ marşrutların yaradılmasını dəstəkləyir və
bu kontekstdə Zəngəzur dəhlizi Azərbaycanı əlavə yük axını ilə təmin edəcək.
Biz bu layihənin uğur qazanacağına, onun sürətlə həyata keçiriləcəyinə
inanırıq, çünki Azərbaycanda bunun üçün həm maliyyə, həm də insan resursları
var.

– “Bir kəmər, bir yol” təşəbbüsündə Özbəkistanın rolu nədir? Sizcə, bu
təşəbbüs çərçivəsində Azərbaycanla Özbəkistan arasında hansı əməkdaşlıq formatı
qurula bilər?

– Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin texniki-iqtisadi
əsaslandırması artıq hazırlanıb. Bu ilin mayında Sian şəhərində dəmir yolu
inşası layihəsinin həyata keçirilməsi üçün gələcək addımların nəzərdə tutulduğu
üçtərəfli sənəd imzalanıb.

Sənəd bu təşəbbüsün həyata keçirilməsini sürətləndirəcək. Qeyd etmək istərdim
ki, ilkin hesablamalara görə, bu layihə yükdaşımaların ildə 12-15 milyon ton
artmasına, o cümlədən Şərqi Asiyadan Yaxın Şərq və Cənubi Avropa ölkələrinə
olan məsafənin təxminən 900 kilometr, səyahət müddətinin isə 7-8 gün azalmasına
səbəb olacaq.

Maliyyələşdirməyə gəlincə, biz ya beynəlxalq maliyyə institutlarına, ya da
birbaşa Çin tərəfinə müraciət etmək niyyətindəyik. Düşünürük ki, bütün bu
məsələlər öz həllini taparsa, dəmir yolunun tikintisi təxminən üç il davam
edəcək.

Source link