1b739ffe-921a-42fa-b11e-bf89e63f1dcb..jpg

Açıq-saçıq səhnələr aktrisa olmağına mane oldu – Fatimə İbrahimbəyova haqqında maraqlı faktlar – FOTO

Baxış sayı: 845 dəfə baxılıb.

Açıq-saçıq səhnələr aktrisa olmağına mane oldu – Fatimə İbrahimbəyova haqqında
maraqlı faktlar – FOTO

Kulis.az rejissor, aktrisa Fatimə İbrahimbəyova haqqında maraqlı faktları
təqdim edir.

Fatimə İbrahimbəyova 1974-cü ildə nasir, dramaturq, ssenarist, prodüser və
kinorejissor Rüstəm İbrahimbəyovun və rusəsilli aktrisa Lyudmila Duxovnayanın
ailəsində dünyaya gəlib.

Bir müddət sonra Fatimənin valideynləri ayrılmaq qərarı veriblər. Anası ilə
birlikdə yaşamağa başlayan Fatimə həmin günləri müsahibələrinin birində belə
xatırlayıb:

”18 yaşına qədər Bakıda böyümüşəm. Hərdən atamla anamın bir yerdə olmamasının
səbəbləri barədə düşünürdüm. Amma atam o qədər səfərlərdə olurdu ki, mən bu
vəziyyətə öyrəşmişdim. Bakıda olanda həmişə evdə bizimlə olurdu. Bir ailəsi
Moskvada idi, bir ailəsi də Bakıda. Buna görə atam Moskvada olanda bu, mənim
üçün onun işlədiyi və deməli, məşğul olduğu demək idi. Bakıda olanda isə o,
evdə idi. Və mən uzun müddət bu barədə fikirləşmirdim. Mənim elə coşqun
uşaqlığım keçib, o qədər işlərim olurdu ki, bu barədə fikirləşməyə vaxt
olmurdu. Təbii ki, onun üçün darıxırdım. Lakin o, həmişə iki şəhərdə yaşayırdı.
Hələ də belə yaşamağa davam edir. Əlbəttə, yaşım artdıqca bəzən atamla birlikdə
az vaxt keçirdiyim barədə fikirlər yaranırdı. Lakin atam mənim üçün sanki bir
ilahi idi”.

Uşaqlığı teatr və kino mühitində keçən Fatimənin dostları çox olub. Hələ
məktəbdə oxuyanda məhəllə və məktəb dostlarını tez-tez evlərinə qonaq çağırıb.
Bəzən bu qonaqların sayı o qədər çox olub ki, hətta Fatimənin anası teatrdan
evə gələndə, deyib:

“İlahi, Fatimə sən yenə bütün həyəti evə yığmısan. Mən heç vaxt evə gəlib
rahatlana, sakitlik tapa bilməyəcəyəm?”

Fatimə məktəb illərində həmişə dərsdən çıxıb anasının işlədiyi Rus Dram
Teatrına gedib. Günlərin birində teatrın direktoru Qəzənfər Topçuyev
aktyorların uşaqlarının teatra gəlməsini qadağan edib. Fatimə növbəti gün
dərsdən çıxıb teatra gələndə, qapıçı ona geri qaytarıb, tapşırığın direktor
tərəfindən qoyulduğunu bildirib. Çox pis inciyən Fatimə evlərinə gedib. Aradan
bir müddət keçəndən sonra o, anası ilə parkda gəzərkən teatrın direktoru ilə
rastlaşıb və onunla salamlaşmayıb. Qəzənfər müəllim bunun səbəbini soruşanda,
Fatimə deyib ki, “siz məni teatra anamın yanına buraxmamısınız”. Həmin gündən
sonra Qəzənfər müəllim ancaq Fatiməyə teatra girmək icazəsi verib.

Fatimə 6-cı sinfə qədər Bülbül adına musiqi məktəbində oxuduqdan sonra, orta
məktəb təhsilini 189 nömrəli məktəbdə davam etdirməyə başlayıb. Məktəbi başa
vurub sənədlərini Xarici Dillər İnstitutuna verib və qəbul olunub.

Sonrakı illərdə o, teatr və kino sahəsinə meyillənib. Aktrisa olmağı qərara
alan Fatimə sənədlərini “VQİK”ə verməyi planlaşdırıb. Ancaq ata və anası onun
heç vaxt aktrisa olmağını istəməyiblər. Buna baxmayaraq, Fatimə artıq on altı
yaşında ilk filmə çəkilib.

Moskvaya gedib sənədlərini “VQİK”ə verən Fatiməyə atası və onun dostu rejissor
Nikita Mixalkov məsləhət görüblər ki, o, sənədlərini aktrisalığa yox,
rejissorluğa versin. Hətta Mixalkov ona deyib ki, sən rejissorluğa daxil olsan,
həm film çəkəcəksən, həm də aktrisa kimi iştirak edəcəksən. Amma aktrisa olsan,
rejissor olmaq üçün yenidən təhsil almağın lazım gələcək. Beləliklə, onları
dinləyən Fatimə rejissorluq fakültəsini seçib. Amma tələbəliyin ilk illərindən
kinolara çəkilmək üçün çoxlu dəvət alıb.

Fatimə İbrahimbəyova üç filmə çəkilib: “Cəhd edən adam” (Azərbaycan, 1998),
“Etimad telefonu” (Rusiya-Azərbaycan, 2001), “Kabusun gözləri ilə”
(Azərbaycan-Fransa, 2011). O, həm də bir qısametrajlı filmin müəllifidir.

VGİK-də oxuduğu illərdə Fatimə Moskva İncəsənət Teatr Məktəbinin istehsalat
şöbəsində oxuyan Maks adlı oğlanla tanış olub. Onda Fatimənin 18 yaşı yenicə
tamam olub. İnstitutun dördüncü kursunda onlar evləniblər. Beşinci kursda isə
Fatimə artıq hamilə olub və analıq məzuniyyətinə çıxıb. 2019-cu ildə müxbirin –
“20 ildir evlisiniz, hələ də bir-birinizi sevirsiniz?”, – sualına aktrisa belə
cavab verib:

“Şübhəsiz ki, biz hələ də aşiqik. Bu, bir faktdır. İndi siz bu sualı
verirsiniz və mən telefonumun ekranında ərimin yazdığı mesajı görürəm. O, yazır
– Sevgilim, sən haradasan?”

Uzun illərdən sonra Fatimə aktrisalıq arzusu barədə deyib:

“Ümumiyyətlə, aktyorluq təhsilim yoxdur. Mən sözün geniş mənasında yaradıcı
adamam. VGİK-in rejissorluq fakültəsini bitirmişəm. Aktrisa olmaq istəyirdim,
amma sonralar bu barədə xüsusi məqsədim olmadı. Müəyyən psixoloji
xüsusiyyətlərimə görə bu alınmadı. İndi düşünürəm ki, mən asanlıqla
ictimaiyyətə açılan insan deyiləm. Bəlkə də, hansısa rollara çəkilə bildim,
amma əsl aktrisa ola bilmədim. Çünki utanıram. Kadrda soyunmağım, kiminləsə
öpüşməyim real deyil. Belə bir aktrisa ilə münasibət qurmağı necə təsəvvür
etmək olar?”

Hazırda həyat yoldaşı və 3 oğlu ilə Azərbaycandan kənarda yaşayır. Özünün
deməyinə görə, ərinin işi ilə əlaqədar Türkiyəyə köçməyə məcbur olub.

Yoldaşı, üç oğlu və bir nəvəsi ilə xarici ölkədə yaşayan Fatimə İbrahimbəyova
Azərbaycana bağlı olduğunu belə ifadə edib:

“Hə, mən vətənimi tərk etdim. Lakin bu, zərrə qədər xalqıma və vətənimə
sevgini azaltmayıb. Yaşım artdıqca ölkəmin mədəni həyatında daha çox iştirak
etməyə çalışıram. Allah qoysa, hər şey alınacaq. Bakıda ən sevdiyim yer mənim
böyüdüyüm və hazırda anamın yaşadığı “Monolit” binadır. Abşeronda isə ən
sevdiyim yer xoş xatirələrimlə bağlı olan Nardaran qəsəbəsində yerləşən
bağımız, mülkümüzdür. Atam həmişə mənim üçün kumir olub. Mənim anam da mənim
kimidir. Hesab edirəm ki, anam gözəl görünür. Onlar həmişə cavandırlar. Anam
uşaq kimidir. Mən onu zarafatca “qızım” deyə çağırıram”.

Rüstəm İbrahimbəyov ölümündən bir müddət əvvəl qızına yazdığı məktubda deyib:

“Həyatın qaranlıq tərəflərindən utanma – bir işıq şüası da müxtəlif rənglərdən
ibarətdir. Elə yaşa ki, özünü alçalmış kimi hiss etmə. Və birini əldə edib
başqasını itirərək yaşamağa çalışma. Yalnız özünü sevmə – tənhalıqdan
qurtuluşun başqa yolu yoxdur. Çətin olan məqamlarda belə həyatı sev. Bundan da
pis ola bilər. Vicdanının imkan verdiyi qədər azad ol; ancaq cinayət
məcəlləsini də unutma. Qocalıqdan qorxma, onun da müsbət tərəfləri var, əgər
təkcə özünü sevmirsənsə. Unutma, həyatla vidalaşanda belə münasibətlərin
aydınlaşması istisna olunmur. Kremasiyaya (vəfat edən insanın öz vəsiyyətinə
əsasən, ölümündən sonra yandırılması, külünün saxlanılması ritualı – red.)
razılaşma – Yer kürəsində (torpaqda) sən əcdadlarınla yenidən birləşirsən.
Ünsiyyətdə səliqəli ol ki, cənazənə layiqli insanlar gəlsin. Qonaqlığın
həvəskarları daha çox ölmüş dostlarını yada salırlar, nəinki içki içməyənləri.
Sağlamlıq icazə verirsə… Heç vaxt mühakimə etmə və ciddi qəbul etmə –
karantin gec-tez keçəcək”.

Source link