Afinada İran diplomatlarına hücum

Afinada İran diplomatlarına hücum

Baxış sayı: 3. 285 dəfə baxılıb.

Yunanıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Afinada İran səfirliyinin iki işçisini öldürmək təşəbbüsündə şübhəli bilinən şəxsi həbs ediblər.

ÇıxışYolu.Com bildirir ki, bu haqda yunan polisinin saytında xəbər verilir.

47 yaşlı İran vətəndaşının saxlanılması barədə məlumat yayılıb. Polislərin fərziyyəsinə görə, martın 28-də şəxs Afinada İran diplomatik missiyasının iki nəfər əməkdaşına bıçaqla hücum edib.

Hər iki diplomat yaralanıb. Bir neçə gündən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı müəyyənləşdirərək həbs etməyə müvəffəq olublar.

Dindirmə zamanı şəxs törətdiyi əməli etiraf edib. Həmçinin deyib ki, bundan əvvəl İran səfirliyinin girişində baş vermiş iki yanğın hadisəsində əli olub.

İran diplomatlarına hücum faktı ilə bağlı cinayət işi açılıb və Afina rayon Məhkəməsinin prokuroruna təhvil verilib.

Martın ortalarında Vyanada əlibıçaqlı şəxs İran səfirinin iqamətgahında əməkdaşlara hücum edib. Gözətçilər müdafiə məqsədilə atəş açıblar. Hücum edən şəxs öldürülüb, lakin o, bir nəfəri yaralaya bilib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com