Ali Məhkəmənin adından istifadə etməkdə təqsirləndirilən şəxslərə cinayət işi
açıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmənin Baş Prokurorluğuna müraciəti əsasında dələduzluq və rəsmi
sənədləri saxtalaşdırmaqda təqsirləndirilən dörd nəfər barəsində cinayət işi
başlanıb.
Bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər Ali Məhkəmədə zərərçəkmişlərin tərəf olduğu
işləri onların xeyrinə həll edəcəklərini vəd edərək, müəyyən məbləğdə pullarını
dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, təkrar və xeyli
miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz
hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət
işi başlanılıb.
Qurum bildirir ki, bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə
hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər
barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq.
Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə
bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar
qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.