ea7916b3-4d90-409d-b43f-26fa20a32192..jpg

Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib

Baxış sayı: 961 dəfə baxılıb.

Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib

İsveçrənin almandilli “Neue Züricher Zeitung” (NZZ) qəzeti bu il aprelin 4-də
jurnalist Andreas Rüşün (Andreas Rüesch) “Qafqazda güc oyunu: Ermənistan hərbi
hücuma məruz qalacağından qorxur” adlı məqaləsini nəşr edib.

Cixisyolu.com “Report”a istinadən xəbər verir ki, NZZ kimi aparıcı mətbu nəşrdə
“tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə
birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz
regionunun tədqiqatçısı Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz
məktubu göndərib.

Nəşrin internet səhifəsində yerləşdirilən məktubda M.Hess uzun illər apardığı
mətbuat təhlilləri əsasında yazır ki, “Cənubi Qafqazda vəziyyətin “keyfiyyətli
mətbuat orqanları” tərəfindən Ermənistanın mənafeyi naminə birtərəfli və tam
şəkildə təhrif edilməsi davam etməkdədir”.

İsveçrəli jurnalist A.Rüş məqaləsində Ukrayna müharibəsinin Ermənistanla
Azərbaycan arasında mövcud vəziyyətin ermənilərin əleyhinə dəyişməsinə gətirib
çıxardığını iddia edir:

“Özünün səbəbkarı olduğu müharibəyə başı qarışan Rusiya əvvəlki kimi
Ermənistan üçün ənənəvi hərbi patronaj rolunu oynaya bilmir. Alternativ enerji
tədarükü axtarışında olan Qərb dövlətlərinə kasıb və Rusiyadan asılı olan
Ermənistan heç nə təklif edə bilmir. Bununla belə, iqtisadi və hərbi vasitələri
tükənən Ermənistan indi diqqətini diplomatik siyasi manevrlərə yönəldərək öz
mövqeyini beynəlxalq, xüsusilə Qərb mətbuatı vasitəsilə yeritməyə çalışır.
Burada ermənilərin köməyinə Qərb mətbuatında, mədəniyyət və siyasi dairələrində
kök salmış ermənipərəst baxışların dominantlığı da çatır”.

A.Rüş yazısında Qarabağdakı erməni separatçılara haqq qazandırmağa cəhd etsə
də, onların yaşadığı məkanı haqlı olaraq qondarma erməni dövləti “Naqorniy
Karabax” kimi göstərməklə balanslı mövqe ortaya qoyur. O, məqaləsində ermənilər
haqqında dolaşan çoxsaylı rəvayətə geniş yer verir. Qurban obrazında verilən
ermənilərin cinayətkar olması barədə, Azərbaycanın məruz qaldığı əsl faciə
barədə heç bir fikir belə dilə gətirilmir. “Digər tipik bir rəvayət isə
ermənilərlə bağlı onların xristian tarixi xəritəsinin yenidən oyuna
gətirilməsidir”. Harada 9-cu əsrə aid bir xristian məbədi varsa, dərhal həmin
yerlərin ermənilərə aid olması iddia edilir, amma bu ərazilərdə 7-ci əsrdən
bəri müsəlman abidələrinin olması heç xatırlanmır.

A.Rüşün məqaləsindəki sualdoğurucu tezislərdən biri də budur ki, Azərbaycan
əraziləri geri işğal etməklə kifayətlənmir, Ermənistan Respublikasının
ərazisini də işğal etmək niyyətindədir. Müəllif Azərbaycan dövlətinin
ərazisinin beşdə birinin Ermənistan tərəfindən 1990-cı illərdə işğal
edilməsindən isə bir kəlmə belə söz açmır.

Jurnalistin “Azərbaycanın Ermənistana münasibətdə fərziyyə hesab olunan bu
davranışı ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1991-2000-ci
illərdə işğal altında saxlanılmasına fərqli meyarlarla yanaşması” məqalənin
qərəzli olmasını bir daha təsdiqləyir.

Bununla belə, A.Rüş bugünkü Ermənistan ərazilərinin müəyyən hissələrinin
əvvəllər türklərə, daha doğrusu, azərbaycanlılara məxsusluğu barədə Azərbaycan
tərəfinin tarixi arqumentlərini verməklə həmin ərazilərin Qərbi Azərbaycana
məxsusluğunu və qədim türk adlarının olmasını etiraf etmiş olur.

Hess vurğulayıb ki, “NZZ kimi səviyyəli bir qəzet ermənilərin gerçək niyyətlər
və əməlləri arasında daha dəqiq fərq qoymağı bacarmalıdır. Ermənistanın cənub
ərazilərinin Zəngəzur adlandırılması və A.Rüşün məqaləsində də bunun öz əksini
tapması göstərir ki, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində də,
tarixi həqiqət ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni
dövləti, nə də Cənubi Ermənistan mövcud olub. Bu ərazilər ruslar tərəfindən
işğal edilənədək türklərin, daha doğrusu, azərbaycanlıların idarəsində olub”.

A.Rüş “Cənubi Qafqazın tarixi ilə bağlı öz yozumunu əsaslandırmaq üçün müasir
hadisələrə isnad etməyə cəhd göstərir və indi aktual olan Putin ritorikasını”
misal gətirir: “Putin Ukraynanın mövcudluğunu əvvəlcə sözlə sual altına
qoyurdu, sonra hərbi yolla ona son qoymağa cəhd etdi”. Hess etiraz məktubunda
cavab verir ki, “tarixi tam təhrif etməklə bu iddianı Azərbaycanın üzərinə
qoymaq kimi birtərəfli yanaşma nümayiş etdirən müəllif məhz Ermənistanın və
onun diasporunun ötən əsrin 80-90-cı illərində Qarabağın müəyyən hissəsinin
Azərbaycana beynəlxalq hüquqi cəhətdən məxsusluğunu şübhə altına almaqla məhz
Putin ritorikasından istifadə etmələrini dilə gətirməyib. A.Rüşün Azərbaycan və
Rusiya prezidentləri arasında qəribə müqayisəsi həm də ona görə yersiz səslənir
ki, ermənilər həmişə rusların, sonralar sovet imperiyasının dəstəyi sayəsində
öz separatçılıq fəaliyyətlərini Azərbaycanda genişləndirə bilmişlər”.

A.Rüş həyəcanla sual verir ki, “Azərbaycanın öz məqsədinə güc tətbiqi ilə nail
ola bilməsinin qarşısını kim alacaqdı?” Hess cavabında deyir: “Amma Rüş bir
dəfə də olsun xatırlatmır ki, ermənilərin onilliklər boyu qəddarlığı və
zorakılığı nəticəsində çoxsaylı azərbaycanlı qurbanlarının olmasına baxmayaraq,
heç kim Azərbaycanın köməyinə çatmamışdı”. Məqsəd aydındır ki, A.Rüş tarixi
faktları təhrif etməklə, Ermənistanın timsalında “yazıq” obrazı yaratmaq
istəyib. A.Rüş Azərbaycan tərəfindən strateji yüksəkliklərin ələ keçirilməsi
ilə bağlı öz izahını belə verir ki, “Azərbaycanın burada məqsədi əhalini
terrora məruz qoymaqdır”. Bununla o, faktiki olaraq, Azərbaycanı terrorçuluqda
günahlandırır.

“Amma 44 günlük müharibə dövründə döyüş zonasından kənar Azərbaycanın mülki
obyektlərinin Ermənistan tərəfindən hədəfə alınması və çoxsaylı qurbanların
olmasını, obyektivlik naminə belə, xatırlamır”, – deyə Mixail Raynhard Hess
vurğulayıb.

Hess etiraz məktubunun sonunda NZZ-nin redaksiyasına bildirir ki, məqalə
müəllifinin “türk” sözünü təhqiramiz damğalayıcı formada vurğulaması liberal və
bütün tərəflərin hörmət bəsləməli olduğu müzakirəyə heç bir hörmət gətirmir.

Yeri gəlmişkən, Mixail Raynhard Hess bir müddət əvvəl “məlum Sumqayıt
hadisələrinin 35-ci ildönümü” ilə bağlı da özünün “Facebook” səhifəsində
paylaşım edib, Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün həmin
faciəvi hadisələrindən alət kimi istifadə etdiyini vurğulayıb. Hess yazıb ki,
“ermənilərin saxta tarix konstruksiyasının nümunələrindən biri o iddianın
üstündə köklənib ki, “28 və 29 fevralda Sumqayıtda ermənilərin öldürülməsi
onlara ərazi iddiası qaldırmaqdan başqa hər hansı seçim etməyə imkan verməyib.
Belə ki, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası qaldırmaqla özlərini
azərbaycanlıların təqibindən qurtarıblar”. Hess paylaşımında ermənilərin və
onları dəstəkləyənlərin Sumqayıt hadisələri ilə Osmanlı Türkiyəsində 1915-ci
ildə baş vermiş hadisələr arasında oxşarlıq olduğu barədə iddialarına tutarlı
cavablar verib.

Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess
“Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”
(2016), “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022),
“Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” (2020-2022)
kitablarının müəllifidir.

Source link