Amaşov: ƏDV medianın iqtisadi durumuna mənfi təsir göstərir

Amaşov: ƏDV medianın iqtisadi durumuna mənfi təsir göstərir

Baxış sayı: 3. 003 dəfə baxılıb.

Hazırkı durumda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu parlamentdə hökumətin hesabatı zamanı millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

“Mən 2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmlə bağlıdır. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox önəmlidir.

Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərinə əlavə dəyər vergisinin tətbiqinə başlanılmasından gedir. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir tətbiqinə başlanılıb. Əslində, bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Təxminən yarım milyon manat. 

Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir” – deyən millət vəkili düşünür ki, hazırkı durumda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır.

Onun sözlərinə görə, həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda, stratejidir:

“Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir.

Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır.

Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır.

Mən bir daha təklif edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Və bir daha hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com