118b3d62-ddc8-46ed-940e-954b73900feb..jpg

Aprel döyüşlərindən 7 il keçir – Qələbəyə aparan yol və indi görülən tədbirlər

Baxış sayı: 952 dəfə baxılıb.

Aprel döyüşlərindən 7 il keçir – Qələbəyə aparan yol və indi görülən tədbirlər

Bu gün Aprel döyüşlərindən 7 il ötür.

Cixisyolu.com-ın məlumatına əsasən, döyüşlər Ermənistanın martın sonlarından etibarən
cəbhə xəttində genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlamışdı.

Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı
qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə
düşməni ağır məğlubiyyətə uğradıb.

Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma
bunun tam əksi baş verdi.

Azərbaycan 4 günlük müharibə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə
rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad
edib.

Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

Azərbaycan ordusu Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi
darmadağın etmişdi.

Döyüşlər zamanı hərbçilərimiz “Ohanyan müdafiə xətti”ni cəmi 20 dəqiqəyə
yarmışdı.

Azərbaycan Aprel müharibəsində ən müasir silahlardan da istifadə etmişdi, bu
isə Ermənistanı əməlli-başlı qorxudurdu.

Azərbaycan döyüşlər zamanı “Harop” pilotsuz kamikadze aparatlarından,
“cəhənnəm silahı” adlandırılan “TOS-1A” ağır odsaçan artilleriya sistemlərindən
istifadə etmişdi.

Azərbaycan ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini
və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi.

Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli
Lələtəpə yüksəkliyinin işğaldan təmizlənməsi Cəbrayılın Cocuq Mərcanlı
qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox
artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi
öldürülüb, 1000-dən artıq döyüşçüsü yaralanıb.

Döyüşlərdən sonra bir sıra yolların – Goranboyun Gülüstan kəndi, Tərtərin
Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə
saxlanılması təmin edilib.

Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş
qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük
müharibə Vətən müharibəsində işğalda qalan torpaqların işğaldan azad
edilməsində həlledici rol oynadı.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra postmünaqişə
dövründəki açıq qalan məsələlələri tənzimləyən 10 Noyabr Bəyanatının
müddəalarının da yerinə yetirilməsində qətiyyət göstərir.

2022-ci ilin martında Fərrux dağı və eyniadlı kənd nəzarətə götürülüb.

2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas”
cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ
sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim
yüksəkliklər nəzarətə götürüb.

Ardınca isə Buzdux və digər hakim yüksəkliklər də ordumuzun nəzarətinə keçib.

Həmin ilin avqust ayının axırlarında Laçın şəhəri, Zabux və Sus kəndlərinə
nəzarət bərpa edilib.

2023-cü ilin mart ayı ərzində Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda
keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında hərbi tədbirlər görülüb.

Bundan sonra isə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən
bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş
sahələr nəzarətə götürülüb.

Onu da xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin
sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşmalar baş
verib.

Bundan sonra Azərbaycan böyük ərazini nəzarətdə saxlamağa imkan verən
yüksəklikləri nəzarətə götürüb.

Source link