3fd14439-eaac-4ece-aa70-f31b3d6b147e..jpg

Aprel şəhidinin anası: “Övladımın nişan üzüyü boğçada qaldı” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 968 dəfə baxılıb.

Aprel şəhidinin anası: “Övladımın nişan üzüyü boğçada qaldı” – MÜSAHİBƏ + FOTO

Müstəqillik həmişə quran tələb edib. Azərbaycan da müstəqilliyi qazanmaq, onu
bərpa etmək uğrunda qurbanlar verib. İndinin özündə də ərazi bütövlüyü,
suverenliyi və müstəqilliyini qorumaq yolunda mübarizə aparır. Belə şərəfli
mübarizələrdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri adı ilə düşüb.
Dördgünlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Aprel
döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər,
Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun
Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan
kəndi istiqamətində yollar düşməndən azad olunub. Torpaqlarımızın azadlığı,
suverenliyi uğrunda canından keçən igidlərimizdən biri dəXaliq Əzizzadədir.

Xaliq Həsən oğlu Əzizzadə 1996-cı il avqustun 27-də Naxçıvan Muxtar
Respublikası Şərur rayonu, A.Yaycı kəndində anadan olub. 2002-ci ildə ailəsi
ilə birlikdə Bakı şəhərinə köçüb. 2003-cü ildə Bakı şəhəri, Xətai rayonunda
yerləşən şəhid Murad Hacıyev adına 116 nömrəli tam orta məktəbin birinci
sinfinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib. 2015-ci ilin oktyabr
ayının 12-də Xaliq Xətai rayonu, hərbi komissarlığından əsgərliyə yola salınıb.
O, ilk olaraq Gəncədə yerləşən “N” sayı hərbi hissədə qulluq etməyə başlayıb.
Daha sonra isə Göygölün Toğanalı kəndində yerləşən hərbi hissəyə aparılıb. O,
xidmətinə hərbi tibbi yardım maşınının sürücüsü kimi davam edib. Xaliq Əzizzadə
2016-cı il aprel ayının 5-də səhər saatlarında Lələtəpə və Talış kəndi uğrunda
gedən şiddətli döyüşlərdə mənfur düşmən snayperin atdığı güllə onun başına
dəyib, elə həmin andaca qəhrəmancasına şəhadət mərtəbəsinə yüksəlib.

Şəhid Xaliq Həsən oğlu Əzizzadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə
görə” III dərəcəli medalı ilə təltif edilib.

Cixisyolu.com-ın əməkdaşı şəhidin anası Nigar Qasımova ilə danışıb.

– Nigar xanım, övladınızı şəhidliyə ucalandan illər sonra necə xatırlayırsınız?

– O, məktəbdə oxuduğu dövrdə hər zaman vətənpərvərliyi ilə digər uşaqlardan
fərqlənib. 2014-cü ildə orta məktəbi bitirib, ali məktəbə sənəd verdi. Təəssüf
hissi ilə qeyd edirəm ki, onun ali məktəbə daxil olması üçün bir balı çatmadı.
2015-ci ildə yenidən sənədlərini ali məktəbə verdi. Yəqin ki, bu da Allahın bir
qədəri imiş. Bu dəfə də onun yenidən bir balı çatmadı. Yoldaşım ona başqa bir
ölkədə təhsil almağını təklif etdi. Lakin Xaliq qəbul etmədi, dedi ki, “mən
artıq öz hərbi vəzifəmi yerinə yetirmək üçün əsgər gedəcəyəm. Qayıdıb gələndə
ali təhsil haqqında fikirləşərəm”. Xaliq çox mehriban, gülərüz, qayğıkeş insan
idi. Uşaqla uşaq, böyüklə böyük kimi rəftar edirdi.

– Martın 26-da qardaşına zəng edib, məzuniyyətə gəlmək istədiyini söylədiyini
dediniz.

– 2016-cı ilin Novruz bayramı günü qardaşına zəng edib, deyib ki, “altı ayın
tamamında mənə məzuniyyət verilir. Onda gələcəyəm. Səninlə birlikdə anagilə
sürpriz edərik”. Qardaşı ona deyib ki, “mümkündürsə, elə bayram vaxtı götür.
Bir yerdə bayramı qeyd edək”. O, apreldə gələcəyini bildirib.

– Oğlunuzla sonuncu dəfə nə zaman görüşdünüz?

– Novruz bayramında Xaliqin yanına getdik. Onu gördüm içim çox rahat oldu.
İçimdə dedim ki, “daha Xaliqdən narahat olan deyiləm”. Onun yeri çox yaxşı idi.
Kökəlmişdi. Oğlum gözümə çox gözəl göründü. Üzünə nur gəlmişdi. Nə bilərdim ki,
görüşümüzdən bir həftə keçməmiş oğlum tabutda evə gələcək. O, mənim sonbeşiyim
idi. Onu sanki, digər uşaqlarımdan daha çox istəyirdim. Xaliqin məzuniyyəti
aprel ayının 11-nə düşürdü. Oğlum üçün komandirdən icazə alıb, onu özümlə evə
aparmağı təklif etdim. Lakin Xaliq buna razı olmadı.

– Xaliqin ön cəbhəyə yollanmasından necə xəbər tutdunuz?

– Xaliq Murova könüllü yollanıb. O, əsgərlərlə birlikdə minib özü getmək
istəyib. Yola düşəndə tabor komandiri maşını saxladıb, Xaliqi düşürdüb, deyib
ki, “sən qayıt, hərbi hissəyə get”. Xaliq ona sual verir ki, “axı niyə olmaz,
komandir?” Deyib ki, “sən hərbi tibbi yardım maşınının sürücüsüsən, sən öz
xidməti vəzifənin başında olmalısan”. Beləcə Xaliq hərbi hissəyə qayıdır. Daha
sonra aprel ayının 2-də könüllü olaraq ön cəbhəyə yollanıb.

– Oğlunuzla mütəmadi olaraq əlaqə saxlaya bilirdinizmi?

– Aprel ayın 2-də Xaliq özü baş qərargaha məruzə edərək könüllü olaraq ön
cəbhəyə getmək istəyini bildirir. Daha sonra isə ön cəbhəyə gedən əsgərlərin
içinə qarışıb gedir. Gedəndə hamının telefonlarını yığırlar. Xaliqin telefonu
qalır. Xaliqlə mən hər dəqiqə danışırdım.

O, yanında apardığı telefonu yoldaşlarına da verib, deyirmiş ki, “hamınız
bir-bir evə zəng edin. Aprel ayının 4-də yenə həmişəki kimi zəng vurdu.
Telefonda mənə dedi ki, “ana, ola bilsin ki, bir neçə gün zəng vura bilmədim.
Narahat olma”.

– Xaliqin başına bir iş gəldiyini hiss etdiyinizi dediniz.

– Aprelin 5-i idi. Yoldaşım dedi ki, şəhid gətiriblər. Dəfn mərasiminə
gedəcəyəm.
Səhər idi, amma əlim-ayağım elə qurumuşdu ki, durub iş görə bilmirdim. Bir az
sonra qaynımın yoldaşı zəng elədi mənə: “Nigar Xaliqlə danışmısan?” Sən demə,
onlar hər şeyi bilirmişlər. Lakin məndən gizlədiblər. Dedim ki, “dünən
danışmışam”.

Telefonu yerə qoydum. Bir az sonra qapı döyüldü. Qaçdım qapıya. Gördüm böyük
qaynımdır. Dedim – “nə yaxşı gəlmisən, Telman?” Dedi ki, elə-belə gəlib. Dedim
– “gözlə, Həsənə zəng vurum, tez evə gəlsin”. Dedi ki, “Xaliq yaralanıb,
Nigar”. “Denən Xaliq ölüb, ay Nigar!”, – deyə qışqırıb yıxılmışam yerə. Heç
nədən xəbərim olmayıb. Daha sonra balamın nəşini gətirdilər”.

– Oğlunuzun ən böyük arzusu nə idi?

– Xaliq həyatda heç bir arzusuna çatmadı. Xaliq məktəbdə oxuduğu vaxtlarda bir
qız istəyirdi. Əsgər getməzdən əvvəl elçi getməyimi istəsə də, buna razı
olmadım. “Elə deyirdi ki, “ana, üzük taxaq, rahat gedim əsgərliyə”. Deyirdim,
“bala, get xidmətini çək, qayıt, ən gözəl üzüyü aparacağam qıza”. Atası deyirdi
ki, “Xaliqi tez evləndirəcəyəm, toyunu görmək istəyirəm. Birdən ölərəm, toyunu
yaxşı eləməzlər”. Bacısı ilə danışanda Xaliq deyib ki, “bacı, aprelin 11-i
məzuniyyətə gələcəyəm, qıza elçi gedərsiniz”. Getdim nişan üzüyü aldım. Balamın
nişan üzüyü qaldı evdə, arzumuzu ürəyimizdə qoydu Xaliq. Əsgər getməzdən 1 gün
əvvəl qollarım arasında yatdı. Xaliq sanki bilirmiş ki, gedişinin dönüşü
olmayacaq.

– Torpaqlarımızın düşmən tapdağından azad olunma xəbərini necə qarşıladınız?

– Torpaqlarımızın işğaldan azad olunma xəbərini eşidəndə dinclik tapdım.
Oğlumun qisası alındı. Qələbə xəbərini eşidən kimi dərhal onun məzarını ziyarət
etdim. Dedim ki, “balam, rahat uyu, qisasın alındı”.

– Qardaşı oğlunun Xaliqin adını daşıdığını dediniz.

– 2019-cu ildə aprel 11-də nəvəm anadan oldu. Xaliqimin adını qoydum.
Xaliqimin məzuniyyətə gələcəyi gün anadan oldu. Yenidən Xaliqimə qovuşdum.

Nəzrin Vahid

Source link