c6cfa1f3-d631-4a4a-9b1b-4d291509f4f0..jpg

ASAP-ın I Hesabat-Seçki konfransı keçirilib – FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

ASAP-ın I Hesabat-Seçki konfransı keçirilib – FOTO

Avqustun 21-də Bakı Konqres Mərkəzində Azərbaycanlı Tələbələr və Məzunlar
Platformasının (ASAP) I Hesabat-Seçki konfransı keçirilib.

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb.

Tədbiri giriş sözü ilə ASAP-ın sədri Heydər Ağayev açaraq qonaqları salamlayıb
və ASAP-ın yaranma tarixindən danışıb.

ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli hesabat nitqi ilə çıxış edərək
bildirib ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması xarici
universitetlərin azərbaycanlı tələbə və məzunlarını bir arayan gətirən, onların
şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyən, xarici icmalara
inteqrasiyasını təmin edən şəbəkədir:

“Əsas missiyamız beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etmək,
gənclərimizin xarici icmalara müsbət təsirini artırmaq üçün onları lazımi bilik
və bacarıqlarla təmin etməkdir. ASAP-ın fəaliyyəti üçün Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin yürütdüyü gənclər siyasəti hər zaman yol
xəritəsi olub. Belə ki, gənclər siyasətinin əsasını Azərbaycan gənclərinin
dövlət quruculuğunda fəal iştirakı, cəmiyyətin inkişafında gənclərin rolu,
vətənə sadiq və beynəlxalq təmsilçilikdə fəal iştirakçılar kimi yetişməsi üçün
olan proqram və mexanizmlərin təşviqi təşkil edir. Bu xüsusda, ASAP fəaliyyəti
boyunca dünyanın müxtəlif ölkələrində beynəlxalq təmsilçiliyimizə töhfə vermək
məqsədilə fəal gənclərdən ibarət nümayəndəliklər yaradıb. Belə
nümayəndəliklərin sayı 11 olmaqla, Türkiyə, Almaniya, ABŞ, Macarıstan, Polşa,
Avstriya, Niderland kimi ölkələrdə öz fəaliyyətini davam etdirir. Cari dövr
ərzində ASAP tərəfindən mindən çox tədbir, görüş keçirilib, 11 xarici ölkədə
nümayəndəlik qurulub, 35 xarici universitetlə yeni əlaqələr yaradılıb. ASAP 12
məzun birliyini öz ətrafına cəmləyərək, 42 xarici ölkədə müxtəlif formatlı 61
tədbir keçirib”.

Qeyd olunub ki, ötən dövr ərzində 27 ölkədən səkkiz mindən çox tələbə və məzun
ASAP-a üzv olub.

Daha sonra 2021-2023-cü illərdə görülən işlərə və platformanın fəaliyyətinin
yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Ardınca Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər
siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov çıxış
edərək, gənclərin cəmiyyətdəki rolundan söz açaraq, ASAP-ın son seçki ili
ərzindəki fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir
Xəlilov da çıxışında ASAP-ın Gənclər Fondu ilə birgə həyata keçirdiyi uğurlu
layihələrdən bəhs edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cəbi Quliyev, Vüqar
İskəndərov, Müşfiq Cəfərov, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri
Daşqın Rəcəbli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor
vəzifələrini icra edən, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərov, ADA
Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Elm və təhsil nazirinin
müşaviri Nicat Məmmədli və başqa rəsmi şəxslər çıxış edərək ASAP-ın
fəaliyyətinə uğurlar arzulayıblar.

Sonda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə
olunub. ASAP-ın yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra sədr və sədr
müavini vəzifəsinə namizədlərin adları onlayn formada elan olunaraq seçkilər
keçirilib. Fariz İsmayılzadə sədr, Rafael Hacıbəyli isə sədr müavini seçilib.

Sonda yeni sədr Fariz İsmayılzadə çıxış edərək göstərilən etimada görə
təşəkkür edib.

Source link