b0dacfb2-5529-4eaf-9034-c204231e1baf..jpg

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi finalda – YENİLƏNİB

Baxış sayı: 1. 050 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi finalda – YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Xorvatiyanın
paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Cixisyolu.com xəbər verir ki, o, macarıstanlı Vladislav Baytçevlə qarşılaşıb.

Rəqibini 6:0 hesabı ilə məğlub edən idmançımız həlledici görüşə vəsiqə
qazanıb. Səbuhi Əmiraslanov isə finala yüksələ bilməyib. 79 kq çəki dərəcəsində
çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə
rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq)
həlledici görüşə vəsiqə qazanıblar. Final görüşləri sabah keçiriləcək.

21:04

Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
Avropa çempionatında finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 70 kq-da yarışan idmançımız yarımfinalda moldovalı
Vasile Diakondan güclü olub – 4:1 H.Əliyevdən öncə 57 kq çəki dərəcəsində
yarışan Əliabbas Rzazadə finala vəsiqə qazanıb.

20:28

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının
sərbəst güləş yarışlarında yarımfinal mərhələsinə start verilib.

Cixisyolu.com xəbər verir ki, 57 kq çəki dərəcəsindəki Əliabbas Rzazadə finala
adlamaq uğrunda italiyalı Simone Piroddu ilə üz-üzə gəlib.

O, rəqibini 12:8 hesabı ilə məğlub edərək, finala adlayıb.

Qeyd edək ki, güləşçimiz sabah keçiriləcək həlledici görüşdə türkiyəli
Süleyman Atlı ilə üz-üzə gələcək.

16:31

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının ilk
günü Azərbaycan sərbəst güləşçiləri üçün uğurlu alınıb.

Cixisyolu.com xəbər verir ki, mübarizəyə başlayan beş idmançımızdan dördü yarımfinala
yüksəlib.

57 kq çəki dərəcəsindəki sərbəst güləşçimiz Əliabbas Rzazadə 1/4 finalda
almaniyalı Horst Lehrlə üz-üzə gəlib. Rəqibinin kürəyini yerə vuran Azərbaycan
pəhləvanı təmiz qələbə ilə yarımfinala adlayıb.

97 kq-dakı təmsilçimiz Maqomedxan Maqomedov 1/4 finalda isveçrəli Samuel
Şererlə münasibətlərinə aydınlıq gətirib. O, qarşılaşmanı tam üstünlüklə (11:0)
vaxtından əvvəl qalib bitirib və yarımfinala yüksəlib.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov gürcüstanlı Vladimeri Qamkrelidzeni
tam üstünlüklə (10:0) məğlub edərək, yarımfinala çıxıb.

65 kq-dakı Əli Rəhimzadə 1/4 finalda erməni Vazgen Tavanyanla üz-üzə gəlib. O,
rəqibinə 1:4 hesabı ilə uduzub.

Xatırladaq ki, daha əvvəl Hacı Əliyev yarımfinala adlamışdı.

16:05

Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
Avropa çempionatında yarımfinala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan üçqat dünya və üçqat
Avropa çempionumuz 1/4 finalda almaniyalı Kevin Kristofer Henkellə üz-üzə
gəlib. O, 4:0 üstün olaraq yarımfinala adlayıb. H.Əliyev finala vəsiqə qazanmaq
uğrunda moldovalı Vasile Diakonla qarşılaşacaq.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda İslam Dudayevlə (Albaniya) qarşılaşıb.
5:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finalda yarışmaq hüququ qazanıb. O,
bu mərhələdə ermənistanlı Vazgen Tavanyanla üz-üzə gələcək.

14:57

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Cixisyolu.com xəbər verir ki, Azərbaycanın 97 kq-dakı təmsilçisi Maqomedxan Maqomedov
1/8 finalda Benjamin Honis (İtaliya) ilə qarşılaşıb. O, rəqibini tam üstünlüklə
– 12:2 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavi (UWW) ilə
üz-üzə gəlib. Onun görüşü sonadək davam edib. Əmiraslanov rəqibini 3:0 hesabı
ilə məğlub edərək, 1/4 finala adlayıb.

Xatırladaq ki, daha əvvəl Hacı Əliyev 1/4 finala vəsiqə qazanıb.

14:01

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Cixisyolu.com xəbər verir ki, Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat
Avropa və üçqat dünya çempionu Hacı Əliyev təsnifat mərhələsində italyan
Canluka Talamo ilə qarşılaşıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə
(12:1) məğlub edərək, 1/4 finala vəsiqə qazanıb

H.Əliyev yarımfinal yolunda almaniyalı Kevin Kristofer Henkellə qarşılaşacaq.

09:42

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start
götürəcək.

Cixisyolu.com xəbər verir ki, ilk gündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə
başlayacaq.

57 kq çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian
(Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam
Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan dünya və Avropa
çempionu Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW),
97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa
çalışacaq.

Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Source link