02034fab-3c98-45e4-a6df-2f47e81efbb8..jpg

Avropa çempionatı: Mariya Stadnik finalda, Kolesnik bürünc medal üçün yarışacaq – YENİLƏNİB

Baxış sayı: 929 dəfə baxılıb.

Avropa çempionatı: Mariya Stadnik finalda, Kolesnik bürünc medal üçün
yarışacaq – YENİLƏNİB

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən
Avropa çempionatında yarımfinal görüşünü keçirib.

Cixisyolu.com-ın məlumatına görə, 59 kq-da çıxış edən Alyona Kolesnik ukraynalı
Yuliya Tkaçla üz-üzə gəlib.

Rəqibinə 0:10 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi finala çıxmaq
şansını əldən verib. O, bürünc medal qarşılaşmasında türkiyəli Eda Tekini
sınağa çəkəcək.

55 kq-da yer alan Elnurə Məmmədova da 3-cü yer uğrunda mübarizə aparacaq. Buna
idmançının 1/4 finalda uduzduğu rumıniyalı Andrea Ananın finala vəsiqə
qazanması səbəb olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və
Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib.
Avropa çempionatı aprelin 23-də başa çatacaq.

19:15

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə
keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Cixisyolu.com-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı
idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.

Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə
qazanıb. Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi
həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq.

16:05

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam
edir.

Cixisyolu.com-ın xəbərinə görə, Azərbaycanın qadın güləşçilərindən ikisi qitə
birinciliyində yarımfinala adlayıb.

50 kq çəki dərəcəsində yarışan Mariya Stadnik iki rəqibini məğlub edərək,
yarımfinala yüksəlib. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin
Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.

59 kiloqramdakı Alyona Kolesnik mübarizəyə 1/4 finalda başlayıb. O, burada
Morena de Vitanın (İtaliya) kürəyini yerə vuraraq yarımfinalda yarışmaq hüququ
qazanıb.

Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) 1/8 finalda Litva təmsilçisi
Laura Staneliteni üstələyib. Lakin növbəti mərhələdə o, rumıniyalı Andrea Anaya
uduzub. Əgər rumın güləşçi finala yüksələ bilsə, Elnurə bürünc medal uğrunda
mübarizə aparmaq hüququ əldə edəcək.

Bu gün, həmçinin, sərbəst güləşçimiz Abubakr Abakarov bürünc medal uğrunda
güləşmək hüququ qazanıb. 86 kq çəki dərəcəsində çıxış edən idmançı
təsəlliverici qarşılaşmada İvars Samusonoksa (Latviya) qalib gəlib. O, üçüncü
yer uğrunda slovakiyalı Boris Makoyevlə üz-üzə gələcək.

74 kq-dakı Cəbrayıl Qadjiyev Soner Demirtaşa (Türkiyə) yenilib və medal
şansını əldən verib.

11:18

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam
edir.

Cixisyolu.com xəbər verir ki, bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə
başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik təsnifat mərhələsində Evin
Demirhanla üz-üzə gələcək. 55 kq-dakı təmsilçimiz Elnurə Məmmədova litvalı
Laura Stanelite ilə görüşəcək. 59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda
Yovana Radivoyeviç (Serbiya) – Morena de Vita (İtaliya) cütünün qalibi ilə
qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə
aparacaq. 92 kq çəki dərəcəsində Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə
(Türkiyə) üz-üzə gələcək. 74 kq-dakı Cəbrayıl Hacıyev təsəlliverici
qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki
(Macarıstan) – İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham
Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq)
və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə
ediblər. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.

Source link