df873e63-cb78-44a0-8797-037a98a0ec99..jpg

Ayrı-seçkilik, aşağılama, siyasi təqib: Müstəmləkə siyasətindən əl çəkməyən Fransa – FOTO

Baxış sayı: 815 dəfə baxılıb.

Ayrı-seçkilik, aşağılama, siyasi təqib: Müstəmləkə siyasətindən əl çəkməyən
Fransa – FOTO

SSRİ-nin süqutu dünya düzənini dəyişməklə yanaşı, separatizmə də rəvac verdi
və bu təhdiddən ən çox zərər çəkən ölkələrdən biri Azərbaycan oldu. Erməni
separatizmi torpaqlarımızın işğalı, yüz minlərlə insanın ev-eşiyindən didərgin
düşməsi ilə nəticələndi. 30 il əvvəl Azərbaycanın yaşadıqlarına laqeyd
münasibətin mənfi nəticələrini həmin dövlətlər artıq öz üzərilərində hiss
edirlər. Məsələn, İspaniyada Kataloniya, İtaliyada Cənubi Tirol və Sardiniya,
Belçikada Flandriya və Valloniya kimi regionlarda bu tendensiya artıq geniş
vüsət alıb. Həmin regionda yaşayan insanların öz milli kökləri və dilləri var,
lakin onlar məxsus olduqları ölkənin tərkib hissəsi kimi çıxış edirlər. Eyni
zamanda, Fransanın özündə də belə bölgələr mövcuddur.

Maraqlıdır ki, Qarabağdakı bir ovuc erməni üçün xüsusi status tələb edən
Fransa özü bu bölgələrə müstəqillik və ya muxtariyyət vermək istəmir, onların
sakinlərinə qarşı zorakılıqlardan çəkinmir. Korsikada gərginlik artıq pik həddə
çatıb.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində Korsika
dilindən istifadəni qanunsuz hesab edib. Adadakı dövlət qurumlarında Korsika
dilinin işlədilməsinin “qanunsuz” olduğuna qərar verilib. Məhkəmə həmçinin bu
qənaətə gəlib ki, “Korsika xalqı” ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına
ziddir. Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal
tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri
bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz
dillərində danışmaq hüququndan məhrum etmək deməkdir.

BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib
ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu,
beynəlxalq hüququn pozulmasıdır.

Beləliklə, Fransanın köhnə mərəzi, yaxud köhnə xəstəliyi yenidən baş qaldırıb.
Bu ölkənin rəsmiləri, başda prezident Emmanuel Makron olmaqla yenidən
separatizm əhvalına bürünüblər. Dünyanın müxtəlif bölgələrində bölücülüyə
dəstək verməklə varlıqlarını xatırlatmağa çalışırlar. Amma unutduqları bir
məqam var – Korsika problemi. Paradoksal haldır ki, korsikalıları separatizmdə,
ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti öz sərhədlərindən kənarda
separatçılara dəstək verir. Onların Qarabağdakı separatçılara olan münasibəti
bunun bariz nümunəsidir. Necə deyərlər, özgə gözündə tük axtaran Parisin öz
gözündə görmədiyi nədir?

Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər
bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika bu
günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib. Mərkəzi
hakimiyyətin hədəfinə çevrilən Korsika Fransanın 18 bölgəsindən biri sayılır.
350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status
ilə idarə olunur. Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının
sakinlərinin tələbləri bəllidir – muxtariyyətin genişləndirilməsi, siyasi
məhbuslara amnistiya, Fransa Konstitusiyasında Korsikaya xüsusi yer ayrılması,
Korsika dilinin Konstitusiyada rəsmi dil kimi təsbit olunması və s.

1755-ci ildə uzun illər davam etmiş azadlıq mübarizəsindən sonra Paskal Paoli
tərəfindən əsası qoyulmuş müstəqil Korsika Respublikası mövcudluğunun ilk
illərində bir sıra tarixi siyasi “ilk”lərə imza atıb. Onun Konstitusiyası
maarifçilik dövrünün prinsiplərinə uyğun şəkildə hazırlanmış müasir tipli ilk
Avropa Konstitusiyası idi. Elə həmin Konstitusiyada Yer üzünün tarixdə ilk dəfə
qadınlara seçki hüququ tanınmışdı. Korsika Respublikası dünyanın ilk müasir
demokratiyası hesab olunurdu. Lakin demokratiya və azadlıq erasının ilk
qaranquşu çox yaşamadı. Cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal edib,
Korsikanı özünün müstəmləkəsi elan etdi. Elə o zamandan etibarən korsikalılar
öz azadlıqları uğrunda mücadilə aparır, lakin hələ də Fransa işğalından yaxa
qurtara bilmirlər. İki əsrdən çoxdur ki onların azadlıq mübarizəsi Fransa
hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar
əsasında həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar.
Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların
adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı
olurlar.

Fransanın nüfuzlu nəşrlərindən hesab edilən “mediapart” yazır ki, Makronun
siyasəti qüsurludur. “Hökumət problemin həll yolunu müəyyənləşdirməyib. Vaxt
uzatmaqla məşğuldur. Ta ki, zorakılıqlar baş verənə qədər. Bununla da hökumət
özünü ayaqdan vurur”.

“Le Monde” qəzetinin şərhi də bu səpgidədir: “Korsikalıların hüquqlarını heçə
sayan hakimiyyət başqa ölkələrdə eyni tələb və ideyalara dəstək verir. Qəribə
deyilmi?”.

Göründüyü kimi, Fransa terrorçu Araik Arutyunyana dəstək verir, Korsika xalqı
uğrunda mübarizə aparan liderləri isə həbsə atır.

Source link