Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edə biləcəkmi? – ŞƏRH

Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edə biləcəkmi? – ŞƏRH

Baxış sayı: 6. 637 dəfə baxılıb.

Azərbaycan və Türkiyə yaxın gələcəkdə xarici ticarət əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadəyə keçə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybçeki deyib.

O bildirib ki, hər iki ölkənin dövlət başçısının bu istiqamətdə Mərkəzi Bankların rəhbərliyinə tapşırığı var:

“Texniki işlər, demək olar ki tamamlanıb”.

Nəzərə çatdıraq ki, bir müddət əvvəl Rusiya və Turkiyə dollardan aslılığı aradan qaldırmaq üçün idxal-ixrac əməlyatlarını milli valyutada aparacaqlarını bəyan etmişdilər, lakin hələ də ortada  real nəticə yoxdur. Səbəb iqtisadi səmərə baxımdan ortaq nöqtələrin araşdırılmasının davam etdirilməsidir. 

ÇıxışYolu.Com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının lirə və yaxud manatla aparılması bir neçə dəfə gündəmə gətirilib:

“Ötən müddətdə bu istiqamətdə razılığın əldə edilməsi mümkün olmayıb. Düşünürəm, indiki məqamda Azərbaycan üçün milli valyutada ticarət əməliyyatlarının aparılması prioritet deyil. Dollar dünya ticarətindəki dominant mövqeyini qoruyub-saxlayır.

Region ölkələri üçün ticarət əməliyyatlarını bu valyutada aparmaq daha məqsədəuyğundur. Həttə dollardan imtina ediləcəyi halda digər valyutalarla idxal-ixrac əməliyyatlarının aparılması real görünmür. Dolları avro və yaxud digər dönərli valyuta əvəzləyə bilər”.

Türk lirəsinin son illər üzrə məzənnəsinə diqqət çəkən ekspert deyir ki, lirədə ciddi dəyişikliklər var:

“Xüsusilə, Türkiyədə siyasi faktorlar da lirənin məzənnəsinə təsir edir. Məsələn, ABŞ-ın Türkiyəyə qarşı sanksiyası lirənin ucuzlaşmasına gətirib-çıxardı. Lirə stabil valyuta deyil. Bu səbəbdən də lirə ilə alqı-satqı əməliyyatlarının aparılması strateji baxımdan gündəmdə deyil.

Başqa tərəfdən, xarici ticarət əməliyyatları milli valyutalarla aparılacağı təqdirdə, dollara ehtiyac var. Çünki milli valyutaların məzənnəsi birbaşa deyil, çarpaz müəyyənləşir. Hər iki valyutanın – lirə və manatın birbaşa məzənnəsi dollarladır.

Konvertasiya yenə də dollar üzərindən həyata keçirildiyindən xarici ticarət milli valyutalarla aparılacağı təqdirdə belə dolları sıxışdırmaq mümkün olmayacaq. İki ölkə arasında ticarət əlaqələrini genişləndirmək vacibdir. Ancaq indiki halda, dolların mövqeyini, ölkələrin ABŞ valyutasına olan tələbini nəzərə alsaq, ticari əməliyyatların bu valyuta ilə aparılması daha məqsədəuyğundur”.

.
www.ÇıxışYolu.Com