789167c1-072f-4eee-9a67-c8f019630428.jpg

Azərbaycanda yüksəksəviyyəli futbolçu niyə yetişmir?

Baxış sayı: 332 dəfə baxılıb.

Azərbaycanda yüksəksəviyyəli futbolçu yetişmir. Ölkə çempionatında çıxış edən
klubların aşağı yaş qruplarından ibarət komandalarında gələcək vəd edən
futbolçuları daha sonra böyük klubların heyətində görmək mümkün olmur. İllər
boyunca inkişaf yolunda müəyyən addımlar atılsa da, hələ ki ciddi dəyişiklik
nəzərə çarpmır.

“Report” problemin səbəblərini aydınlaşdırmaq üçün Misli Premyer Liqasında
çıxış edən klubların Futbol Akademiyalarına rəhbərlik edən şəxslərə –
koordinatorlara müraciət edib.

Aftandil Hacıyev (“Qarabağ”): “Hələ ki bizdə yüksəksəviyyəli futbolçu
yetişdirmək alınmır. Bunun bir çox səbəbləri var. Lakin başlıca səbəblərindən
biri ölkəmizdə yetərincə futbol meydançalarının və infrastrukturun olmamasıdır.
Aşağı yaşlı oyunçuların çıxış etdiyi liqalarda rəqabətin az olması da bu
məsələyə mənfi təsir göstərir. Uşaq futboluna yanaşmamızı dəyişməliyik. Bu
sahəyə diqqət çoxalarsa, düşünürəm ki, problemlər də hissə-hissə aradan
qalxacaq. Bizdə gələcək vəd edən uşaqlar var. Lazımi işlər görülsə, onları
səviyyəsi yüksək olan liqalara göndərmək olar. Ancaq uşaq futboluna yanaşma hər
kəs tərəfindən eyni olmalıdır”.

Ülfət Mədətov (“Turan Tovuz”): “Bu barədə qısaca nəsə demək mümkün deyil, uzun
müzakirə tələb edən sualdır. Səbəb çoxdur. Premyer Liqada komanda sayının
azlığı, bölgələrdə infrastrukturun zəif olması, uşaq və gənc komandaların
beynəlxalq təcrübələrinin yetərsizlyi, məşqçilərin maariflənməsi və
təcrübələrinin artırılması üçün görüləcək tədbirlərin sayının çox olmaması,
keçid dövründə istedadlı futbolçuların əsgərlik vaxtının çatması, uşaq
futboluna maliyyənin kifayət qədər yatırılmaması və yaxud lazımi istiqamətə
yatırılmamasını nümunə göstərmək olar. Artıq AFFA-da yeni rəhbərlik var.
Gələcəyə baxmalıyıq. Ümid edirəm ki, qısa müddətdə hazırlanacaq inkişaf
strategiyasında geri qalmağımızın bütün səbəbləri araşdırılacaq və bütün
bəndlər orada yer alacaq.

Turan Tovuz futbol akademiyası olaraq qısa müddətdə irəliləyişə nail olmuşuq.
Müəyyən layihələrə start vermişik. 500-dən çox uşaq və yeniyetmə akademiyamızın
üzvüdür. Seleksiya sayəsində ölkəmizin bütün bölgələrindən istedadlı
futbolçuları seçib sıralarımıza qatmışıq. Tovuza yaxın rayonlarda – Qazax,
Ağstafa, Şəmkirdə bölmələrimiz fəaliyyət göstərir. Kütləviliyə önəm veririk.
Bölgədə olan istedadlı uşaqların hamısını diqqət mərkəzində saxlayırıq. Tovuzun
ən ucqar kəndlərində də qruplar yaratmağı nəzərdə tutmuşuq və fəaliyyətə
başlamışıq. Bundan başqa, məktəbli layihəsinə start veririk. Mütəmadi olaraq
məşqçilərimiz məktəblərdə seçimlər edir, istedadlı uşaqları nəzarətə götürür.
Milli komandalara 10-a yaxın uşaq veririk. Yaxın gələcəkdə onların arasından
həm əsas komandamıza, həm də yığmaya layiqli futbolçuların qoşulacağına
inanırıq”.

Sakit Rzayev (“Araz-Naxçıvan”): “Bu, uzun illərdir futbol ictimaiyyətinin
bir-birinə verdiyi sualdır. Mən bir məsələni xüsusi vurğulamaq istəyərdim.
Verdiyiniz sualda “yetişmək” sözünü “inkişaf”la əvəzləsək, daha məqsədəuyğun
olar. Çünki yetişdirməkdən əvvəl inkişaf etməyimiz lazımdır. Problem o qədər
çoxdur ki, haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Deyirlər ki,
futbolda təshil olmalıdır. Amma bu nədi, necə olmalıdır? İzah edən yoxdur. Bəs
klub, komanda olmaq nədir? Bunu da düzgün meyarlar və əsaslar ilə başa salan
yoxdur. Müasir futbol layihələri deyib ortaya düşürlər, amma həyata keçirə
bilmirlər. Futbol bir çox elmləri özündə cəmləyən yeganə idman növüdür. Biz
səviyyəli futbol təhsili istəyiriksə, akademiya adını verdiyimiz müəssisələrdə
bütün detallara elmi tərəfdən yanaşmalıyıq. Avropanın bir çox komponentdə
irəlidə olmasının səbəbi budur. Məncə, futbolçu kimyəvi laboratoriyadır. Burada
ani səhv partlayışla nəticələnirsə, oyunçunun inkişafında doğru qurulmayan məşq
prosesləri və gözəyarı planlar da onun qarşısını alır. Futbolçuları qınaq
obyektinə çevirmək əvəzinə, hər birini düzgün və elmi əsaslar üzrə inkişaf
etdirməliyik”.

Adino Mustedanaqiç (“Sabah”): “Bu suala qısa cavab vermək mümkün deyil, amma
ümumiləşdirməyə çalışacağam. Buna təsir edən əsas faktorlardan biri ətraf
mühitdir. Düşünürəm ki, Azərbaycanda istedadlı uşaqlar çoxdur. Əslində, biz
“Sabah”da da buna şahid olmuşuq. Zaqreb “Dinamo”suna göndərdiyimiz uşaqların
çoxu orada olan məşqçilər tərəfindən bəyənilib. Bəzi sənədləşmə məsələləri
imkan versəydi, hətta onları orada saxlayardılar da. Təbii ki, bu zaman sual
yaranır: bu uşaq Xorvatiya kimi ölkədə yetişsəydi, necə olardı? Fərqli mühitdə
olsalar, hansı səviyyədə olardılar?

Uşaqlar da bitkilər kimi, sadəcə, böyüməyə can atırlar. Bitkilər ancaq imkan
yaradıldığı qədər böyüyə bilərlər. Siz onu az miqdarda işıq və su ilə təmin
etsəniz, o daha az və zəif inkişaf edəcək. Futbolçu olmaq istəyən azərbaycanlı
uşaqlar da belədir. Onlar böyüyürlər və bizim onlara yaratdığımız şəraitə
uyğunlaşırlar. Burada onlar üçün daha asan olmalı olduğunu demirəm, lakin daha
rəqabətli mühitdə daha yüksəkkeyfiyyətli futbola uyğunlaşa bilərlər. Bu şəraiti
təmin etmək təkcə klublar və məşqçilərdən asılı deyil. Çünki onlar da əsasən
Azərbaycanın mövcud futbol mühitinə uyğunlaşırlar. Bu məsələ Azərbaycanda
ümumilikdə uşaqlar üçün futbol mühitini formalaşdıran, yaradan bütün insanlara
şamil olunur.

Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Onların güləş kimi digər idman
növlərində uğurları var. Azərbaycan xalqı futbolu sevir və getdikcə daha çox
insan bu idman növünə maraq göstərir, izləyir. Onlar daha yaxşı futbola
layiqdirlər ki, bu da yalnız daha yaxşı yerli oyunçularla mümkündür… Gələcək
nəsillər üçün qəhrəmana çevrilmək üçün. Bəlkə də bu sual ölkədə niyə
keyfiyyətli oyunçu yetişməməsi ilə bağlı yox, bunun üçün mövcud şəraitin
olmaması ilə bağlı olmalı idi”.

Zaur Həşimov (“Zirə”): “Biz ölkə olaraq yüksəksəviyyəli futbolçu yetişdirməyə
indi hazır deyilik. Buna səbəb kimi infrastrukturun olmamasi və lazımi
səviyyədə maariflənmiş uşaq məşqçilərinin sayının azlığını göstərmək olar.
Xüsusi istedadı olan uşaqlara qayğı az göstərilir. Bəzən onların yüksək
səviyyədə qidalanması təmin edilmir. Onlara psixoloji cəhətdən dəstək
göstərilmir və ya sağlamlığına az diqqət ayrılır. Bütün bunlar vacib
şərtlərdir. Bir başqa səbəb də odur ki, uşaq yeniyetmə yaşına çatır və futbol
dönəminin ən vacib hissəsində hərbi xidmətə yollanır. Təbii ki, bu hal onların
karyerasına ciddi təsir edir. Premyer Liqada çıxış edən klublarımız
mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparırlar. Belədə gənc
oyunçulara, demək olar, şans verilmir. Gənclər əsas çempionatda oynamaq üçün nə
qədər tez şans qazansalar, onların Avropaya getmək ehtimalı da bir o qədər
çoxalar. Buna hazırda legioner həyatı yaşayan “Zirə” akademiyasının yetirməsi
Cəlal Hüseynovu nümunə göstərə bilərik. Dediyim praktikadan daha çox Gürcüstan
yararlanır. Hazırda İtaliyanın “Napoli” klubunda çıxış edən Xviça Kvaratsxeliya
“Dinamo”da (Tbilisi) debüt edərkən 16 yaşı olub. Bir neçə gün əvvəl də 17 yaşlı
Vaxtanq Saliyani İngiltərənin “Nyukasl” komandası ilə müqavilə bağladı.
Gürcüstanlı futbolçuların əksəriyyəti gənc yaşlarında Avropa klublarına
yollanırlar. Biz də onlar kimi etməliyik.

Hər şeyi bir qırağa qoysaq, bizdə bu günə kimi ən azı 1-2 yüksəksəviyyəli
legioner həyatı yaşayan futbolçu olmalı idi, lakin demək olar, yoxdur. Çünki
biz bunu mental olaraq da bacarmırıq. Azyaşlı futbolçuların xaricə çıxmağına
bəzi vaxtlarda valideynləri icazə vermir. Başqa ölkəyə getmək şansı olan
futbolçulara böyükləri tərəfindən icazə verilmir. Yuxarıda sadaladığım amillər
Avropa səviyyəli futbolçu yetişdirməyimizə mane olur. Bəzən elə hallar yaşanır
ki, gənc oyunçu imkansızlıq səbəbindən karyerasını başa vurmalı olur, yaxud da
I və II Liqaya üz tutur. Təbii ki, bu da onun özünü inkişaf etdirməsinə mane
olur. Çıxış yolu hər şeyə sıfırdan başlamaqdır. Uşaq futbolçular komandaların
akademiyalarında qalmalı, orada qidalanmalı, təhsil almalı və yalnız futbolu
düşünməlidirlər”.

Vəli Qasımov (“Şamaxı”): “Şamaxı”ya futbol ənənəsi yeni gəlib. Futbola maraq
yaranıb, aşağı yaş qruplarına yazılmaq üçün çox tələb var. Aşağı yaş
qruplarımızda futbolçular yetişir, hər gün məşqlər keçirilir. Bütün bunların
nəticəsini 3-4 il sonra görmək mümkün olacaq. Əminəm ki, milli komandamızda
“Şamaxı”nın akademiyasından kimlərsə dəvət alacaq. Futbol Akademiyası yeni
açılıb, ona görə də müəyyən vaxt lazımdır”.

Fəxrəddin Həsənov (“Sumqayıt”): “Əslində, çox yaxşı və geniş mövzuya
toxunmusunuz. Bu barədə saatlarla müzakirə aparmaq olar. Gəlin, əvvəlcə
dəqiqləşdirək ki, yüksəksəviyyəli oyunçu deyəndə kimi nəzərdə tuturuq? Söhbət
dünya səviyyəli oyunçudan gedirsə, belələri Azərbaycanda, ümumiyyətlə, yoxdur.
Amma söhbət Azərbaycan səviyyəsində futbolçulardan gedirsə, bu gün Premyer
Liqanın bir neçə klubunda, həmçinin “Sumqayıt”ın özündə çıxış edən oyunçular
var ki, onlar sırf “Sumqayıt” Futbol Akademiyasının yetirmələridir. Bunlara
nümunə olaraq hazırda “Turan Tovuz”da çıxış edən Tural Bayramlı və Xəyal
Nəcəfovu, “Araz-Naxçıvan”dan Bəxtiyar Həsənalızadəni, “Səbail”də çıxış edən
Süleyman Əhmədov və Rüfət Abdullazadəni, öz komandamızın üzvləri Səbuhi
Abdullazadə, Nihat Əhmədzadə, Sənan Muradlı, Xəyal Fərzullayevi misal göstərmək
olar.

Ümumiyyətlə, bir uşağın futbolçu kimi yetişməsi üçün onun bütün həyat tərzi,
ətrafı, ailəsi, dostları, həyatı bu yöndə inkişaf etməlidir. Sadəcə, gəldim, 2
saat məşq etdim, getdim deməklə futbolçu olmaq mümkün deyil. Fikir
verirsinizsə, aşağı yaş qruplarında, məsələn, 16-17 yaşa qədər müəyyən qədər
istedadlı oyunçular nəzərə çarpsa da, sonrakı inkişaf prosesində onların çoxu
gözdən itirlər. Bunun səbəbi də yuxarıda sadaladığım faktorlardır. Yeməyindən
tutmuş yuxusuna, gündəlik həyat ritmindən tutmuş vərdişlərinə, ətrafındakı
dostlarından tutmuş ailəsinə qədər bir çox faktorlar bunda həlledici rol
oynayır.

Uzun sözün qısası, “Sumqayıt” Futbol Akademiyası olaraq mümkün qədər çalışırıq
ki, bizim müxtəlif yaş qruplarında məşq edən uşaqları, yeniyetmələri, gəncləri
layiqli oyunçular kimi Azərbaycan futboluna bəxş edək”.

Camal Bülbül (“Neftçi”): “Əslində Azərbaycanda bacarıqlı uşaqlar var. Lakin
söhbət onların necə yetişdirilməsindən gedir. Yüksəksəviyyəli futbolçuların
yetişməsi üçün bütün futbol meydanları eyni vəziyyətdə olmalıdır. Təbii ki, ot
örtüyünün səviyyəsinin qənaətbəxş olması şərti ilə. Həmin uşaqlara həmin
meydanlarda hansı məşqçilər futbolu öyrədəcək – bu da önəmli faktordur. Bu
baxımdan ölkədə savadlı məşqçilərin sayı artırılmalı və həmin mütəxəssislər
yeniliklərə açıq olmalıdırlar. Bu gün “Neftçi”nin aşağı yaş qruplarında yetişən
bir neçə futbolçu var ki, onlar Premyer Liqada çıxış edirlər. Rza Cəfərov,
Ağdadaş Salyanski və Murad Məmmədovun adlarını çəkə bilərəm. Cari mövsümün
əvvəlində komandadan ayrılan Rüfət Abbasov, Fərid Yusifli və İsmayıl Zülfiqarlı
da “Neftçi”nin yetirmələridir. “Neftçi” Futbol Akademiyası olaraq rəhbərliklə
ortaq qərarlarımız var. İrəliyə addımlamaq baxımından planlarımızı həyata
keçirməyə çalışırıq ki, gələcəkdə daha yüksəksəviyyəli futbolçular yetişsin”.

Mirbağır İsayev (“Səbail”): “Mən bu məsələdə fərqli düşünürəm. Futbolçunun
yetişməməsində ən böyük problem məşqçilərdədir. Problemin kökünü ilk növbədə
burada axtarmalıyıq. Digər nüanslar haqqında isə çox danışmaq olar. “Səbail”də
niyə futbolçu yetişmir? Bu sualla razı deyiləm. Son bir ili götürsək, əksər
klublarda “Səbail”in yetirmələri var. Bu mövsüm 5 futbolçumuz “Sabah”a keçib, 7
futbolçumuz isə “Qarabağ”a. Təkcə Sadiq Məmmədzadəni nümunə göstərə bilərəm ki,
7 il akademiyamızın yetirməsi olan qapıçı mövsümün əvvəlində “Qarabağ”a
transfer olundu. Hazırda Ağdam klubunun əsas komandasında çıxış edir”.

Vasif Vəliyev (“Kəpəz”): “Çox gözəl mövzuya toxunmusunuz. Məsələ geniş olsa
da, qısa şəkildə onu deyə bilərəm ki, uşaq futbolunun inkişaf strategiyası
yazılıb dövlət proqramına salınmalı, futbol akademiyası tam şəkildə fəaliyyət
göstərməlidir. Bundan başqa, məşq meydanlarının sayı artırılmalıdır. Dünyada
futbol daim inkişafda olduğu üçün məşqçilərin də bilik və bacarıqlarını
artırması mütləqdir. Uşaq komandaları il ərzində keçirilən beynəlxalq
turnirlərdə daha çox iştirak etməlidir”.

Source link