218bbfc9-dd23-4927-b621-aad544565377..jpg

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dəfələrlə sübut edib” – ŞƏRH + FOTO

Baxış sayı: 758 dəfə baxılıb.

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dəfələrlə sübut
edib” – ŞƏRH + FOTO

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini Balkan
region ilə əməkdaşlıq əlaqələri təşkil edir. Bu xüsusda Prezident İlham
Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və
Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu
çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin
prezidentimizin Bosniya və Herseqovinaya 2023-cü il 13 aprel tarixində rəsmi
səfəri əhəmiyyətli müzakirələrlə yadda qaldı”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman
yüksək səviyyədə olub və müsbət dinamika ilə seçilib:

“İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il 5 iyun tarixində
qurulub. 2022-ci ildə bu tarixin 30-cu ildönümü qeyd olundu. Ötən illər ərzində
qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri
siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf
edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Aprelin 25-də isə
Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın
“FGSZ”, Slovakiyanın “Eustream” və Azərbaycanın Dövlət Neft Şirkəti arasında
əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Hesab edirəm ki,
bu anlaşmanın imzalanması enerji ixracı ilə əlaqədar tarixi bir hadisədir.

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu artıq dəfələrlə
sübuta yetirib. İmzalanan Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı
baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyi də şübhəsizdir.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun
dili ilə desək, bu qış Avropanın enerji təchizatının təhlükəsizliyini təmin
etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici oldu. Komissiya
Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün
alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.

Sadiq Qurbanov onu da qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti və yorulmaz səyləri nəticəsində biz Azərbaycandan Avropa İttifaqına
təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq:

“Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə
SOCAR arasında Memorandumun imzalanması özü də “Həmrəylik Halqası” təşəbbüsünün
reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində
iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji
təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın
alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Eyni
zamanda, dövlətimizin başçısı İlham Əliyev imzalanma mərasimində çıxışı zamanı
qeyd edib ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından
sonra hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə
çevrilməsi üzərində çalışırıq. Azərbaycanda ilk külək və günəş enerjisi
stansiyalarının tikintisi artıq başlayıb.

Azərbaycan Avropa üçün ən əhəmiyyətli ölkələrdən, strateji tərəfdaşlardan
biridir. Bölgənin xüsusi çətinliyinə çevrilmiş enerji təminatı probleminin
azaldılması həm Azərbaycanın, həm də Avropanın xeyrinədir. Bu proses davam
edəcək. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın Avropaya enerji ixracını
artırması, əməkdaşlığın genişlənməsi, həyata keçirilən önəmli layihələr
ölkəmizin mədəniyyətinin də dünyada tanınmasına təkan verəcək. Hər bir dövlət
çalışır ki, mədəniyyətini dünyaya ixrac etsin. Bizim addımlarımız uğurlu
olacaq”.

Aysel Aslan

Source link