Azərbaycan BMT-ni Qarabağda ələ keçirilən hərbi vasitələrin
sənədləşdirilməsinə dəvət edib
“Antiterror tədbirləri nəticəsində zərərsizləşdirilən və ya ələ keçirilən
silahların mürəkkəbliyi və təşkilatlandırılması Ermənistanın Qarabağdakı hərbi
personalını yerli milislər və ya silahlı mülki şəxslər kimi təsvir etmək
cəhdlərini ifşa edib”.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur
Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı
müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.
“Ermənistan qüvvələrinin Qarabağda törətdiyi təhlükəsizlik təhdidlərinin ən
bariz göstəricisi əməliyyat zamanı məhv edilmiş və ya ələ keçirilmiş, həmçinin
Qarabağ boyunca tapılmış silahların həcmi və qabaqcıl texnologiyalı hərbi
vasitələrdir”, – Elnur Məmmədov vurğulayıb.
Nazir müavini qeyd edib ki, Azərbaycan BMT-ni bu hərbi vasitələrin
sənədləşdirilməsinə, tərk-silah prosesinə yardım etməyə və Ermənistanın
qanunsuz fəaliyyətlərini bütün dünya üçün sənədləşdirməyə dəvət edib.