05375240-c8a5-4148-9c48-bd57c6aed2af..jpg

Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb – FOTO/VİDEO

Baxış sayı: 727 dəfə baxılıb.

Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş
imzalanıb – FOTO/VİDEO

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab
Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla
yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın
müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət
himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən
məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin
inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi
vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də
əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini söyləyib.

Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində
vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən
təxribatlar barədə məlumat verib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız
arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər
iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür
görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin
əhəmiyyətini xüsusi vurğulayıb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi
texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli
hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə
təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir
mübadiləsi aparılıb.

Geniş tərkibdə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə
Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”
imzalanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.


Source link