68c0d20b-686b-4c9d-a48b-c413b280ee32..jpg

Azərbaycan millisinin rəhbəri: “Hədəfimiz Avropa çempionu olmaqdır”

Baxış sayı: 688 dəfə baxılıb.

Azərbaycan millisinin rəhbəri: “Hədəfimiz Avropa çempionu olmaqdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hədəfimiz Avropa çempionu olmaqdır”.

Bunu “Report”a açıqlamasında amputasiya olunmuş şəxslərdən ibarət futbol üzrə
millinin rəhbəri Elnur Sadıqov deyib.

O, yığmanın 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final
mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib. Komandanın rəhbəri qitə
birinciliyinə böyük ümidlərlə yollanacaqlarını söyləyib:

“Yeganə məqsədimiz qatıldığımız bütün turnirlərdə birinci yeri tutmaq,
Azərbaycanın bayrağını, adını ucaltmaqdır. Millətlər Liqasına bu düşüncə ilə
yollanmışdıq. Avropa çempionatına da tam gücümüzlə hazırlaşacağıq. Bunu
bacarsaq, dünya çempionatına yolumuz açılacaq”.

E.Sadıqov Millətlər Liqasının D divizionunda ikinci yeri tutmalarını böyük
uğur adlandırıb:

“Komandamızın əsası Qarabağ qazilərindən təşkil olunub. Bu səbəbdən bizdə
Vətənə, bayrağa sevgi ilk növbədə gəlir. Bunu uşaqların gecə-gündüz
çalışmalarından gördüm. Stadionla, məşq keçməklə bağlı sıxıntılar çəksək də,
Millətlər Liqasında uğurlu oyunlar keçirdik. Qarabağda olduğu kimi, yaşıl
meydançalarda da can qoymağa çalışdıq”.

Millinin rəhbəri yarışın qalibi ola bilməmələrini haqsızlıqla üzləşmələri ilə
əlaqələndirib:

“Millətlər Liqasında birinci yeri tutmağımıza imkan vermədilər. Niderlandla
oyundan əvvəl Dövlət Himni sona qədər səsləndirilmədi. Bu, uşaqlara psixoloji
təsir göstərdi. Bəzi ölkələrdə Azərbaycanın uğurlarına hələ də paxıllıq
edirlər. Niderlandın kuboku qazanması qurulmuş bir plan idi. Matç başlayan kimi
heç nədən qapımıza penalti təyin olundu. Ardından ikinci dəfə əleyhimizə
penalti verildi və oyunçumuz qırmızı vərəqə aldı. Meydanda azlıqda qalanda isə
güclü rəqiblə mübarizə aparmaq çətin olur”.

O, AFFA və ANAMA rəhbərliyinə də təşəkkür etməyi unutmayıb:

“Millətlər Liqasına hazırlaşmağımızın, turnirə getməyimizin əsas
səbəbkarlarından biri AFFA olub. Bizə verilən dəstəyə görə baş katib Sərxan
Hacıyevə və AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bütün texniki
avadanlıqlarla bizi təmin etdilər. Hətta Şotlandiyada da AFFA nümayəndəsi bizə
kömək göstərdi. Bu sözlər ANAMA-ya da şamil edilir. Bu iki qurumun dəstəyi
olmasaydı, Millətlər Liqasında iştirakımız çətinləşərdi. Sərxan Hacıyev hətta
Avropa Amputant Futbol Federasiyasının prezidenti ilə bununla bağlı danışmışdı.
Çünki turnirdə iştirakımız sual altında idi. Sərxan müəllimin danışıqları
sayəsində Millətlər Liqasına qatıldıq”.

Qeyd edək ki, millimiz Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı
ilə Şotlandiyada keçirilən Millətlər Liqasının D divizionunda Niderland,
Şotlandiya, Albaniya və Kosovo ilə mübarizə aparıb. Avropa çempionatında isə 16
komanda çıxış edəcək.

Source link