Azərbaycan Prezidenti Koreyanın Ticarət və Sənaye Palatası sədrini qəbul edib
– YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya
Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun
sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd
edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin
təəssürat oyatdığını deyib, bununla bağlı təbriklərini çatdırıb. Qonaq
Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi
əməkdaşlıq imkanlarını qeyd edib.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi,
Azərbaycanın zəngin bərpa olunan enerji potensialının reallaşdırılması,
həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya
texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq
məsələləri müzakirə olunub. Ölkələrimiz arasında turizm əlaqələrinin
genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən
“SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin
ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ
dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512,
dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif
ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika və kimya,
informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl
materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində
fəaliyyət göstərir.
12:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya
Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun
sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AZƏRTAC
xəbər verir.