bacc4a44-ff09-4d9f-bad7-914c2490e1cf..jpg

Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN)
etiraz notası göndərib.

“Report”un Moskva bürosu xəbər verir ki, nota cari ilin 7 avqust tarixində
Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının
yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.

Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı
təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya Xarici İşlər
Nazirliyinə etiraz notası ünvanlanıb və Səfir Polad Bülbüloğlu Sverdlovsk
vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və
qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində
fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri
Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlamışdır.

Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada
Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının
qəbuledilməz olduğu çatdırılmış, ölkənin hakim partiyasının təmsilçisinin bu
addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik
əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli
əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılmışdır.

Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar
təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə
və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının
qətiyyətlə alınması təkidlə xahiş olunmuşdur.

Qeyd edirik ki, hazırda Səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir.

Source link