2e2f7cd0-c161-41cb-a00a-61536f4d1773..jpg

Azərbaycanda qiymətləndirmə ilə bağlı yeni qanunun qəbulu sektora necə təsir edəcək? – FOTO

Baxış sayı: 648 dəfə baxılıb.

Azərbaycanda qiymətləndirmə ilə bağlı yeni qanunun qəbulu sektora necə təsir
edəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi sabah
Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq. Qanunun
qiymətləndiricilərin statusuna aydınlıq gətirəcəyi, qiymətləndiricilərin
özünütənzimləmə mexanizminin və inzibati təsir rıçaqlarının formalaşmasına
səbəb olacağı, eyni zamanda qiymətləndiricilərin reyestrini həyata keçirməyə
imkan yaradacağı bildirilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Report”a
açıqlamasında yeni qanunun bu sahədə nəyi dəyişəcəyinə toxunub:

“Mövcud qanun layihəsi 25 il öncə qəbul olunub və yenilənmələrə ehtiyac var.
Azərbaycan Qiymətləndiricilər Palatasının da formalaşdırılması təqdirəlayiqdir.
Baxmayaraq ki, ötən dövr ərzində AQC aktiv fəaliyyət göstərib və ölkədə
qiymətləndiricilərin yeganə kollektiv təşkilatı olub, inzibati təsir
rıçaqlarının olmaması qarşıda duran əsas maneələrdən olub.

Ümid edirik ki, yeni qanun layihəsi və yeni yaranacaq Palata Azərbaycanda
qiymətləndiricilərin qarşılıqlı və koordinasiyalı fəaliyyətinin təşkilində, bu
sahədə şəffaflığın təmin olunmasında, peşəkar qiymətləndiricilərin yetişməsində
xüsusi rol oynayacaq. Bu, qiymətləndiricilərin fəaliyyətində keyfiyyətcə yeni
mərhələnin başlanğıcıdır və AQC olaraq biz də bu prosesdə fəal iştirak etmək
niyyətindəyik. Ümidvarıq ki, 25 il mövcud olmuş qiymətləndirmə mexanizminin
hüquqi varisliyi məsələsi də diqqətdən kənarda qalmayacaq. Bu gün cəmiyyətdə 60
peşəkar qiymətləndirmə şirkəti təmsil olunur ki, onlar yüzlərlə
qiymətləndiricinin mövqeyini ifadə edirlər”.

O bildirib ki, yeni qanun layihəsində kifayət qədər mütərəqqi məqamlar olsa
da, müəyyən dəyişikliklərə də ehtiyac var:

“Qiymətləndirmə fəaliyyətinin məzmunun müəyyən edilməsi və tənzimlənməsi,
qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi, qiymətləndirmə
fəaliyyətinin tənzimlənməsinin mexanizmlərinin, beynəlxalq standartların
tanınması və tətbiqi, əmlakın dəyəri üzrə məlumat bazasının yaradılması,
müstəqil qiymətləndiricilərin həmin bazalara daxil olmasına şərait yaradılması,
müvafiq sertifikatların sayının mimimuma endirilməsi, qiymətləndirməni
tənzimləyən və təşkil edən Palatanın fəaliyyət dairəsinin sahəsini tam əhatə
etməsi, qiymətləndirici şirkətlərin inklüziv yanaşma əsasında inkişafının
təmini və digər təkliflərimizi həm layihənin ideya müəllifi olan İqtisadiyyat
Nazirliyinə, həm də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinə təqdim etmişik.

Qarşıda duran əsas məsələ yeni qanunun qiymətləndiricilərin təkliflərini
nəzərə alaraq qəbul etmək və qanunun işlək mexanizmlərinin yaradılmasına nail
olmaqdır. Əminik ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun
Azərbaycanda qiymətləndirmə sektorunun tərəqqisinə gətirib çıxaracaq”.

V. Oruc vurğulayıb ki, AQC Qiymətləndiricilər Palatası yaradılandan sonra da
fəaliyyətini davam etdirəcək: “Cəmiyyətimiz Azərbaycan Qiymətləndiricilər
Palatasının fəaliyyətində aparıcı rol oynamağa çalışacaq. Qiymətləndirmə
sahəsində qarşılaşdığımız problemlərin həllində yaxından iştirak edərək,
onların aradan qaldırılmasına töhfəmizi verəcəyik. Yəni, fəaliyyətimiz bundan
sonra davam edəcək. Hesab edirik ki, Azərbaycan Qiymətləndiricilər Palatasının
fəaliyyətə başlaması AQC-nin fəaliyyətinin zəifləməsinə yox, daha da inkişafına
rəvac verəcək”.

Source link