73dfdb98-a4a0-48e1-9b23-ea9f49c9ddf4..jpg

Bəxtiyar Əliyev: “Azərbaycanda “daxildə emal” investisiya qoyuluşu imkanlarını artıracaq” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 670 dəfə baxılıb.

Bəxtiyar Əliyev: “Azərbaycanda “daxildə emal” investisiya qoyuluşu imkanlarını
artıracaq” – MÜSAHİBƏ + FOTO

Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq
edilmiş 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası üzrə
ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının
sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə “daxildə emal” xüsusi gömrük
prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi xüsusi önəm kəsb edir.

Bununla əlaqədar olaraq, “daxildə emal” xüsusi gömrük prosedurundan
istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın
artırılması məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı
qəbul edilib. Bəs bu Qərar hansı dəyişikliklərə səbəb olacaq?

Bununla bağlı “Report”un suallarını İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin
müdiri Bəxtiyar Əliyev cavablandırıb.

-Yeni qərarın mahiyyətinin daha aydın başa düşülməsi üçün öncə “daxildə emal”
və “emal əməliyyatları” anlayışlarını izah edərdiniz. “Daxildə emal” və “emal
əməliyyatları” dedikdə nələr başa düşülür?

– “Daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac
edilməsi məqsədi ilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və
vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük
prosedurudur. “Emal əməliyyatları” dedikdə malların hazırlanması, emalı, təkrar
emalı və təmiri başa düşülür.

“Daxildə emal” proseduru altında yerləşdirilən xarici xammallar gömrük
ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları,
malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş ƏDV və aksizlər)
istifadə edilir.

– “Daxildə emal” xüsusi gömrük proseduru daha çox hansı məqsədlər üçün
istifadə olunur?

– Ümumilikdə xarici ölkələrin təcrübəsində “daxildə emal” xüsusi gömrük
proseduru ixrac yönümlü istehsalın artırılması üçün geniş istifadə olunur. Belə
ki, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün
xammal və materiallar bu prosedur altında yerləşdirilir, gömrük rüsumu və
vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul
qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur.
Nəticədə istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyi
artır. Daxildə emal xüsusi prosedurunun üstünlüyü odur ki, məhsulun maya dəyəri
aşağı düşür, inzibatçılıq azalır, sahibkarların vaxtına və vəsaitinə qənaət
edilir, ölkəmizə investisiya yatırılması imkanları artır, istehsal olunan
məhsulların rəqabət qabiliyyəti yüksəlir, ixrac bazarlarına yönəlmiş istehsalın
artırılmasına şərait yaranır.

– Ümumilikdə qərarın tətbiqinin gətirdiyi əsas yeniliklər nələrdən ibarət
olacaq?

-Yeni dəyişikliklər şirkətləri “daxildə emal” xüsusi prosedurundan daha çox
istifadə etməyə bir növ təşviq edir. Qərarın gətirdiyi əsas yenilik “daxildə
emal” xüsusi gömrük prosedurundan istifadə imkanının genişləndirilməsi, yəni
malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı
müqaviləsi əsasında “daxildə emal” xüsusi gömrük proseduru altında
yerləşdirilməsi imkanının yaradılmasıdır. Dəyişiklik nəticəsində prosedur
sahibi xammal və ya materialı qanunvericilikdə nəzərdə tutulan müddət
çərçivəsində prosedur altında ölkəyə gətirib emal edərək istənilən ölkədəki
istənilən alıcıya ixrac etmək imkanı əldə etmiş olur. Qərar qəbul edilənədək
isə daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanı sifariş (emal)
müqaviləsinin bağlanması ilə məhdudlaşdırılmışdı, mal emal olunub sifarişçiyə
geri qaytarılırdı və bir növ bu prosedur ancaq sifariş müqaviləsində nəzərdə
tutulan xidmətin göstərilməsini ehtiva edirdi.

Qaydalara edilmiş yeni dəyişikliklərə əsasən, “daxildə emal” xüsusi gömrük
prosedurundan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi də
sadələşdirilib.

Beləliklə, yeni dəyişikliklərin qəbul edilməsi ilə daxildə emal xüsusi gömrük
prosedurundan istifadə şərtlərinin sadələşməsi nəticəsində həmin prosedurdan
istifadə edən şəxslərin dairəsinin genişlənməsi, orta və uzunmüddətli dövrdə
“daxildə emal” proseduru altında emal edilərək ixrac ediləcək malların xüsusi
çəkisinin artımı proqnozlaşdırılır.

– Dəyişikliklər sahibkarın bazarın digər iştirakçıları ilə rəqabət aparmasına
necə təsir göstərəcək?

– Misal üçün qeyd edim ki, sahibkar müxtəlif qablaşdırma məhsulları istehsal
və ixrac edir, bununla bağlı ölkəyə bir sıra xammallar idxal edir. Daxildə emal
xüsusi prosedurundan istifadə etməyən sahibkar xammalı idxal edərkən ona gömrük
rüsumu və idxal ƏDV-si ödəyir. Bu zaman ƏDV-ni sonradan əvəzləşdirmək və ya
artıq ödənilmiş ƏDV kimi geri almaq mümkün olsa da, ödənilmiş gömrük rüsumları
əlavə xərc olaraq məhsulun maya dəyərinin üzərinə gəlirdi. Bəzi hallarda
sahibkarlar bazardakı mövqeyini qorumaq üçün məhsulu demək olar ki, maya
dəyərinə satmağa məcbur olurdu. Və yaxud bir çox hallarda gömrük rüsumları
malın maya dəyərində əlavə yük yaratdığından bazarın digər iştirakçıları ilə
rəqabət aparmaq çətin olurdu. Yeni qaydalara uyğun olaraq isə sahibkarların
istər xammal alışı və ya xidmət sifarişlərinin əhatə dairəsi, istərsə də ixrac
dairəsi xeyli genişlənir.

Source link