a6752d78-067f-4bbd-99d8-5a9080fbc7fc..jpg

Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək

Baxış sayı: 705 dəfə baxılıb.

Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək

31 may-3 iyun tarixlərində Bakı şəhəri Xəzər regionunun ən nüfuzlu enerji
tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək. Bakı Enerji Həftəsi
çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil & Gas”,
11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və
28-ci Bakı Enerji Forumunu keçiriləcək.

APA-nın xəbərinə görə, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək
tədbirlərdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus,
Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa,
Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan,
Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya,
Səudiyyə Ərəbistanı, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyadan artıq
164 şirkət iştirakını təsdiq edib. “Caspian Oil & Gas” və “Caspian Power”
sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa
edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.

Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Heydər Əliyev
tərəfindən irəli sürülüb. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən
ümummilli lider tərəfindən dəstəklənib. Bu il ümummilli lider Heydər Əliyevin
anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidentiİlham
Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında
Sərəncam imzalayıb. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin
proqramlarında da öz əksini tapacaq.

“Caspian Oil & Gas” sərgisi artıq 27 ildir ki, neft, qaz və enerji sektorunda
əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə
sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil edilən
sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz
təbrik məktublarını göndərirlər. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksək
rütbəli qonaqlar iştirak edirlər.

Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri Bakıya toplaması təsadüfi
deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil
edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana
çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu
siyasəti nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü deyib. Bu gün
Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi
“Caspian Oil & Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm
mövzulara neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı,
boru kəmərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft/qaz emalı,
enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə
və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir.

“Caspian Oil & Gas” sərgisi ilə eyni tarixlərdə təşkil ediləcək digər tədbir
isə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power”
olacaq. Sərgi gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpa
olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və
bununla bağlı təkliflər əks olunacaq. Sərgidə Günəş enerjisi, külək enerjisi,
geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji
avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və
resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunacaq.
Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaq. Forumda həm
Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə
olunacaq. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir
zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji
sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu və s.
daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr
aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş
dəyirmi masada qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji
keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə olunacaq. Bundan
əlavə, tədbirdə diqqət mərkəzində Xəzər regionunun bərpa olunan enerji
mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpa olunan enerji
mənbələrinin infrastrukturunun inkişafı, yaşıl enerji sahəsində layihələrin
həyata keçirilməsi olacaq.

Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır
emissiya, “Zero Waste” (“Sıfır tullantı”) proqramı da daxil edilib.
Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero
Waste” proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq olunacaq. Bu
məqsədlə tədbir zamanı çap vasitələrindən istifadə minimuma endirilərək,
elektron vasitələrə üstünlük veriləcək və beynəlxalq “Zero Food Waste”
təşəbbüsünə əsasən, qidadan optimal istifadə prinsipi tətbiq olunacaq. Tədbirin
keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Mərkəzdə
quraşdırılmış Günəş enerjisi panelləri vasitəsilə enerji istifadəsinə sərf
olunan xərclərə qənaət edilir.

Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan
şəhərində xüsusi sessiyanın keçirilməsi gözlənilir. Naxçıvan şəhərində xüsusi
sessiyanın planlaşdırılması təsadüfi deyil. Belə ki, “Heydər Əliyev İli”
kontekstində bu sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan
başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək
planlaşdırılır. Ölkə başçısı İlham Əliyev bu yaxınlarda bildirib ki, Naxçıvanda
su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də
Günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların
atılması gözlənilir. Naxçıvanda təşkil olunması planlaşdırılan tədbir
çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram da keçiriləcək.

Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Source link