b87b846c-d139-4154-be61-6133184a1131..jpg

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yoldan istifadə xüsusi çip kartla olacaq

Baxış sayı: 819 dəfə baxılıb.

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yoldan istifadə xüsusi çip kartla
olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni yoldan istifadə
xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək.

“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 20-də Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında
iştirak edən Azərbaycan Prezidentiİlham Əliyevə görülən işlər barədə məlumat
verərkən bildirib.

Onun sözlərinə görə, ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu
üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir:

“İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test
ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd
olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur”.

Diqqətə çatdırılıb ki, bu magistral yolun tikintisi AAYDA-nın nəzarəti altında
5 hissə üzrə həyata keçirilib:

“Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət
məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin
hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb”.

Bildirilib ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda
müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

S. Məmmədov bildirib ki, kartın 2 formada olması nəzərdə tutulub:

“Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə
edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər. Ödənişli yol
sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı
verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı
əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan
istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə
ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun
üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş
balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar,
təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən
avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün
məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə
elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR
kodları ilə mobil ödənişlər də mümkün olacaq”.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim
olunub.

Source link