Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Baxış sayı: 6. 058 dəfə baxılıb.

Fevralın 24-ü saat 14:00-a olan məlumata əsasən elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I siniflərinə qəbul üçün 30 mindən çox sorğu yerləşdirilib.

Onlardan 29 minə yaxını ümumi təhsil məktəblərini, 2 minə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.

Bu barədə ÇıxışYolu.Com-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.  

Məlumatda bildirilir ki, bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib.

Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər.

Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I siniflərə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

www.ÇıxışYolu.Com