18efe77c-016a-4c00-a805-c31fa0b661a6..jpg

Bakıda arvadına 12 bıçaq zərbəsi vuran qısqanc kişi ilə bağlı qərar verildi

Baxış sayı: 1. 001 dəfə baxılıb.

Bakıda arvadına 12 bıçaq zərbəsi vuran qısqanc kişi ilə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlayaraq öldürmək istəyən Əbülfəz
Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası
başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbülfəz Babayev 14 il müddətinə
azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş
verib.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə
arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə,
Ə.Babayev arvadına mətbəx bıçağı ilə 12 dəfə zərbə vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün
olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən Əbülfəz Babayev polis əməkdaşları
tərəfindən saxlanılıb.

İstintaqla müəyyən olunub ki, 2018-ci ilin noyabr ayında cəzaçəkmə
müəssisəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nikahda olduğu Təranə
Babayevanın qohumu ilə yaxın münasibət saxlayaraq ona xəyanət etməsindən
şübhələnib.

Bu səbəbdən aralarında mütəmadi mübahisələr baş verib.

Dekabrın 1-də saat 21:30-da yaşadıqları evdə Əbülfəz Babayev otaqdan bıçağı
götürüb əlində gizlədərək hamam otağına keçib. Arxadan yaxınlaşıb müqavimətini
qırmaq məqsədi ilə sol əli ilə arvadının ağzından tutub. Ayaq üstə, sonra isə
arxası üstə yıxılmış vəziyyətdə qadının bədəninə çoxsaylı zərbələr yetirib.

Səs-küyə azyaşlı qızlarının ora gəlmələrinə məhəl qoymayaraq xəsarətlər
yetirməkdə davam edib. Sonra hadisə yerinə gələn atası bıçağı onun əlindən alıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Əbülfəz Babayev bildirib ki, həmişə
həyat yoldaşına inanıb. Amma son vaxtlar arvadının bəzi hərəkətləri onda şübhə
yaratmağa başlayıb. Aralarında baş verən mübahisədən sonra həyat yoldaşı
barəsində polis bölməsinə şikayət edib. Yoldaşının anasına zəng edərək qızını
gəlib aparmasını deyib.

Hadisə baş verən günü əmisi oğlunun həyətlərində Təranə ilə söhbət etdiyini
görüb və bundan əsəbiləşib.

Əbülfəz Babayev qeyd edib ki, arvadını qətlə yetirmək məqsədi olmayıb. Ona
qorxutmaq üçün xəsarətlər yetirib.

Zərərçəkmiş Təranə Babayeva ifadəsində bildirib ki, Əbülfəz Babayev ilə
2005-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 6 övladı var. Əri, həmçinin
Əminə adlı qadınla da qeyri-rəsmi nikahda olub.

Həyat yoldaşı CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə 8 ay müddətinə azadlıqdan
məhrum edilib.

2018-ci ilin noyabr ayında azadlığa çıxdıqdan sonra əsassız yerə onu
qısqanmağa və xəyanətdə ittiham etməyə başlayıb. Həmin vaxtdan Əbülfəzlə
münasibətləri korlanıb. Onun mobil telefon işlətməsinə şübhə ilə yanaşıb və
telefon işlətməməsini bildirib. Əbülfəzin pula ehtiyacı olduğu üçün bir müddət
sonra həmin telefonu satıb.

Oktyabr ayında Əbülfəz onunla dalaşdığından 20 gün inzibati həbsdə qalıb.
Dekabrın 1-də axşam hamam otağında olanda əri ora girən kimi onu tutub yerə
yıxıb və bədəninə ardıcıl zərbələr vurub. Huşunu itirdiyi üçün sonra baş
verənlərdən xəbəri olmayıb.

Məhkəmə iclasında Əbülfəz Babayev ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses zamanı Əbülfəz Babayevin arvadının ona xəyanət etməsi sübuta
yetirilməyib. Belə ki, Təranə Babayevanın və hadisə şahidlərinin ifadələri,
üzləşdirmə, telefon danışıqlarına dair baxış protokolları ilə sübuta yetirilib
ki, qadının heç kimlə münasibəti olmayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən
adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Source link