Bakıda İmam Əlinin doğum gününü qeyd etdilər: Ad günün mübarək - VİDEO

Bakıda İmam Əlinin doğum gününü qeyd etdilər: Ad günün mübarək – VİDEO

Baxış sayı: 2. 878 dəfə baxılıb.

Azərbaycanda Hz. Əlinin doğum günü münasibətilə ad günü mərasimi keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, keçirilən mərasim sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım izləyicilər tərəfindən birmənalı qarşılanmayaraq, müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri mərasimin qərb adətləri ilə keçirildiyini, “ad günün mübarək” kimi ifadələrin işlədilməsinin gülünc situasiya yaratdığını deyib. 

Bəs, görəsən, ümumiyyətlə dində adı keçən şəxslərin doğum günlərinin qeyd olunması ilə bağlı şəriət nə deyir?

Məsələ ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, bu cür atəşfəşanlıqla mübarək şəxslərin mövlud gününün qeyd olunması həm milli dəyər, həm də dini baxımından düzgün deyil:

Bakıda İmam Əlinin doğum gününü qeyd etdilər: Ad günün mübarək - VİDEO

“İslamda istər peyğəmbərimizin, istərsə də imamların mövlud günü qeyd olunması ilə bağlı mərasimlər keçirilib. Həmin mərasimlərdə onların nümunəvi həyatından, əxlaqi hərəkətlərindən misal çəkilərək insanlar bilgiləndirilib. Ancaq təəssüf ki, bu günkü günümüzdə belə mübarək şəxslərin mövlud gününü adi insanların doğum gününü keçirirmiş kimi qeyd olunması hallarına rast gəlirik. Ona görə də mən bu cür halları həm adət-ənənə, həm də dini baxımdan düzgün qəbul etmirəm. Ola bilər həmin insanlar bununla öz sevgilərini bildirmək istəyirlər. Bu isə onların dini baxımdan məlumatsızlığından irəli gəlir. Tort gətirib, üstündə fişənglərlə qeyd olunması sadəcə olaraq islamın bayağılaşdırılmasıdır. Həmçinin bu hərəkət mənəvi dəyərlərimizin bilərəkdən və ya bilməyərəkdən gözdən salınmasına gətirib çıxarır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Fazil Mustafa bu cür mərasimlərin keçirilməsinin dinə zidd olduğunu və gözdən salınmasına gətirib çıxardığını qeyd edib.

Bildirib ki, İslam dinində kiminsə ölümünü, ad gününü qeyd etmək anlayışı yoxdur:

Bakıda İmam Əlinin doğum gününü qeyd etdilər: Ad günün mübarək - VİDEO

“O mərasimi keçirənlər, yəqin, fikirləşiblər ki, baş yarmaq əvəzinə, bu formada mövlud gününü qeyd etmək daha doğrudur. Məncə, baş yarmaq, özünü döymək, özünə xəsarət yetirməkdənsə, bu cür sakit formada keçirilməsi həmin insanların səviyyəsini göstərir.

Mən bunu müsbət qarşılamasam da, deyə bilərəm ki, həmin mərasimi qeyd edən şəxslər öz sevgilərini bu formada göstərirlər. Amma bu cür durumların dinlə heç bir əlaqəsi yoxdur. Çünki dində Məhəmməd peyğəmbərin, imam Əlinin doğum gününün qeyd olunması hallarına rast gəlinmir.

Din mahiyyətcə göndərilən “Qurani-Kərim” kitabından ibarətdir. Həmin kitabın doğru anlaşılması və yaşanması prinsipi tələb olunur. Sonrakı dövrlərdə kiminsə ad gününü, ölümünü keçirmək hoqqabazlıqdır. Bu cür halların baş verməsi həmin insanların dindən anlayışının olmamasından irəli gəlir.

Bu, İslam dininin hörmətdən salınmasına gətirib-çıxarır. Həmçinin zəkaca problemli insanların dində çoxluq təşkil etməsi dinin hörmətdən salınması üçün amil yaradır. Bu baxımdan, bu hərəkətləri səviyyəsiz hərəkət kimi qiymətləndirsəm də, baş yarmaqdan, özünə xəsarət yetirməkdən daha sivil addım kimi qəbul edirəm. Bir tərəfdən də bu, insanların haqqıdır. Buna görə də həmin məsələlərə müdaxilə etmək doğru deyil”.

Həmin videonu təqdim edirik:

.
www.ÇıxışYolu.Com