2ebcd161-92e4-44e8-9f69-94c2546d15e8..jpg

Bakıda özünü subay göstərib əmlakını satan polis polkovniki yenidən məhkəmə qarşısında

Baxış sayı: 664 dəfə baxılıb.

Bakıda özünü subay göstərib əmlakını satan polis polkovniki yenidən məhkəmə
qarşısında

Ali Məhkəmədə Şamaxı Rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn
Muradxanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə
iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə
keçirilən prosesdə keçmiş təqsirləndirilən şəxsin anket məlumatları
dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 16-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Muradxanov 7 il
müddətinə azadlıqdan məhrum edilib.

H.Muradxanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla
dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, o, evli olduğu halda özünü subay kimi təqdim edərək həyat
yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki,
H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna
görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata
keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli
olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə H.Muradxanov həyat yoldaşı M.Muradxanovadan boşanıb. Sonuncu
məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə
alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və
alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın D.V. polis polkovnikindən şikayətçi olub. O
iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib.

Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.

Sabiq rəis müavini məhkəmədə deyib ki, özünü bilərəkdən subay təqdim etməyib.
Sadəcə şəxsiyyət vəsiqəsi tərtib olunanda texniki səhvə yol verilib. Polkovnik
bildirib ki, sözügedən əmlak ona atasından qalıb və keçmiş həyat yoldaşına
aidiyyəti olmayıb. O, alqı-satqı zamanı həyat yoldaşının razılığı məsələsinə
diqqət yetirmədiyini bildirib.

Source link