fedf6cb9-289e-4685-984a-59647e50922d..jpg

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Baxış sayı: 795 dəfə baxılıb.

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Son illər Bakıda və ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi
evin tikilməsi paytaxtda boş, normal qiymətə və yaşayış təyinatlı torpaq sahəsi
tapmağı az qala qeyri-mümkün edib.

Başqa sözlə, Bakıda torpaq sahibi olmaq çətinləşib.

Bu fikri “Report”a açıqlama verən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”
İctimai Birliyinin sədri Vüqar Oruc da bölüşür.

Onun sözlərinə görə, son illər yaşayış təyinatlı torpaqlarla yanaşı, sənaye,
kənd təsərrüfatı və digər məqsədlərlə istifadə olunan torpaqlar da bahalaşıb,
necə deyərlər, əlçatmaz olub:

“Bahalaşma ilk növbədə torpaq sahələrinin azalması ilə bağlıdır. Ölkədə
sosial-iqtisadi inkişaf gedir, müxtəlif obyektlər tikilir. Müəyyən ərazidə
yaşayan insanların sayı artdıqca boş torpaq sahələri azalır. Son 10 ildə nəinki
Bakıda və onun ətrafında, bölgələrimizdə də torpağın qiyməti ciddi artıb. Yaxın
müddətdə fors-major hallar, ciddi iqtisadi və yaxud maliyyə böhranı, yaxud
hansısa fövqəladə hadisə baş verməsə, torpaq bazarında qiymət artımı davam
edəcək”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, torpaq bazarı ilə bağlı digər bir problem isə
vətəndaşların məlumatlılıq səviyyəsinin aşağı olmasıdır:

“Bəzən vətəndaşlar bir torpaq sahəsini gördükdə dərhal düşünürlər ki, onun
üzərində tikinti işləri aparmaq olar. Amma qanunvericiliklə torpaq sahələri
təyinatlar üzrə bölünüb. Əgər təyinat kənd təsərrüfatı üzrədirsə, onun üzərində
ev tikmək olmaz.

Vətəndaşlarımız çox zaman bundan xəbərsiz olur və torpaq sahəsini əldə edəndən
sonra problemlərlə üzləşirlər. Hazırda Bakıda kənd təsərrüfatı təyinatlı
torpaqların üzərində tikilmiş minlərlə ev var. Bu faktla artıq müvafiq
strukturlar barışıb. Amma bu torpaqların yanında da kənd təsərrüfatı təyinatlı
sahələri vətəndaşlarımız alır və üzərində tikinti aparırlar. Bu problemin
hüquqi yolla həllini tapmaq lazımdır. Ya həmin torpaqlara yaşayış statusu
verilməli, ya da bu torpaqların yaşayış üçün istifadəsinə birdəfəlik yol
verilməməlidir. Hesab edirəm ki, birinci variant məqsədəuyğundur. Əgər
ətrafında çoxsaylı tikililər varsa və faktiki yaşayış sahəsidirsə, kütləvi
surətdə kənd təsərrüfatı təyinatlı torpaqların statusunun dəyişilməsi
məsələsinə baxılmalıdır. Bu məsələdə ciddi nəzarət olmalı, həmin sahələrin
yaşayış üçün uyğun olub-olmaması, orada infrastrukturun inkişaf səviyyəsi,
yaxınlıqda çoxsaylı istehsalat müəssisələrinin olub-olmaması, ərazidən yüksək
gərginlikli elektrik xətlərinin keçib-keçmədiyi ciddi təftiş olunmalıdır.

Ümumiyyətlə, yaşayış təyinatlı torpaq ehtiyatlarımız azalır. Bunun üçün yeni
torpaq sahələri müəyyən edilməlidir”.

“Düşünürəm ki, faktiki yaşayış sahələri ilə bağlı vəziyyət sənədləşmə
prosesində nəzərə alınmalıdır. Yəqin ki, getdikcə sənədləşmə işlərində
sadələşmə olacaq. Bu sahədə qanunvericilikdə dəyişikliklər edilməli, istisna
hallar müəyyən olunmalıdır. Əgər bir ərazi kənd təsərrüfatı sahəsidirsə və
orada kütləvi məskunlaşma varsa, onun təyinatının dəyişilməsi müzakirə
edilməlidir”, – deyə V.Oruc əlavə edib.

Source link