2b553b27-aa1d-4a20-873d-e3cb64852a46..jpg

Bakının 100 nömrəli məktəbinin sinif otağına şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib – FOTO/VİDEO

Baxış sayı: 1. 018 dəfə baxılıb.

Bakının 100 nömrəli məktəbinin sinif otağına şəhid jurnalist Məhərrəm
İbrahimovun adı verilib – FOTO/VİDEO

Bakının Binəqədi rayonu şəhid Namiq Fərəczadə adına 100 nömrəli tam orta
məktəbin sinif otaqlarından birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı
verilib.

“Report”un xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə məktəbin müəllim və
şagird kollektivi, M.İbrahimovun ailə üzvləri, yaxınları və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycanın
Dövlət Himni səsləndirilib.

100 nömrəli məktəbin rus bölməsinin ibtidai sinif rəhbəri İnqa Tolmaçova
bildirib ki, M.İbrahimov burada təhsil alıb və oxuduğu müddətdə ən nümunəvi
şagirdlərdən biri olub. O söyləyib ki, Məhərrəm hər zaman məktəbin
tədbirlərində fəal iştirak edib:

“Məhərrəm hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilirdi. Jurnalist kimi
fəaliyyət göstərdiyi dövrdə də vətənpərvərliyini sübut edib. O, ömrünün sonuna
qədər Vətəninə, millətinə bağlı olub”.

Orta məktəb direktorunun müavini Kəmalə Hacıyeva deyib ki, təhsil ocağının
rəhbərliyi şəhid məzununun xatirəsini daimi əziz tutur və Məhərrəmin adını
əbədiləşdirmək üçün sinif otaqlarından birinə onun adını vermək qərarına gəlib:

“Məqsədimiz milyonların ürəyində özünə tac quran Məhərrəm İbrahimovun
xatirəsini əbədiləşdirməkdir”.

Ardınca M.İbrahimovun həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub,
şagirdlər şeirlər söyləyiblər.

Şəhidin ailəsi adından M.İbrahimovun bacısı Sevda Əsgərova çıxış edib. O deyib
ki, aprelin 16-da şəhid qardaşının 41 yaşı tamam olub:

“İki ildir ki, doğum gününü onsuz qeyd edirik”.

O, göstərdikləri diqqət və qayğıya görə məktəbin rəhbərliyinə təşəkkürünü
bildirib.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri
tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən
jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər
rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə
Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm
İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü
Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd
inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyev xidməti
vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə
borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov, Arif Ağalar oğlu Əliyev və
Məhərrəm Əli oğlu İbrahimovu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
təltif edib.


Source link