13540e63-c045-4553-bbe1-b2db8a937730..jpg

Bığına görə töhmət alan, həbsdən qorxub Gəncədən qaçan, arvadından sonra evlənməyən Xalq artisti – FOTO

Baxış sayı: 997 dəfə baxılıb.

Bığına görə töhmət alan, həbsdən qorxub Gəncədən qaçan, arvadından sonra
evlənməyən Xalq artisti – FOTO

Aprelin 22-i Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür. “Kulis.az” aktyor
haqqında maraqlı faktları təqdim edir.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan
qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir
insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha
sonra Ağahüseyn Cavadov Bakıda, “Səadət” məktəbinə daxil olur. 1919-cu ildə
həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan
vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir
yanında işləməyə başlayır.

İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara
baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə
zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.

1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı
teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi
Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan
Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Ac həriflər”, Soltanməcid
Qənizadənin “Xor-xor”, “Dursunəli və ballıbadı”, Mirmahmud Kazımovskinin “Molla
Cəbi”, “Daşım-daşım” pyes və vodevillərinin tamaşalarında iştirak edir.

1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır.
Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu
teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada “Bəxtsiz cavan”, “Pepo”, “Namus”,
“Morqanın qohumu” adlı tamaşalarda çıxış edir.

1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının
həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü
təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan
çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını
xilas edə bilir.

1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına
Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram
Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o,
“Nişanlı qız”, “Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Həyat”,
“Yadigar”, “Əcəb işə düşdük”, “Müfəttiş”, “Canlı meyit”, “Şeyx Sənan”, “Mənim
günahım” tamaşalarında maraqlı rollar yaradır.

Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn
Cavadovun xidməti böyük oldu.

Filmlərdə yaddaqalan rollar yaradıb. “Bəxtiyar”da Rza, “Görüş”də Əbülfəz rolu
tamaşaçılar tərəfindən çox sevilir.

Sonralar o, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Əhməd haradadır?”,
“Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şərikli çörək”,
“İstintaq davam edir”, “Mən ki gözəl deyildim”, “Bizim Cəbiş müəllim” və s.
filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.

Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: “İstedad
anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs
göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və
işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla,
Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu
sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər”.

Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə
Xalq artisti fəxri adlarına layiq görüldü.

Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham
Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalat barədə yazır:

“Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov”
pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər.
Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona
mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı
götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə
arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq
bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək
deyir:

– Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı
töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən
onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla
səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı
görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün
teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə
etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət
verilsin” elanı asılır”.

Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim
Cavadov babasını belə xatırlayır:

“Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun
həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa
Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi.
Nənəmlə babamın yeddi övladı – üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc
yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc
qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim.
Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər.
Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər
yaşadı. Evlənmədi”.

Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə
mübtəla olur.

1981-ci ilin 20 iyununda Bakıda dünyasını dəyişir.

Source link