Bişkekdə Nizami Gəncəvinin abidəsinin açılışı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bişkekdə yerləşən 103 nömrəli ümumtəhsil məktəbində Şərqin ən böyük
şairlərindən və mütəfəkkirlərindən olan Nizami Gəncəvinin büstünün təntənəli
açılış mərasimi keçirilib.
AZƏRTAC ”Veçerniy Bişkek” nəşrinə istinadla xəbər verir ki, təntənəli
mərasimdə Azərbaycanın Qırğızıstan Respublikasındakı səfiri Lətif Qəndilov,
Qırğızıstan Respublikası Parlamentinin (Joqorku Keneşin) sabiq spikeri,
Qırğızıstan Respublikası Ağsaqqallar Şurasının sədri Medetkan Şerimkulov,
Qırğızıstan Respublikası təhsil nazirinin müavini Bekjan Supanaliyev,
mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Marat
Taqayev, Joqorku Keneşin deputatı Nurjiqit Kadırbekov, Azərbaycanın Dostları
Klubunun prezidenti Assol Moldokmatova, Qırğızıstan Respublikası Xarici İşlər
Nazirliyinin Konsulluq Departamentinin direktoru Almaz Bukalayev, 103 nömrəli
məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri, həmçinin Bişkekdə yaşayan
azərbaycanlılar iştirak ediblər.
Qırğızıstan Respublikası Ağsaqqallar Şurasının sədri Medetkan Şerimkulova
bildirib ki, Qırğızıstan ilə Azərbaycanı bir-birinə ortaq tarixi köklər, mədəni
ənənələr və mənəvi-əxlaqi dəyərlər bağlayır.
“Nizami bütün dünyada olduğu kimi, ölkəmizdə də sevgi və ehtiramla yad edilir.
Xatırlatmaq istəyirəm ki, şairin ilk və sevimli həyat yoldaşı da adı əslində
Appak (qırğız dilindən tərcümədə – göz qamaşdıran bəyazlıq, kristal təmiz
deməkdir- red.) olan həmyerlimiz Afaq olub. Məhz ona Nizami çoxlu şeirlər həsr
edib”.
Digər qonaqlar çıxışlarında Nizami Gəncəvinin dünya ədəbiyyatı qarşısındakı
xidmətlərindən bəhs ediblər. Onların bir çoxu görkəmli şairin adını daşıyan
paytaxt məktəbinin şagirdlərinə müasir dünyanın yeni Nizamisi olmağı
arzulayıblar.
“Fəxr edin ki, Siz təkcə şair deyil, həm də böyük mütəfəkkir olan Nizami adına
məktəbdə təhsil alırsınız. Siz də onun nail ola bildiyi yüksək zirvələrə can
atın”, – deyə millət vəkili Nurjigit Kadırbekov bildirib.
Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov yekun
nitqində böyük şairin abidəsinin kimin təşəbbüsü ilə açıldığı barədə danışıb.
“Ötən il Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyev Bişkekdə Azərbaycan xalqının böyük şairi
Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli orta ümumtəhsil məktəbinin
açılışını ediblər. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin bilavasitə təşəbbüsü və göstərişi ilə Nizami Gəncəvinin büstünü açıq
elan edirik. Bu abidə xalqlarımızın yaxınlığının, qohumluğunun rəmzinə
çevriləcək. Ölkələrimiz arasındakı münasibətlər heç vaxt indiki kimi yüksək
səviyyədə olmayıb. Bu münasibətlərin müəllifləri isə bizim hörmətli
prezidentlərimizdir”, – səfir qeyd edib.