612c9cd5-505f-49d2-b7ef-bec3b6523582..jpg

BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib – FOTO

Baxış sayı: 988 dəfə baxılıb.

BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib – FOTO

BMT rəsmiləri və mütəxəsislər Azərbaycanın bu beynəlxalq təşkilatın Su
Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada
birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü
yüksək qiymətləndiriblər.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında
Su Konfransı çərçivəsində Azəbaycanın ev sahibliyi və BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın nüfuzlu
Arizona Dövlət Universitetinin təşkilatçılığı ilə “Azərbaycanda transformativ
tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı
sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı
tərəflərin iştirakı və innovasiyanın tətbiqi” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Azərbaycanda DİM ilə bağlı görülmüş işlər barədə məlumat verib və bu məqsədlərə
nail olmaqda qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir bildirib ki, su
ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və su çatışmazlığının
qarşısını almaq üçün Azərbaycan 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə
uyğun olaraq milli su siyasətini formalaşdırıb: “Azərbaycan aşağı axın ölkəsi
olmaqla çox böyük ekoloji təsirlərlə üzləşir. Biz beynəlxalq təşkilatları
yuxarı axında yerləşən dövlətləri BMT-nin Avropa İqtisadi Komissiyasının Su
Konvensiyasını ratifikasiya etməyə və transsərhəd su ehtiyatlarından bərabər və
məsuliyyətli istifadə ilə bağlı ümumi öhdəliklər götürməyə təşviq etməyə
çağırırıq”.

Tədbirdə bir çox ölkələrin (Moldova, Özbəkistan, Qırğızıstan, Belarus,
Türkmənistan, Türkiyə) Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı,
İqtisadiyyat nazirlikləri rəsmilərinin və su sahəsində ixtisaslaşmiş özəl
şirkətlərin təmsilçilərinin, eləcə də, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC-nin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və Beynəlxalq Miqrasiya
Təşkilatlarının nümayəndələrinin, ABŞ-ın Arizona Dövlət Universitetinin
mütəxəsisslərinin DİM ilə bağlı çıxışları dinlənilib, fikir mübadiləsi və
müzakirələr aparılıb.

Çıxışlarda şirin su mənbələrinə əlçatanlığın təmin olunması üçün müəyyən
edilmiş məqsədlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Suyun enerji,
ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi də daxil olmaqla,
inteqrasiyalı idarə edilməsinin bu problemlərin həllində əsas vasitələrdən biri
olduğu qeyd olunub.

DİM-ə nail olmaq və qarşıya qoyulan məqsədləri uğurla həyata keçirmək üçün
maraqlı tərəflərin iştirakı və inklüziv tərəfdaşlıq tələb olunduğu və bu
tədbirlərin səmərəliliyinin təmin edilməsində beynəlxalq təşkilatların
dəstəyinin mühüm rol oynadığı bildirilib.

Eyni zamanda, ötən həftə Ağdamda Azərbaycan hökuməti və ölkədə fəaliyyət
göstərən BMT-nin nümayəndəliyi arasında “İllik Yüksək Səviyyəli Strateji
Məsləhətləşmələr”ə həsr olunmuş toplantı barədə də qonaqlara məlumat verilib.

Çıxış edənlər BMT-nin Su konfransı çərçivəsində Azərbaycanın ev sahibliyi
etdiyi tədbirin vacibliyinə diqqət çəkib və müzakirələri yüksək
qiymətləndiriblər.

Source link