BMT baş katibinin yanlışlığı: Diqqətdən kənarda qalan Fələstin qətnamələri –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 24-də 78 yaşı tamam olan BMT indiyədək dünya güclərinin təsis etdiyi
ən uğurlu təsisatdır. 1945-ci ildə 50 dövlət tərəfindən yaradılan qurum
“Ümumdünya hökuməti” də adlanır. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi,
Antarktida materiki, Qərbi Səhra, dünya okeanı, bütünlükdə yer kürəsinin 80
faiz ərazisi BMT-nin mandat sisteminə daxildir.
Mənzil qərargahı Nyu-Yorkda yerləşən bu qurumun əsas vəzifəsi beynəlxalq
sülhü, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı
inkişaf etdirməkdən ibarətdir.
Bu kimi vəzifəsinə, üzvlər tərəfindən qəbul edilmiş nizamnaməsinə, habelə
prinsiplərinə görə bütün dövlətlər BMT-dən ədalətli davranış və qərar gözləyir,
umurlar.
Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamə 1993-cü ildən 2020-ci ilədək, 27 il ərzində yerinə
yetirilməyib. Bu azmış kimi Azərbaycanın başqa ərazilərinin işğalı ilə bağlı
Ermənistan və havadarlarının planları qurum tərəfindən tənqid edilməyib. 30
illik işğalçılığı dövründə BMT TŞ bu ölkəyə qarşı sanksiya tətbiq etməyib.
Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik
missiyasını üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələri –
ABŞ, Fransa və Rusiya Şuranın 5 daimi üzvləri sırasındadır. Bununla belə
torpaqlar işğaldan azad edilmədi. Azərbaycan ərazilərinin Ermənistanın işğalı
altında qalmasına daha çox Fransa himayədarlıq edib. Bu, özünü sonrakı
hadisələr zamanı da təsdiqlədi.
Rəsmi Paris vasitəçi rolunda çıxış etdiyi dövrdə birmənalı olaraq işğalçının,
Ermənistanın yanında olub. Hətta, 44 günlük müharibədə Azərbaycana qarşı
fəaliyyəti BMT Təhlükəsizlik Şurası kimi əhəmiyyətli qurumun nüfuzuna da zərbə
vurdu.
Fransanın HƏMAS-İsrail müharibəsində tutduğu mövqe heç də birmənalı deyil.
Livan siyasi, ictimai, mədəni və başqa baxımlardan bu ölkənin nəzarəti
altındadır. Ancaq “Hizbullah”ın İsrailin ərazisinə hücumuna mane ola bilmir.
Halbuki, bu qruplaşmanın fəaliyyəti HƏMAS-a yardımdır. Son illər Fransada
antisemitizm meyilləri güclənib. Elə Yelisey sarayının himayə etdiyi
Ermənistanda da İsrailə qarşı çıxışlar olur.
HƏMAS İsrailə hücum etməzdən 4 gün öncə İrəvanda Ümumdünya yəhudi mərkəzi
hücuma məruz qalmışdı.
Odur ki, Fransanın himayəsi altında olan Livan və Ermənistan İsrailə qarşı
mövqe tutur. Prezident Emmanuel Makronun yəhudi dövlətinə və Fələstinə səfəri
hər iki tərəflə bağlı verdiyi “barışdırıcı” çıxışı isə daha çox riyakarlıqdır.
BMT həm də tərəfsizliyi ilə seçilən qurum kimi yaradılıb. Onun baş katibi,
yaxud daimi şurasının 5 üzvündən biri istənilən məsələyə adekvat, yaxud
obyektiv münasibət bildirməyəndə tarazlıq pozulur. Bu da “Ümumdünya hökuməti”nə
etibarı aradan qaldırır.
Oktyabrın 24-də BMT-nin Baş katibi Antonio Quterreş qurumun toplantısında
İsraili ittiham edib, bildirib ki, HƏMAS-a hücum mənasızdır. Başqa sözlə, baş
katib Qəzza zolağına hücumda İsraili ittiham edib. Ancaq bütün mənbələr
oktyabrın 7-də qruplaşmanın İsrail ərazisinə hücumunu təsdiqləyir. Hətta buna
“Əl-Əqsa tufanı” adı da veriblər. İsrail isə HƏMAS-a qarşı “Dəmir qalxanlar”
adlı antiterror əməliyyatına başladığını elan edib. HƏMAS həm də əldə edilən
razılığı pozub. Ancaq baş katib açıqlaması ilə qruplaşmanın bu pozuculuq
fəaliyyətini də ört-basdır edib. Antonio Quterreşin bu çıxışını İsrail hökuməti
və rəsmiləri cavabsız qoymayıb. İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan
bildirib ki, onlar BMT-nin məmurlarına o cümlədən Baş katibin humanitar
məsələlər üzrə müavini Martin Qriffitsə ölkəyə giriş vizası verməyəcəklər.
Bundan başqa İsrail baş katibin istefasını da tələb edib.
Tənqidlərdən sonra Baş katib çıxışına düzəlişlər etməyə səy göstərib. O, “X”
səhifəsində yazıb: “Fələstin xalqının istəkləri HƏMAS-ın dəhşətli hücumlarına
haqq qazandıra bilməz. Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə
cəzalandırılmasına səbəb olmamalıdır”.
Bu, “Ümumdünya hökuməti”nin vəziyyətidir. BMT nə Azərbaycan torpaqlarını
işğaldan azad edə bilib, nə də Fələstinin tanınmış hüquqlarını reallaşdırmaq
gücündədir. Ona görə də Antonio Quterreş beynəlxalq münasibətlərin düyün
nöqtəsi sayılan Fələstin-İsrail münaqişəsi fonunda HƏMAS-İsrail müharibəsinə
bəsit yanaşıb. Bu da təşkilata və onun nüfuzuna zərbə vurub.
Yeri gəlmişkən, 1947-ci il sentyabrın 27-də BMT Baş Assambleyası Fələstin
məsələsi üzrə xüsusi komissiya yaradıb. Komissiya səsverməyə çıxarılacaq
məsələləri müəyyən etməli idi. Komissiyanın işi nəticəsində vahid Fələstin
dövlətinin yaradılması planı rədd edildi, iki müstəqil dövlətin yaradılması
planı təsdiqləndi. Təklif olunan sərhədlər, xüsusən də ərəb dövlətinin
sərhədləri ilkin plana nisbətən əhəmiyyətli dərəcədə dəyişdirildi.
BMT Baş Assambleyası 1947-ci il noyabrın 29-da bu təklifi səsverməyə çıxarıb.
ABŞ, Fransa, SSRİ də daxil olmaqla 33 ölkə planın lehinə səs verib. Türkiyə,
İran, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan daxil olmaqla 13 ölkə planın
əleyhinə çıxıb. Böyük Britaniya, Çin daxil olmaqla 10 dövlət tərəfsiz qalıb.
Tailand isə səsvermədə iştirak etməyib.
Odur ki, baş katib HƏMAS-ın hücumunu, yaxud İsrailin fəaliyyətini
qiymətləndirməkdənsə, Fələstinlə bağlı qəbul edilmiş qətnamələrə diqqət çəksə,
daha məntiqli olardı. Çünki HƏMAS və ya başqa belə bir qurumlar ona görə
mövcuddur ki, BMT-nin qəbul etdiyi qətnamələr reallaşmayıb. Habelə Fələstinə
verilən vədlər yerinə yetirilmədiyi üçün Yaxın Şərq regionu azı 76 ildir “barıt
çəlləyi”ni xatırladır. Dövlətlərin biri-birinə olan hikkəsi, kini Fələstinə
tökülür.
Bu hadisədən həm Fələstin, həm də İsrail əziyyət çəkir. Çünki BMT
Təhlükəsizlik Şurasının Fransa kimi qərəzli, ikiüzlü mövqedə olan üzvü var.
“Ümumdünya hökuməti”nin Yelisey sarayı kimi nümayəndəsi olduğundan Fələstin
məsələsi 80 ilə yaxındır həll edilmir. Çünki əsas mövzu deyil, baş verən hadisə
müzakirə olunur. Elə Antonio Quterreş də təşkilatın 78-ci ilində etdiyi
çıxışında bunu təkrarlayıb. Simptom deyil, xəstəliyi yaradan səbəb müalicə
edilir…
“Report” İnformasiya Agentliyi