Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üzrə görülmüş işlərlə bağlı
iclas keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Nazirlər Kabinetində ”Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın
icrası üzrə görülmüş işlərin nəticələrinə həsr olunmuş iclas keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il
16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın
icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra
vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Bu tapşırıqdan irəli gələrək oktyabrın 24-də Azərbaycan Respublikasının Baş
naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə
nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib. İclasda Dövlət
Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və
işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə
işlərin gedişinə nəzarətin birbaşa operativ və effektiv təmini məqsədilə
yaradılmış çoxfunksional interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri)
Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib, İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı
2023-cü ilin birinci yarımilliyi üzrə “Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin
nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib.
Daha sonra iclasda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndələri tərəfindən görülən işlər barədə məlumat
verilib və Hesabatla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı
müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli
istiqamətlər vurğulanıb.
İclasın yekununda “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası
istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə
hazırlanmış Hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi,
habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında
və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası
prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına
müvafiq tapşırıqlar verilib.