41d9984e-45ac-44b8-8efb-286824594ca8..jpg

“BQXK-nın fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir” – ŞƏRH + FOTO

Baxış sayı: 637 dəfə baxılıb.

“BQXK-nın fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə
hörmətsizlikdir” – ŞƏRH + FOTO

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanda 30 ildən çoxdur fəaliyyət
göstərir. Təşkilat mandatına, missiyasına uyğun olaraq müxtəlif layihələr
həyata keçirib. Bu qurumun bəzi əhəmiyyətli işləri danılmazdır. Amma təəssüf
ki, Birinci Qarabağ müharibəsi dövründə, eyni zamanda 44 günlük Vətən
müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti, həqiqətən,
suallar doğurur”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov
deyib. O qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın
azərbaycanlı itkin düşsə də, BQXK onların taleyi ilə maraqlanmadı:

“30 illik dövr ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin bununla əlaqədar heç
bir nəzərəçarpacaq uğurları olmadı. İtkin şəxslərin axtarışı, taleyinin müəyyən
olunması üçün BQXK addım atmadı.

Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü müstəqil, tərəfsiz təşkilat kimi təqdim
edir. Lakin görünən odur ki, Azərbaycana münasibətdə bu prinsiplər işləmir və
açıq-aşkar pozulur. Təşkilatın Xankəndi ofisi yaradılanda da böyük narazılığa
səbəb oldu. Çünki Azərbaycan hökuməti ilə razılaşdırmadan 2000-ci illərdə
Xankəndidə BQXK-nın ofisi təşkil edildi, separatçı rejimlə saziş bağlandı.
Həmin sazişin nə mahiyyətini, nə də mətnini təşkilat Azərbaycan tərəfində
təqdim etmədi. Komitə guya reallığa istinad edirdi. Sonradan məlum oldu ki,
həmin ofis Bakı ofisinə deyil, İrəvan ofisinə tabedir. Bu isə açıq-aşkar
Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik idi. Bütün dünyanın,
xüsusilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı şəraitdə BQXK
belə bir hörmətsizliyə imza atdı.

Bu yaxınlarda isə “Laçın” sərhəd keçid məntəqəsində, BQXK-nın qaçaqmalçılıq
faktları müəyyənləşdirildi, nəqliyyat vasitələri ilə qadağan edilmiş malların
daşınması məlum oldu. Komitə bunu etiraf etsə də, məsuliyyəti üzərinə
götürmədi. Bu isə anlaşılmaz, məntiqə sığmayan bəyanat idi”.

Deputatın fikrincə, Azərbaycan tərəfinin müraciətlərinə baxmayaraq, BQXK
strukturunda heç bir dəyişiklik etmək istəmir:

“Xankəndi ofisinin tabeçiliyi ilə bağlı məsələ araşdırılıb, müzakirə edilmədi.
Azərbaycan Qarabağın erməni sakinlərinə humanitar təminat üçün alternativ yol
təklif edib. BQXK xeyirxah fəaliyyətini davam etdirmək istəyirsə, mandatına
uyğun olaraq, Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməli, fəaliyyətini
düzgün qurmalıdır.

Azərbaycanda Qızıl Aypara Cəmiyyəti də fəaliyyət göstərir. Bu qurumun
humanitar təminat prosesi ilə məşğul olması istisna deyil. Amma bu
təşkilatların hər ikisi dünyada yaradılmış Beynəlxalq Qırmızı Xaç Qızıl Aypara
Hərəkatının tərkib hissələridir. Onların hər birinin özünəməxsus missiyası,
mandatı və vəzifələri var.

Qızıl Aypara Cəmiyyətinin yerli bölmələri, təcrübəli mütəxəssisləri,
könüllüləri, avadanlıqları mövcuddur. Düşünürəm ki, Azərbaycanın aidiyyəti
qurumları müvafiq qərar qəbul edərsə, Qızıl Aypara Cəmiyyəti Qırmızı Xaç
Komitəsindən geri qalmayacaq fəaliyyət nümayiş etdirə bilər. İstənilən halda,
bütün bunlar BQXK-dan asılıdır. Bu təşkilat Azərbaycanın ərazisində fəaliyyət
göstərirsə, Azərbaycanın irəli sürdüyü təklifləri nəzərə almalıdır,
fəaliyyətini buna uyğun qurmalıdır.

İndiki dövrdə BQXK-nın addımları Azərbaycanın maraqlarına uyğun deyil. Bu
fəaliyyət Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul olunur.
Prezidentİlham Əliyev də çıxışlarında dəfələrlə bunu qeyd edib”.

Aysel Aslan

Source link