b8de1bbf-23f0-43e0-beed-521d503193e4..jpg

Bu gün Cəfər Cabbarlının doğum günüdür

Baxış sayı: 935 dəfə baxılıb.

Bu gün Cəfər Cabbarlının doğum günüdür

Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının
doğum günüdür. Böyük ədibin anadan olmasından 124 il ötür.

Cixisyolu.com dahi şairin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən
Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.

Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı
hissəsində yaşayıb. Hələ ibtidai sinifdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman
Sani Axundov kimi müəllimlərinin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da
qüvvətlənir. Beləliklə o, da şeir yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə
yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır.

C.Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ildə çap
edilmiş “Bahar” və “Əl götür” şeirlərindən deyil, “Həqiqəti-Əfkar” qəzetinin
noyabrın 5-i 1911-ci il tarixli 2-ci nömrəsində dərc edilmiş “Eşidənlərə“ və
“Şücaətim” şeirlərindən başlamaq lazımdır.

1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata,
sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz
yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi
və ya Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan
səhnəsini düşündürən əsərlər yazır, lirik və satirik şeirlərlə, bir sıra
hekayələrlə müxtəlif mətbuat orqanlarda çıxışlar edir.

“Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun
çiçəklər” pyesini yazır.

C.Cabbarlının “Oqtay Eloğlu”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Sevil”, “Almaz”,
“Yaşar”, “Dönüş” və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya
qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.

C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində
yazır ki, “Cəfər səhhətinin pisləşməsinə baxmayaraq, çox gərgin işləyirdi.
Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa
da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi.
İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə
əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin
sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat edib”.

C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və
sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və
incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün “Cəfər Cabbarlı
mükafatı”nı təsis edib.

Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə
təqdim edilib.

Source link