0daca885-ad2e-468e-a9bb-25cd154d03b2..jpg

Bu gün dahi bəstəkar Asəf Zeynallının anım günüdür

Baxış sayı: 754 dəfə baxılıb.

Bu gün dahi bəstəkar Asəf Zeynallının anım günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
Bu gün dahi bəstəkarın anım günüdür.

Cixisyolu.com xatırladır ki, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulub. Yeddi yaşı
olanda anası onu Dərbənd Realnı məktəbinə qoyub. O, burada uşaq xorunda oxumağa
başlayıb, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr
yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin
tərkibində klarnet çalmağa dəvət edilib.

Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçüb. O, əvvəlcə hərbi məktəbin
nəzdindəki nəfəsli orkestrdə truba çalmağı öyrənib, sonra Bakı Musiqi
Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb. “Truba üçün
pyes”ini 14 yaşında texnikumda özü ifa edib.

Asəf Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunu, 1931-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun
sinfini bitirib. 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi
bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib.
Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.

23 il ömür sürməsinə baxmayaraq, Asəf Zeynallı milli musiqi sənətində silinməz
iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”,
“Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin
inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, skripka və
piano üçün “Muğamsayağı”, iki fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr
tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan
musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş
aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.

O, həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının
“Sevil”, “Qayıdış”, X.Nəzirli və S.Rüstəmin “Alov”, A.Həmidin “Hind qızı”,
V.Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib, “Uşaq süitası” əsəri
ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını
qoyub. Asəf Zeynallı 70-ə yaxın Azərbaycan xalq mahnısını nota alıb. Cəfər
Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

A.Zeynallı Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa
səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar
müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son
simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş
edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə, yaradıcılığının inkişaf etdiyi
bir dövrdə, yatalaq xəstəliyindən vəfat edir. Çəmbərəkənd qəbiristanlığında
dəfn olunur, sonralar qəbri “Qurd qapısı” qəbiristanlığına köçürülür. Məzarının
baxımsız vəziyyətdə olması bir neçə dəfə Azərbaycan mediasında gündəmə gəlib və
tənqid edilib.

Asəf Zeynallı musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub. Asəf Zeynallı
1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt
ailə həyatı qurmayıb.

Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Source link