15230a62-d008-4c0c-8e07-f0cb61f64170..jpg

Bu gün “Gəray bəy” obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Baxış sayı: 899 dəfə baxılıb.

Bu gün “Gəray bəy” obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum
günüdür

Azərbaycan teatr və kino aktyoru və rejissoru, Xalq artisti Həsənağa Turabov
24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub.

Cixisyolu.com xəbər verir ki, H.Turabov 31 saylı orta məktəbi bitirdikdən sonra
Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası
üzrə ali təhsilini başa vurub.

Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və
ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru
və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı
təmir edilib, neçə-neçə klassik və müasir əsər səhnəyə qoyulub.

O, səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə
seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil
İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə
yaratdığı rollar arasında “Vahid” (“Kəndçi qızı”), “Azər” (“Yaxşı adam”),
“Hamlet” (“Hamlet”), “Lionel” (“Orman qızı”), “İsgəndər” (“Ölülər”), “Xəyyam”
(“Xəyyam”) xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində
maraqlı və yaddaqalan surətlər yaradıb.

“Yeddi oğul istərəm” filmindəki “Gəray bəy” obrazı onun ən yaddaqalan
rollarındandır. Onun digər bir yaddaqalan rolu “Babək” filmində yaratdığı
“Afşin” obrazıdır. Həsən Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”,
“Ürək… Ürək…”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin
oğurlanması” və başqa filmlərdəki rolları da ifa tərzilə seçilir. “Qanlı zəmi”
filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm
İbrahimbəyovla Ramiz Həsənoğlunun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu
dünya…” filmləri olub.

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə
əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə
yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək
sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Həsənağa Turabov 2003-cü ildə vəfat edib. O, “Qurd qapısı” qəbiristanlığında
dəfn olunub.

Source link