65b1a512-d022-475b-afb1-f7873613906e..jpg

Bu gün Nəcəf bəy Vəzirovun doğum günüdür

Baxış sayı: 988 dəfə baxılıb.

Bu gün Nəcəf bəy Vəzirovun doğum günüdür

Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, onun ideya-estetik məzmun
bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın
yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və
ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf
bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub,
feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının
genişlənməsində yaxından iştirak edib.

Cixisyolu.com xatırladır ki, bu gün görkəmli ədib Nəcəf bəy Vəzirovun anadan
olmasının 169-cu ildönümü tamam olur.

Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Azərbaycanın dilbər guşəsi olan Şuşa
şəhərində dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy
xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb. Nəcəf özü
də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub. Anasının arzusu bu
idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin
səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün
yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda
oxuyub-yazmağı öyrənib.

Vəzirov ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra
Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə
oxuya bilmir. Burada erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz
döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. O, 1868-ci ildə
Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci
sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini
qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi
tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N.Vəzirovun böyük Azərbaycan alimi o zaman gimnaziyada
dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir
göstərir. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O
çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar,
onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz
Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus
klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış
olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873-cü ildə
altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə
nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

N.Vəzirov 1874-cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün
Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə
Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin
attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən
Moskvaya qayıdır və sentyabrda Petrovski-Razumovski Meşə və Təbiətşünaslıq
Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş
kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə
təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi
milli-azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir
inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil
aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli
təşkilatlarında iştirak edir. Hətta 1878-ci ildə H.Zərdabinin təşəbbüsü ilə
“İmdadiyyə” adlı dərnək təşkil edir. 1878-ci ildə N.Vəzirov
Petrovski-Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla
Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü
dərəcəli meşəbəyi təyin olunur. 1880-ci ilin iyul ayına qədər burada çalışır.
Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican
nahiyəsinə meşəbəyi təyin olunur. 1887-ci ilə qədər burada çalışıb yenidən iş
yerini Yelizavetpol quberniyasına dəyişir. 1890-cı illərin əvvəllərindən
başlayaraq Rusiyada inqilabi-azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar
Petrovski-Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar
olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən
azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə
çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə
Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu
işlərin heç biri N.Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib
vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı
düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”,
“Müsibəti-Fəxrəddin”, “Pəhləvanı-zəmanə” kimi klassik əsərlərini yaradır.
N.Vəzirov 1903-cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif
şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə
birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə
ocaqlarının açılması işində yaxından iştirak edir.

1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün
münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”,
“İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə
“Balaca mütəfərrəqələr” başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai
eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik
edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün
yorulmadan fəaliyyət göstərir.

1913-cü il noyabrın 15-də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi
fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir.
Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və
fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın
görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq
yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar
oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq
ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii
yaradıcılıq sahəsində daha fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc”
komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan
Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız
məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib. Azərbaycanda
aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim
işləyib.

Nəcəf bəy Vəzirov 1926-cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün
tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13-də orada ürək
çatışmazlığından vəfat edib.

Source link