Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur.
Cixisyolu.com Xalq şairinin əziz xatirəsini dərin hörmətlə yad edir.
Böyük sənətkar Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu
kəndində anadan olub. O, ilk təhsilini elə həmin kənddə alıb. 1954-cü ildə
Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1954-cü ildə ali təhsilini başa vuran
Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə
başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş
Mətbuat İdarəsində müvəkkil işləyib. O, 1961-ci ildə Moskvada Maksim Qorki
adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
M.Araz bir çox mədəniyyət sahəsində fəaliyyət göstərib. O, Azərbaycan Dövlət
Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun
müavini vəzifələrində çalışıb. Bundan başqa, “Ulduz” jurnalında məsul katib,
“Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-81-ci
illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən
Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş
redaktoru olub. Xidmətlərinə görə Məmməd Araza 1978-ci ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adı verilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin
Fəxri Fərmanı ilə təltif olunan böyük şairi 1995-ci ildə ümummilli lider Heydər
Əliyev “İstiqlal” ordeninə layiq görüb.
Məmməd Araz həm də 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın
laureatıdır. 1993-cü ildən isə görkəmli şairimizin adına “Məmməd Araz” mükafatı
təsis olunub.
Məmməd Araz təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli
ədəbiyyatımızı yeni mərhələyə çıxaran görkəmli şəxsiyyətlərdən biridir.
Azərbaycan fəlsəfi və siyasi lirikası onun sayəsində daha da zənginləşib.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi
Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Təsadüfi
deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da,
onun təkrarsız istedadı 1970-ci illərdə, ulu pndərin Azərbaycana rəhbərliyinin
birinci dövründə parlayıb. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”,
“Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım,
illərim” kitabları olub. Bu kitablardakı əsərlərinin böyük hissəsi xarici
dillərə tərcümə edilib.
Böyük sənətkarımız 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri
xiyabanda dəfn olunub.
Onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident
İlham Əliyevgörkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin
keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Bakı metrosunun “Gənclik” stansiyası yaxınlığında, Atatürk prospekti ilə
kəsişən küçəyə Məmməd Arazın adı verilib.