Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür

Baxış sayı: 526 dəfə baxılıb.

Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür

Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu
Cavanşirin anadan olmasından 122 il ötür.

Xan Şuşinski 20 avqust 1901-ci ildə Şuşada anadan olub. Ailəsinin Qarabağ
xanları nəsli ilə qohumluq əlaqəsi var.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə
təbrizli xanəndə Əbülhəsən xan İqbalın yolu ilə “Kürd-Şahnaz” muğamını
heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını
verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və
Seyid Şuşinskinin böyük təsiri olub.

Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan
Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə
yaxından dost olub. Əbülhəsən xan vallarından birində “Hümayun” muğamını
oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini
genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün
gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar
Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.

Xanın repertuarında “Mahnur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” dəsgahları,
“Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq
mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi
bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata
keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilib. Bundan
sonrakı illərdə böyük məşhurluğa sahiblənib, bir çox ölkələrdə və şəhərlərdə
qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun “Azərbaycan” poemasında da
adı keçib.

1934-cü ildə Xan Şuşinski Tbilisi şəhərində keçirilən Zaqafqaziya xalqlarının
birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci
mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini
yüksək səviyyədə və layiqincə təmsil edib.

1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq
görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü
ildəMəhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər
zamanı Tehran da daxil olmaqla, dörd şəhərdə konsert verib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası”
yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının
yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini
yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları”
mahnıları dillər əzbəri olub.

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu
mənada Üzeyir Hacıbəyovun “Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını
yüksək zövqlə oxuyaraq yaşadıb. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir
bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də
xanəndənin ifasında mahnıları, xüsusilə “Qara göz”ü dinləməkdən zövq alıb.

Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi
Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240
dəqiqəlik lent yazısı qalıb.

Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn
olunub.

Source link