e08a8535-745d-4f04-93aa-817f5f0c6cd6..jpg

“Business Türk”ün baş redaktoru: “Türkiyənin son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur”

Baxış sayı: 949 dəfə baxılıb.

“Business Türk”ün baş redaktoru: “Türkiyənin son 20 illik fəaliyyəti kitablara
sığacaq qədər çoxdur”

“Türkiyənin son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyədə fəaliyyət
göstərən “Business Türk” jurnalının baş redaktoru, qırğız əsilli Türkiyə
vətəndaşı Muhammed Ruzubay bildirib.

“Qurucu öndər Mustafa Kamal Atatürkün prinsipləri əsasında yaradılan Türkiyə
Cümhuriyyəti bu il 100-cü yaşının tamamında çox önəmli bir dönəmini
yaşamaqdadır. İldən-ilə inkişaf edən Türkiyə Cümhuriyyəti bu seçki ilində
önəmli bir dönüş olaraq tarixə keçəcək”, – baş redaktor qeyd edib.

Türkiyə Cümhuriyyətinin 100 illik dövründəki fəaliyyətlər və son 20 ilin
əhəmiyyəti barədə danışan Muhammed Ruzubay deyib ki, dünyanın ən böyük,
uzunömürlü imperiyalarından biri olan Osmanlı İmperatorluğunun mirası üzərində
qurulan müasir Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün prinsipiallığı,
dünyaya baxışı sayəsində möhkəm təməllərə əsaslanıb.

“Türkiyə Cümhuriyyətinin konstitusiya hüququnun formalaşmasında Azərbaycan
türkü Əhməd Ağaoğlunun da böyük xidmətləri olub. Mustafa Kamal Atatürk tarixin
ən böyük milli qurtuluş savaşlarından birinə rəhbərlik edərkən, digər tərəfdən,
quracağı yeni, gənc, dinamik Türkiyə Cümhuriyyətinin prinsiplərini
müəyyənləşdirib”, – o əlavə edib.

Möhkəm təməllər üzərində qurulan bu dövlətin xarici bədxah qüvvələr tərəfindən
dəfələrlə dağıdılmasına cəhdlərin edildiyini bildirən Muhammed Ruzubay son 20
ildə müasir Türkiyə siyasətinin lideri Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyi
sayəsində bunların qarşısının alındığını və daha müqavimətli, əzmli bir
dövlətin inşa edildiyini bildirib:

“Xüsusilə türk dünyası ilə əlaqələrin bərpasına və möhkəmlənməsi yönündə
yürütdüyü siyasətlə cənab Ərdoğan Türkiyənin qüdrətini artırdı. Türk
respublikalarının 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə
etmələri daha çox Türkiyəni sevindirdi. Türkiyə bu qardaş dövlətlərin
müstəqilliyini tanıyan və səfirliklərini açan ilk ölkə oldu. Ən son da Türk
Dövlətləri Təşkilatı olaraq formalaşan quruluşa üzv olan Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi üzvü Türkmənistanla Türkiyənin
əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Digər tərəfdən, Azərbaycanın
qurucu lideri mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” devizi,
qardaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri zaman keçdikcə daha da
geniş vüsət aldı və nəhayət, böyük bir möcüzə ilə 2020-ci ildə Qarabağ zəfəri
ilə taclandı”.

Muhammed Ruzubay bildirib ki, Türkiyənin hazırda qardaşlıq bağları ilə bağlı
olduğu Azərbaycana böyük dəstəyi də təqdirəlayiqdir:

“Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə
Respublikasının Prezidenti Ərdoğana və bütün türk xalqına göstərdiyi böyük
sevgi, etimad və dəstək ən yüksək səviyyədədir”.

O qeyd edib ki, hazırda Türkiyənin xarici siyasətinin ən mühüm hissəsini
qardaş türk dövlətləri və Rusiya ilə sıx dostluq münasibətləri təşkil edir:

“Cənab Ərdoğanın Rusiya Prezidenti Putinlə səmimi dostluğu, enerji, taxıl
daşımaları və Türkiyədə Akkuyu atom elektrik stansiyasının Rusiya tərəfindən
inşa edilməsi, rus iş adamlarının Türkiyəyə böyük sərmayə qoyması və turist
sayında lider ölkə olması, ayrılmaz iqtisadi əlaqələr şəbəkəsi bu iki ölkənin
dostluğunda da öz əksini tapıb. Bu baxımdan Türkiyənin türk dünyası və Rusiya
ilə dostluq və qardaşlıq bağlarının daha da güclənəcəyinə inanıram”.

Muhammed Ruzubay sonda onu da qeyd edib ki, Türkiyənin ümumilikdə son 20 illik
fəaliyyəti kitablara sığacaq qədər çoxdur:

“Türkiyə inkişaf edib. Yeni avtomobil yollarından dəmir yolu şəbəkəsinə, yeni
hava limanlarından Marmaray və Avrasiya tunelinə, yeni su bəndlərindən kütləvi
yaşayış layihələrinə qədər yüzlərlə layihə icra olunub”.

Source link