Ceyhun Bayramov FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb – FOTO

Baxış sayı: 852 dəfə baxılıb.

Ceyhun Bayramov FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb – FOTO

20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin
olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

İlk növbədə təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova
təqdim olunub. Nazir Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində
uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə
olunub.

Nazir Ceyhun Bayramov, hazırki beynəlxalq konyunkturada ərzaq
təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışaraq, bu xüsusda
FAO-nun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Ölkəmizdə kənd
təsərrüfatı sahəsinin inkişaf potensialından istifadə olunması, ərzaq
təhlükəsizliyinin gücləndirilməsi istiqamətində FAO ilə həyata keçirilən birgə
layihələr məmnunluqla xatırlanıb. Azərbaycanla FAO arasında Tərəfdaşlıq
Proqramının perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfindən işğaldan azad olunmuş
ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən kənd
təsərrüfatına ciddi təhdid olan mina təhlükəsi barədə qarşı tərəfi ətraflı
məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərimizin “ağıllı şəhər” və “ağıllı
kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdıran nazir Ceyhun
Bayramov, həmin ərazilərin böyük kənd təsərrüfatı potensialına malik olduğunu
bildirib. Bu xüsusda, mövcud potensialdan istifadə məqsədilə beynəlxalq
tərəfdaşlar, o cümlədən FAO ilə əməkdaşlıq imkanları qeyd olunub.

Muhammad Nasar Hayat, Azərbaycan və FAO arasında geniş əməkdaşlıq gündəliyinin
mövcudluğunu məmnunluqla qeyd edərək, bu xüsusda münasibətlərin daha da inkişaf
etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Kənd
təsərrüfatının inkişafında innovasiyaların tətbiqi sahəsində Azərbaycan
tərəfindən görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata
keçirilmiş təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Source link