Ceyhun Bayramov Tehranda “3+3” platformasının iclasında bəyanatla çıxış edib –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
23 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İran İslam
Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər
səviyyəsində keçirilən birinci görüşündə iştirak və çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir çıxışında qeyd olunan formatın regional problemlərə region ölkələri
tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.
Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq,
regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi
naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala
malik olduğunu bildirib.
Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi
suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin
toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.
Nazir çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı
ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının
yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani
şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin
region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada
tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb.
Regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində
deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış
geniş potensialdan faydalanmaq üçün də vacib olduğunu diqqətə çatdırıb.
Region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət
qarşılıqlı asılılığa təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək
baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu qeyd edib.
Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan
Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə
nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi
əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması
və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında
qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat
və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını
yaradacağını vurğulayıb.
Nazir çıxışında Azərbaycan ərazilərinin işğalına son qoyulması və
suverenliyimizin tam bərpasının Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb.
Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin,
ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və
hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm
də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa
imkan yaradacağını bildirib.
Nazir çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına
qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha
diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə
yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv
yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha
əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.
19:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” platformasının
XİN rəhbərlərinin iclasında bəyanatla çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesablarında
məlumat yayıb.
Nazir bəyanatında region ölkələri arasında praqmatik, nəticəyönümlü və
qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
Foreign Minister of #Azerbaijan
@Bayramov_Jeyhun
attended and delivered a statement at the Consultative Regional Platform “3+3”
in#Tehran
Minister has emphasized that pragmatic, result-oriented and mutually
respectful cooperation among the regional countries is a must.
pic.twitter.com/Wt6GcACK6X
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 23, 2023
17:49
İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan,
İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüş başlayıb.
Bu barədə ISNA xəbər verir.
Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov
təmsil edir.
Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində
regional əməkdaşlıq məsələləri müzakirə edilir.
Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxildir. Lakin rəsmi Tbilisi
Tehran görüşündə iştirak etmir. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş
tutan ilk görüşündə də iştirak etməyib.
11:31
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3”
formatında nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına
işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN məlumat verib.
Qeyd olunur ki, səfər çərçivəsində Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də
ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
09:42
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda
“3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya,
Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər
Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.
Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3”
regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə
ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan
Moskvada baş tutub.
Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə
keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji
sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.