Çinin yeni rolu: Qərbə qarşı güc mərkəzi – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çin bir çox göstəricilərinə görə dünyanın güc mərkəzinə çevrilir. Artıq
beynəlxalq aləmdə onun irəli sürdüyü təkliflərə önəm verilir. Əvvəllər
sovetlərin, sonra Rusiyanın yardımçısı kimi görünən bu ölkə indi görünməyən
əllərlə bir sıra hadisələrin aparıcısı rolunda çıxış edir.
45 il əvvəl Çin Kommunist Partiyasının lideri Den Syaopinin rəhbərliyi altında
başlayan islahatlar nəticəsində ölkənin qapıları xarici aləm üçün açıldı. Bu o
zaman üçün ciddi sayılmayan sosialist bazar iqtisadiyyatının qurulmasına səbəb
oldu. Kiçik biznesin inkişafına şərait yaradıldı. İqtisadi sahədə islahatlar
aparan rəsmi Pekin siyasi sistemlə bağlı dəyişikliyə ehtiyac duymadı.
Milyonları qazanmaq üçün şərait yaradan Çin hakimiyyəti siyasi məsələyə qarşı
sərt davranıb qırmızı işıq yandırdı, “siyasətlə məşğul olmaq istəyən qarşısında
hakimiyyəti görəcək” tələbini irəli sürdü.
“HurunReport” Araşdırma Agentliyinin məlumatına əsasən, Çin ən varlı
insanların sayına görə dünyada birinci yerdədir. 2022-ci ildə ölkə üzrə 1
100-dən çox dollar milyarderinin olduğu bildirilib. Bu ölkənin əsas
iqtisadi-ticarət tərəfdarı ABŞ və Avropa İttifaqıdır. 2022-ci ildə tərəflər
arasında iqtisadi ticarət dövriyyəsinin həcmi 1,6 trilyon dollar olub ki, bu da
Rusiya ilə oxşar əlaqədən səkkiz dəfə çoxdur. Hesabat dövründə ABŞ ilə xarici
ticarət əlaqəsi tarixi rekord həddə – 690,59 milyard dollar çatıb. ÇXR ticarət
həcmi üzrə ABŞ-nin üçüncü tərəfdaşıdır. Əvvəlki ilk yeri Meksika və Kanada
tutur. Başqa sözlə, ABŞ-nin xarici ticarət əlaqəsinin 13 faizi Çinin payına
düşür. Yeri gəlmişkən, Çinlə Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin
birinci yarısında 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 40,6 faiz artaraq
114,54 milyard dollar təşkil edib. Qeyd edək ki, Çinin xarici ticarət əlaqələri
hesabat dövründə ötən illə müqayisədə 4,7 faiz düşərək 2 trilyon 918 milyard
dollar, ixracat 3,2 faiz azalaraq 1 trilyon 663 milyard dollar, idxalat isə 6,7
faiz azalaraq 1 trilyon 255 milyard dollar olub.
Çin ABŞ-nin dövlət istiqrazlarının ən böyük sahiblərindəndir. 2015-ci ilin
əvvəlində Yaponiyaya məxsus dövlət istiqrazlarının məbləği 1 trilyon 224
milyard 400 milyon dollar, Çinin istiqrazlarının məbləği isə 1 trilyon 223
milyard 700 milyon dolları təşkil edib. ABŞ-nin Çinə 1 trilyon 100 milyard
dollar borcu var. Ümumi daxili məhsulun həcmi 2021-ci ildə 16 trilyon 520
milyard dollar təşkil edib. Bu göstəriciyə görə də ÇXR dünyada ikinci yerdədir.
Mütəxəssislər bildiriblər ki, indiki şəraitdə rəsmi Pekinin borcunun ödənilməsi
ilə bağlı tələblər irəli sürməsi Vaşinqtona sərfəli deyil. Bunun ABŞ-nin
maliyyə sistemi və iqtisadiyyatına əhəmiyyətli təsiri ola bilər. Bir çox
iqtisadi göstəricilərə əsasən, Çin iqtisadiyyatı ABŞ-ni üstələyir.
Hesablamalara əsasən, 2030-cu ildə Çin iqtisadiyyatı Birləşmiş Ştatları geridə
qoyacaq. Dünya iqtisadiyyatı ilə bağlı bir çox sahələrdə ABŞ-dən sonrakı yeri
Çinin tutduğunun şahidi oluruq.
Son illər dünyanın siyasi səhnəsində baş verən hadisələrdə də onun adı tez-tez
hallanır. Düzdür, rəsmi Pekin qlobal miqyasda heç bir münaqişənin müəllifi və
ya həmmüəllifi sayılmır, ancaq toqquşan maraqlarda tərəflərdən birini müdafiə
edir, yaxud dəstəkləyir. Rusiya-Ukrayna müharibəsinə münasibətdə isə Çin özünü
gizlədə bilməyib. O, Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə
etməyib. Ümumi təhlükəsizlik və sabitlik mövqeyindən çıxış edib. Son bir ildə
Rusiyadan neft və təbii qazın idxalını artırmaqla da iqtisadi və siyasi
maraqlarını uzlaşdırıb.
Çin Körfəz Ərəb Dövlətləri İqtisadi Şurasının üzvləri ilə də iqtisadi-siyasi
sahədə əlaqələri genişləndirir. Rəsmi Pekin bununla region ölkələri üçün
alternativ güc kimi özünü təqdim edir. Bu ilin martında İranla Səudiyyə
Ərəbistanı arasında münasibətlərin normallaşmasında Çinin vasitəçilik rolu da
bunu təsdiqləyir. Regionun aparıcı oyunçularından sayılan İranla Çin arasında
25 illik müqavilə onun regionda artan roluna örnək sayıla bilər. Bundan başqa,
Tehran hakimiyyətini siyasi platformada da Pekin müdafiə edir.
İsrail Çinin müstəqilliyini tanıyan ilk Yaxın Şərq ölkəsi olub. Ancaq 1992-ci
ilədək tərəflər arasında normal diplomatik münasibət qurulmayıb. Həmin tarixdən
sonra Çinlə İsrail arasında iqtisadi, hərbi, texnoloji əməkdaşlıq inkişaf edib.
Müqayisə üçün qeyd edək ki, 1992-ci ilədək tərəflər arasında ticarət
dövriyyəsinin həcmi 50 milyon dollar, 2013-cü ildə isə bu rəqəm 10 milyard
dollardan artıq olub.
“Financial Times”ın yazdığına əsasən, Vaşinqton Çindən İsrailin Qəzza
zolağında quru əməliyyatlarını genişləndirərək sakitlik yaratmaq, münaqişələrin
yayılmasının qarşısını almaq üçün İran və Yaxın Şərqin başqa ölkələri ilə
əlaqələrindən istifadə etməsini istəyib. Məlumata görə, bu məsələ Çinin xarici
işlər naziri Van İnin Vaşinqtona üçgünlük səfəri zamanı qaldırılıb. Adı
açıqlanmayan ABŞ-nin yüksəkvəzifəli məmuru bildirib: “Çinin region ölkələri ilə
yaxşı münasibətləri var. Biz hesab edirik ki, bu əlaqələr hər tərəfdə sabitlik
yaratmaq üçün istifadə edilməlidir”. İsrail isə HƏMAS-a qarşı tənqidi mövqe
tutmadığına görə rəsmi Pekini tənqid edir.
Uzaq Şərqdə də Çin ABŞ-nin, yaxud Qərbin maraqlarına alternativ kimi çıxış
etməyə səy göstərir. Bu, Şimali Koreya məsələsində özünü daha qabarıq
göstərməkdədir. Mərkəzi Asiya ölkələri arasında bir sıra sahələrdə Çin Rusiyanı
əvəzləyir. Pakistanla münasibətlərini genişləndirir. Ətraf ölkələr üçün həm də
siyasi-ideoloji mərkəz rolunu oynayır. Hindistanda silahlı hücumlar təşkil
edənlər özlərini maoçu sayırlar.
Bir zamanlar dünya kommunistlərinin sponsoru, himayəçisi Moskva, ideyası
marksizm-leninizm idisə, indi bunu Pekin və marksizm-maoizm əvəzləyib.
HƏMAS-İsrail müharibəsində də Çin anti-Qərb mövqeyi sərgiləyir. O, Rusiya ilə
birlikdə BMT Təhlükəsizlik Şurasında ABŞ-nin Yaxın Şərqə dair irəli sürdüyü
qətnamə layihəsinin əleyhinə səs verdi. Buna görə HƏMAS rəsmi Pekinə
təşəkkürünü bildirdi. Bütün bu kimi amillər keçmiş SSRİ və Rusiyadan sonra indi
Çinin anti-Qərb blokuna başçılıq etdiyini deməyə əsas verir. Başqa sözlə, Çin
Rusiya, İran, Şimali Koreya, Suriyadakı Bəşər Əsəd hakimiyyəti, habelə Latın
Amerikasındakı solyönlü rejimlərin lideri rolunu ifa edir.
Beləliklə, Çin Qərbə qarşı yeni qüvvə mərkəzinə çevrilib. Ancaq onun da başı
bəlasız deyil. Çinin Tayvan boyda bir dərdi, 1 milyard 411 milyon sakini var.
Yəni ÇXR qeydiyyatda olan 1,5 milyarda yaxın insanı yedizdirmək üçün
müharibəyə, münaqişələrə açıq şəkildə müdaxilə etmir. Hətta Hindistanla
arasındakı ərazi məsələsinə də səbirlə dözür. Bütün bu problemləri və güclü
iqtisadiyyatı ilə Çin dünya birincisi ola bilmir. Çünki ətrafındakı qüvvələr
ondan zəifdir. Bu da ona Qərbə qarşı alternativ güc mərkəzi rolunda oynamağa
imkan vermir.
“Report” İnformasiya Agentliyi